Bir qəzəbin sirri

Bu o deməkdir, dünya iqtisadiyyatı yeni böhrandan çıxarkən Azərbaycan iqtisadiyyatı da yeni qaydalarla bu böhrandan çıxacaq, bu qaydalarda isə monopoliyanın ləğvi və gömrük islahatları əsas şərt olacaq.

Seymur Həzi, Foto:: Meydan TV


Əliyev niyə bu qədər tələskən və əsəbidir?

Koronavirus pandemiyasından istifadə edib siyasi alternativlərini sıradan çıxarmaq istəyən rejimlərin ən acıqlısı demək olar ki Azərbaycan hakimiyyətidir. Bu “taktiki” vəziyyətdən istifadə etmək bir çox avtoritar rejimin ağlına gəlib, amma bu qədər tələsəkən olmaq təbii ki diqqəti çəkməyə bilmir. Odur ki, işin əsl mahiyyətini ən yaxşı hökumətin özü bilirmiş. Təbii ki, biz yazacağıq, hörmətli oxucularımız da biləcək. Beləliklə, yayılan məlumatlar belədir: “Avropa Parlamenti Avropa İttifaqı və 6 keçmiş sovet respublikasından ibarət Şərq Tərəfdaşlığı arasında “vahid iqtisadi məkanın” yaradılmasına və sözü gedən respublikaların “tədricən” bloka inteqrasiya olunmasına çağıran hesabat layihəsi hazırlayıb”.

Bu o deməkdir, dünya iqtisadiyyatı yeni böhrandan çıxarkən Azərbaycan iqtisadiyyatı da yeni qaydalarla bu böhrandan çıxacaq, bu qaydalarda isə monopoliyanın ləğvi və gömrük islahatları əsas şərt olacaq. AB ilə vahid iqtisadi məkanda başqa cür olmaq zatən mümkün deyil və bu qaçılmaz reallıq olacaq. Vaxt isə azdır, sənəd AB parlamentində may ayında qəbul edilməlidir.


Bəs Rusiya?

Qurum öz hesabatında bölgədə təsirli siyasi güc olan Rusiyanı da yaddan çıxarmayıb. Öz hesabatında, habelə Rusiyanın Şərq Tərəfdaşlığı öllkələrinə – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Ukrayna və Moldovaya qarşı, destabilzasiya siyasətini, müdaxilə və ilhaq da daxil “qanunsuz” hərəkətləri pisləyib. Yəni Moskvaya da sərhədlər göstərilib. Digər ölkələrdə Kremlin həyata keçirdiyi siyasət barədə danışa bilərik, ancaq Azərbaycanla bağlı kifayətlənək. Ölkə ictimai rəyi bu fikirdədir ki, demokratiya və işğal probleminin arxasında Rusiya durur və Kremlin indiki hakimiyyətə dəstəyi davam etdikcə, bu istiqmətlərdə müsbət irəliləyişlər ya olmayacaq, ya da çox çətin olacaq. Amma AB bu dəfə işi seçimə və şansa buraxmaq istəmir. Ona görə də hesabat layihəsində Rusiyanın qarşısını alan açıq-aydın məqamlar var. Düzdür, bu təsbitlər bir qədər dolayı hüquqa oxşayır, amma işlək olduğu halda tam birbaşadır. Hesabatda deyilir:

“6 keçmiş sovet respublikası, hər biri ayrı-ayrılıqda İttifaqla əməkdaşlığının dərinliyini seçmək kimi suveren hüquqa malikdir. Avropa Parlamenti bu 6 ölkənin sərbəst siyasət yeritmək hüququnu təsbit edəcək”. Yəni ölkələrə kənar müdaxiləyə imkan verilməyəcək. Bu isə parlamentdə qanun kimi təsbit olunacaq.

Hesabatda bildirilir ki, “Şərq Tərəfdaşlığı ölkələrindən bəzilərinin ərazilərinə qarşı Rusiya Federasiyasının “gücdən istifadəsi, müdaxiləsi, qeyri-stabillik yaratması, ilhaqı, sərhəd bölgələrinin qəsbi qanunsuzdur”. Bu da belə. Yəni Rusiya indidən açıq hədəfdir və onun yanında olmaq istəyən ölkələr də bu taleyi yaşayacaqlar.


Əsas mesaj: İnteqrasiyadan üzvlüyə

AB-nin bu hesabatı ölkələrə və onların xalqlarına çox asan şəkildə yol xəritəsini göstərir. Biz AB ilə rominqsiz məkanda olacağıq, və sonra Avropa Parlamentinin hazırladığı hesabat layihəsində deyilir:

“Şərq Tərəfdaşlığının nizamnaməsi bu ölkələrin bloka üzvlüyünü nəzərdə tutmasa da, 6 respublikanın “tədricən” İttifaqa inteqrasiya olunması tam mümkündür. Avropa millət vəkilləri daha dərin və sıx inteqrasiya məqsədilə vahid iqtisadi məkanın yaradılmasına tərəfdardırlar. Avropa Parlamentinin deputatları 6 ölkənin Avropa İttifaqı ilə enerji ittifaqına, nəqliyyat şəbəkəsinə və vahid rəqəmsal bazara daxil edilməsini istəyirlər. Telekommunikasiyalar sahəsində təkliflərdən biri də tez bir zamanda Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı arasında “rominqdən azad” məkanın yaradılmasıdır”. Yəni inzibati nəzarətin olmadığı online və rabitə məkanı yaranacaq.


Bizi bu hesabatla nə bağlayır?

Göründüyü kimi Azərbaycan may ayına kimi Asssosasiya sazişini imzalamaq durumundadır. Belə olan halda ölkədə siyasi yumşalmalar qaçılmaz olacaq. Hakimiyyət isə belə şəraitdə vəziyyətə nəzarət edə bilməyəcəyini dəqiq bilir. Bir tərəfdən ağır sosial vəziyyət, başqa tərəfdən də siyasi islahatların qaçılmazlığı yeni çətinliklər yaradacaq. Ona görə də hökumət əsl rəqiblərini qısa müddətdə sıradan çıxarmaq və özü ilə razlaşan qruplarla dialoqa gedib yeni çıxış yolu konfiqurasiyası yaratmaq istəyir. Ancaq hazırda ictimai dayağı olmayan bu cür saray əməliyyatları həqiqi proseslərin qarşısında elə də dözümlü görünmür. Ən yaxşısı isə real siyasi qüvvələrlə ölkənin həqiqi problemlərinin müzakirəsinə nail olub, növbəti mərhələyə daha sabit siyasi vəziyyətlə addımlamaqdır. Hazırda ölkədə bu cür həbs və repressiyaların olması bu prosesləri zədələməklə yanaşı, həm də qərb dairələrində İlham Əliyevlə bu prosesi aparmağın mümkünsüz olduğu fikrini yaradır. Görünür ki, bu təəssüratın yaranmasında Moskvanın və onun Bakıdakı çoxluğunun marağı var. Çünki AB ilə Azərbaycan arasına qoyulacaq yeganə maneə İlham Əliyevdir. Ancaq o özü bunun hansı nəticələr verəcəyini təhlil etsə, ölkə demokratik düşərgə və onun özü üçün pis olmaz.

Ana səhifəXəbərlərBir qəzəbin sirri