Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç və AFFA prezidenti Rövnəq Abdullayev

Mənbə: Meydan.TV

Başlıq: Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç və AFFA prezidenti Rövnəq Abdullayev

Bir xala görə bayram edənlər

Məqalə yeniləndi:  9 Oktyabr 2019

Futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatı-2020-nin seçmə mərhələsində Bakıda Xorvatiya yığması ilə heç-heçə etməsi (1:1) sensasiya kimi qəbul olundu. Azərbaycanlı futbolsevərlər, milli komandanın azarkeşləri bu nəticəni hansısa bayramı qeyd edirmişlər kimi qarşıladılar. 2018-ci ildə keçirilən dünya çempionatının 2-cisi olmuş, heyətində “Real”ın yarımmüdafiəçisi Luka Modriç kimi futbolçunun forma geyindiyi Xorvatiya millisindən xal qoparmaq əlbəttə, diqqətçəkən nəticə idi. Amma...

Xorvatiya millisi ilə Azərbaycan millisinin oyunu

Xorvatiya millisi ilə Azərbaycan millisinin oyunu

Mənbə: Meydan.TV

4 oyunda “yuxuda olan” komanda

Amma bu, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində qazandığı ilk xal idi. Bəs bizim milli komanda bunadək nə işlə məşğul olmuşdu ki, seçmə mərhələdə ilk xalını yalnız 5-ci oyununda əldə edirdi?

Xorvatiyalı Nikola Yurçeviçin baş məşqçisi olduğu Azərbaycan yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi bütün qarşılaşmaları məğlubiyyətlə başa vurmuşdu. Əvvəlcə elə həmin xorvatlara səfərdə keçirilən görüşdə məğlub olmuşduq (1:2). Ardınca Macarıstan millisi Bakıda bizi məğlubuyyətə uğratdı (1:3). Daha sonra Slovakiya yığması Azərbaycanın paytaxtında, stadionda olan minlərlə azərbaycanlı azarkeşin gözləri önündə ölkəmizin əsas komandasına futbol dərsi keçdi. Bu dəfə məğlubiyyət daha biabırçı idi - 1:5. Ancaq bu da son olmadı. Uels millisi ilə səfərdə baş tutan görüşümüz də məğlubiyyətimizlə sonuclandı (1:2). Və...

Euro2020

Euro2020

Mənbə: Google

AFFA rəsmilərinin dili açıldı

Nəhayət, Xorvatiya yığması ilə yenə, bu dəfə Bakıda qarşılaşırıq, seçmə mərhələdə ilk xalımızı əldə edə bilirik. Elə bundan sonra da Azərbaycan futbolunun başında dayanan adamların, AFFA rəsmilərinin dili açılır, danışmağa başlayırlar. Axı Azərbaycan milli komandası DÇ-2018-in 2-cisi olmuş Xorvatiya ilə heç-heçə edib! Bəs uduzulan 4 oyun? Bəs 2008-ci ildən AFFA-nın rəhbərliyində olan bu adamların “hakimiyyət”də olduğu dövrdə xərclənən milyonlarla manat vəsait? Belə çıxır ki, 2008-ci ildən milyonlarla manat vəsait Azərbaycan futboluna ona görə xərclənib ki, 2019-cu ildə Avropa çempionatının seçmə mərhələsində qazandığımız 1 xala baxıb bayram edək, sağlıq deyək? Axı hələ Azərbaycan futbolunun ac, pulsuz, imkansız, “peraşki dövrü” adlandırılan dövrlərində belə, milli komanda seçmə mərhələlərdə indikindən daha çox xal toplaya bilirdi. Bunun sübutu üçün əlahəzrət statistika var.

Statistika nə deyir?

Futbol üzrə Azərbaycan milli komandası bu günədək qatıldığı seçmə mərhələlərdə (istər dünya çempionatı, istərsə də Avropa çempionatı) yalnız bir dəfə yer aldığı qrupu 1 xalla başa vurub. Bu da uzaq 1996-cı ilə təsadüf edir. Azərbaycan yığması AÇ-1996-nın seçmə mərhələsində Fransa, Rumıniya, Slovakiya, Polşa və İsrail komandaları ilə eyni qrupda yer almış, nəticədə qrupu 1 xalla tamamlamışdı. Vəssalam! Ondan sonra iştirak etdiyimiz bütün seçmə mərhələlərdə qrupda ən azı 3 xal toplamışıq.

DÇ-2018

Almaniya - 30

Şimali İrlandiya - 19

Çexiya - 15

Norveç - 13

Azərbaycan - 10

San Marino – 0

DÇ-2014

Rusiya - 22

Portuqaliya - 21

İsrail - 14

Azərbaycan - 9

Şimali İrlandiya - 7

Lüksemburq - 5

DÇ-2010

Almaniya - 26

Rusiya - 22

Finlandiya - 18

Uels - 12

Azərbaycan - 5

Lixtenşteyn - 2

DÇ-2006

İngiltərə - 25

Polşa - 24

Avstriya - 15

Şimali İrlandiya - 9

Uels - 8

Azərbaycan - 3

DÇ-2002

İsveç - 26

Türkiyə - 21

Slovakiya - 17

Moldova - 7

Makedoniya - 7

Azərbaycan - 5

DÇ-1998

Norveç - 20

Macarıstan - 12

Finlandiya - 11

İsveçrə - 10

Azərbaycan - 3

AÇ-2016

İtaliya - 24

Xorvatiya - 20

Norveç - 19

Bolqarıstan - 11

Azərbaycan - 6

Malta - 2

AÇ-2012

Almaniya - 30

Türkiyə - 17

Belçika - 15

Avstriya - 12

Azərbaycan - 7

Qazaxıstan - 4

AÇ-2008

Polşa - 28

Portuqaliya - 27

Serbiya - 24

Finlandiya - 24

Belçika - 18

Qazaxıstan - 10

Ermənistan - 9

Azərbaycan - 5

AÇ-2004

İtaliya - 17

Uels - 13

Serbiya - 12

Finlandiya -10

Azərbaycan - 4

AÇ-2000

Rumıniya - 24

Portuqaliya - 23

Slovakiya - 17

Macarıstan - 12

Azərbaycan - 4

Lixtenşteyn - 4

AÇ-1996

Rumıniya - 21

Fransa - 20

Slovakiya - 14

Polşa - 13

İsrail - 12

Azərbaycan - 1

Uels-Azərbaycan oyunundan

Uels-Azərbaycan oyunundan

Mənbə: Google

Qarşıda üç oyun var, amma...

İndi Azərbaycan millisini AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində daha üç oyun gözləyir. İlk oyun oktyabrın 13-də səfərdə macarlara qarşı olacaq. Lakin Bakıda, doğma publika önündə məğlub olduğumuz rəqiblə səfər görüşündə nəyə ümid edə bilərik ki? Daha sonra isə Uelslə Bakıda, Slovakiya yığması ilə səfərdə üz-üzə gələcəyik. Bu komandaların da hər ikisinə əvvəl keçirdiyimiz oyunlarda uduzmuşuq. Yəni qələbə qazanmaq, hətta heç-heçə etmək şansımız da çox azdır. Lap deyək ki, möcüzə baş verdi, bu oyunlardan birində 3 xal qazandıq. Hə, nə olsun? Bu, nəyi dəyişəcək?

Sensasiya!

Siz bilirsiz ki, AÇ-2020-nin final mərhələsinin bir neçə oyunu Bakıda təşkil olunacaq? Azərbaycanlılar əvvəllər başqa ölkələrdə keçirilən final mərhələlərində başqa ölkələrin milli komandalarına azarkeşlik etdikləri kimi, bu dəfə öz ölkələrində təşkil olunacaq final mərhələsinin oyunlarında yenə başqa ölkələrin komandalarına azarkeşlik edəcəklər - məsələ budur. Məsələ həm də odur ki, Azərbaycanın futbol üzrə milli komandası uzaq, çox uzaq 1996-cı ildə iştirak etdiyi qrupda 1 xal qazananda bunu necə bayram edirdiksə, indi, üzərindən 23 ilə yaxın zaman keçəndən sonra da 1 xal üçün elə bayram edirik. Sensasiya! Bəli, biz hələ də qələbə qazananda, ya da heç-heçə edəndə, buna olmalıymış kimi yox, sensasiya kimi baxırıq. Arada isə itirilən uzun illər, havaya sovrulan milyonlarla vəsait var! Bəs bütün bunlara görə cavab verməli olanlar? Bax, onlar yoxdur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  9 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/68iz3d

Ən çox baxılan