Birinci qrup Qarabağ əlili yoxa çıxıb

“Əgər doğrudan da axtarsaydılar, çoxdan hər şey ortaya çıxardı”

Source: Meydan TV


Bacısı: “Gənc yaşında həyatı alt-üst oldu, Vətəni üçün canını verən adama belə münasibət göstərilməməliydi…”

Masallı rayonunun Qızılağac kənd sakini, Birinci Qarabağ Müharibəsində sağlamlığını itirmiş Səməd Əsgərovdan doğmaları 14 ildən çoxdur ki, heç bir məlumat ala bilmir. 2007-ci ilin iyunundan yoxa çıxan Qarabağ əlilinin bu günə qədər nə ölüsündən xəbər var, nə də dirisindən.


“Qardaşımın oğurlanıb öldürülməsindən şübhələnirik”

Meydan TV-yə danışan bacısı Rəsaqət Hüseynova iddia edir ki, hüquq-mühafizə orqanları bu işə ciddi yanaşsaydılar, çoxdan ortada nəticə olardı. Onun sözlərinə görə, Səməd Əsgərovun yoxa çıxmasında şübhələndikləri adamlar olub. Həmin şəxslərin adlarını da hələ illər öncə hüquq-mühafizə orqanlarına təqdim ediblər: “Biz əvvəldən demişdik ki, qardaşımın itkin düşdüyünü düşünmürük. Onun oğurlanıb öldürülməsindən şübhələnirik. Çünki bundan bir müddət əvvəl o adamlar qardaşımı köməksiz vəziyyətdə vəhşicəsinə döymüşdülər”.

1971-ci il təvəllüdlü Səməd Əsgərov hərbi xidmətini Murmansk vilayətində çəkib. Bacısı danışır ki, 1992-ci ildə – 3 illik hərbi xidmətdən qayıdandan təxminən iki ay sonra Azərbaycanda səfərbərlik dövründə müharibəyə yollanıb. Laçında başından yaralanıb: “Bizim xəbərimiz olmamışdı. Qardaşım meyitlərin arasında olub. Zarıltı səsi eşidəndə görüblər ki, bu sağdır. Beş dəfə başından əməliyyat olundu. Başının bir tərəfini qəlpə aparmışdı. Əməliyyat zamanı ora sümük kimi nəsə qoydular ki, başın dərisi beyinə dəyib şok verməsin. Beləcə, gənc yaşında həyatı alt-üst oldu. Vətəni üçün canını verən adamın aqibəti belə olmamalıydı, ona belə münasibət göstərilməməliydi…”


“Qardaşımı o qədər döyüblər, üz-gözü qan içində olub”

Səməd Əsgərov həyata qayıtsa da, sərbəst hərəkət edə bilməyib. Kənddə 78 yaşlı anasıyla birlikdə yaşayan Qarabağ əlili ildə iki dəfə müalicə alırmış ki, hərəkət qabiliyyətini tam itirməsin. Rəsaqət Hüseynovanın sözlərinə görə, 2007-ci ildə anası yıxılıb, ayağı əzildiyinə görə xəstəxanaya yerləşdirilib: “O iki-üç gün ərzində qardaşım kənddə evdə tək, baxımsız qaldı. Çünki ona anam qulluq edirdi. O müddətdə qardaşım qonşunun həyətinə gedib ki, yeməyə nəsə istəsin. Həmin qonşunun iki oğlu bilib ki, Səməd onların həyətinə gəlibmiş. Axşam gəlib bizim evimizdə qardaşımı o qədər döyüblər, üz-gözü qan içində olub. Kənddəki bacım bunu eşidib, gəlib deyib ki, xəstə adamdır, onu niyə bu vəziyyətə salmısız? Deyiblər ki, “yaxşı eləmişik”. Polisə ərizə veriblər ki, guya həyətlərinə oğurluğa girmişdi. O yazıq paltarlarını güclə geyinirdi…”

Rəsaqət Hüseynova bildirib ki, bu hadisə 2007-ci il mayın 28-də olub. Üstündən üç gün keçəndən sonra Səməd Əsgərov yoxa çıxıb. Bacıları onu axtaranda kəndin icra nümayəndəsi deyib ki, şikayət vardı, ona görə Lənkərandakı ruhi-əsəb dispanserinə yerləşdirilib: “Bacım dərhal dispanserə gedib, yemək və paltar aparıb. Onun apardıqlarını götürüblər, amma görüşməyə qoymayıblar. Deyiblər ki, ona iynə vurulub, yatıb. Bacım iki gün sonra yenidən gedəndə bildiriblər ki, evə buraxılıb. Bacım deyib ki, axı evə gəlməyib. Deyiblər ki, gedin, gəlib çıxar. O gələn, bu gələn, indiyə qədər qardaşımdan xəbər yoxdur”.

photo-2021-10-25-11-56-24.jpg
Masallı Rayon Prokurorluğundan cavab mə


“Dedilər ki, Hövsan qəbiristanlığında naməlum meyit var, getdim…”

Ailə birinci qrup əlilin başına gələnlərlə əlaqədar Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Ərizədə son günlərdə baş verən hadisələrin hamısını yazıblar. Onlar qonşudakı qardaşlardan tutmuş, icra nümayəndəsinə qədər hər kəsin çağrılıb dindirilməsini istəyiblər.

Rəsaqət Hüseynova deyir ki, o biri qardaşı da Qarabağ qazisi idi. Səməd Əsgərovdan fərqli olaraq, o, polis idi, müharibəyə də könüllü şəkildə getmişdi. 90-cı illərdə müharibədən qayıtsa da, qardaşı yoxa çıxmamışdan bir müddət əvvəl vəfat edib.

“Səməd heç yerdə qalan deyildi. 15 ildir ki, kağız üzərində axtarırlar. Əgər doğrudan da axtarsaydılar, çoxdan hər şey ortaya çıxardı. İki il əvvəl zəng gəldi, dedilər ki, Hövsan qəbiristanlığında kimliyi məlum olmayan meyit var. Getdim, dedim ki, qardaşımın başında nişanı var. Dəri nə qədər çürüsə də, sümük qalır. Nəşi çıxaranda başından bildilər ki, o deyil”, – bacısı yada salır.

Rəsaqət Hüseynova əlavə edib ki, ötən illər ərzində polis, prokurorluq orqanlarına, Prezident Administrasiyasına onlarla məktub və teleqramlar göndərib. Lakin heç bir nəticəsi olmayıb.


Prokuror: “Çoxsaylı əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq…”

Obyektiv və hərtərəfli araşdırma aparılmadığını deyən Rəsaqət Hüseynovanın bu barədə Baş Prokurorluğa ünvanladığı şikayət məktubu Masallı Rayon Prokurorluğuna yönəldilib.

Masallının prokuroru vəzifəsini icra edən Cahangir Qurbanov bildirib ki, Səməd Əsgərovun 2007-ci ilin iyununda itkin düşməsiylə əlaqədar Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılıb:

“18 iyul 2007-ci ildə cinayət işi başlanması rədd edilib. Həmin tarixdə Səməd Əsgərov barəsində Masallı Rayon Polis Şöbəsində 23627 saylı axtarış işi açılıb. Həmin axtarış işi üzrə çoxsaylı əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Səməd Əsgərovun yerini müəyyən etmək mümkün olmayıb.

Səməd Əsgərov barəsindəki axtarış işi Masallı Rayon Prokurorluğunda öyrənilib. Onun olduğu yerin müəyyənləşdirilməsi məqsədilə axtarış işi üzrə yazılı göstəriş verilməklə, icra icra olunması üçün Masallı Rayon Polis Şöbəsinə göndərilib”.

Ana səhifəBölgəBirinci qrup Qarabağ əlili yoxa çıxıb