”Bir çox həmvətənimdən fərqli olaraq, vergi ödəyicisiyəm”

Türkel Rüstəmxanlı, foto: sosial şəbəkə
Türkel Rüstəmxanlı, foto: sosial şəbəkə
Türkel Rüstəmxanlı, foto: sosial şəbəkə
Türkel Rüstəmxanlı, foto: sosial şəbəkə



Türkel Rüstəmxanlı: “Qohumlarımın köməyi ilə işlədiyim kafeni aldım”


Avropada yaşayan azərbaycanlı mühacirlər barədə geniş yayılmış stereotiplər var. Bu stereotiplərdən biri də, onların uzun müddət dövlətin sosial yardımından istifadə, işləməkdən imtina etmələridir. Amma gerçəkdə işləyənlər, vergi ödəyənlər də az deyil. Bəzi soydaşlarımız isə şəxsi bizneslərini quraraq, özlərini Avropada işgüzar insanlar kimi təsdiq etməyə çalışırlar. Bu insanlardan biri də, Almaniyada şəxsi biznesini qurmuş Türkel Rüstəmxanlıdır. Türkel Meydan TV-nin suallarını cavablandırır.


– Türkel, Almaniyada yaşamağı niyə seçdiniz?

– Azərbaycanda yaşaya bilmədim. Avropa haqqında məlumat topladım, insanları, iqlimi, iş şəraitini öyrəndim və sonda Almaniyanı seçdik.


– Azərbaycanda yox, məhz Almaniyada gördüyünüz nə idi?

– Azərbaycan azad ölkə deyil. Azadlığın olmaması təkcə dövlət idarələrinə deyil, ailələlərə, məişətə, adətlərin icrasına qədər sirayət edə bilib. Belə vəziyyətdə yaşamaq mənim üçün çox şətin idi. Hər hansı siyasi fəaliyyətin, sözün təkcə mənsub olduğun ailədə deyil, bütün qohumlar arasında müzakirə olunur. Yaşca böyük olan hər kəs özünü sözsüz səndən ağıllı aparır. Ən şərəfsiz biri vəzifəyə keçən kimi hamının sevimlisinə çevrilir, yasda da, toyda da məclislərin başında oturur. Hətta toylar da siyasət meydanına çevrilir. Hakimiyyətdə olanlar, prezidentin və onun ailəsinin, müxalifət partiyalarında olanlar da başqanlarının və onların ailələrinin tərifi ilə başlayır və yekunlaşdırır. Hamı rəhbərinə xidmət üçün yaşayır, ona daha çox xidmət və qulluq göstərməyə çalışır. Almaniyada tam bunların əksidir. Vəzifəlilər vətəndaşların xidmətindədirlər, bu xidmət də olduqca keyfiyyətlidir.


– İlk olaraq, hansı çətinliklərlə üzləşdiniz?

– Azadlıq olan məmləkət hər bir insan üçün yaşamaq asandır. Azərbaycanda və ya Çeçenistanda başı örtüklü işə və ya məktəbə gedə bilməyən xanımlar Avropada, xüsusilə Almaniyada heç bir maneə ilə qarşılaşmırlar. İlk cətinliyimiz inteqrasiya ilə bağlı olub. İndi də yeni gələn miqrantların interasiyası sahəsində problemlər mövcuddur. Vətən üçün, bir sinifdə oxuduğu, hər gün görüşdüyü dostlar üçün darıxmaya bilmirsən. Azərbaycanda öyrəndiyin həyatın alternativlərini tapana kimi darixırsan. İşə başlayandan sonra isə hər şey dəyişir, darıxmağa və bəzən hətta xatırlamağa vaxtın çatmır.


– Almaniyada biznes qurmaq çətindirmi? Hüquqi, maddi, və digər tərəflərini soruşuram. Dövlət dəstək olurmu?

– Mənim elə bir ciddi biznesim yoxdur. Bekarçılıqdan yorulduğum üçün əvvəl bir Pizza kafedə usta köməkçisi kimi işə başladım. Sonra qohumlarımın və dostlarımın köməyi ilə oranı özüm işlətməyə qərar verdim. Oranın alınmasında qohumlarımdan dəstək aldım. Hüquqi tərəfdən hec bir problem yoxdur. Almaniyada yaşamaq hüququ olan hər kəs biznes fəaliyyəti ilə məşğul ola bilər və alman dövləti bu işlərdə hər kəsə dəstək verir. Bu dəstək sənin özündən asılıdır. Müraciət edənlərə və ya əsaslandırılmış biznes plan tərtib edənlərə Almaniyada iş qurmaq üçün hüquqi, maddi və texniki yardım göstərilir. Lakin mən belə bir müraciət etməmişəm. Buna baxmayaraq əksər həmvətənlərimizdən fərqli olaraq vergi ödəyicisiyəm, işə götürənəm, sosialdan imtina etmişəm. Bunlara iki il ərzində nail olmuşam və hesab edirəm ki, pis göstərici deyil. Bu kimi işlərə Azərbaycanda nail olmaq mümkün deyil.

Türkel Rüstəmxanlı, foto: sosial şəbəkə
Türkel Rüstəmxanlı, foto: sosial şəbəkə


– Gəlmələrə xüsusi münasibət varmı? Yerli insanların gəlmələrin restoranlarına münasibəti necədir?

– Mən hec bir ayrı-seçkilik hiss etməmişəm. Təmizliyə riayət etmək, müştərilərə xoş münasibət göstərmək, sifarişləri vaxtında və keyfiyyətli çatdırmaq təkcə yaxşı xidmət deyil, həm də əla reklamdır. Çalışıram ki, bu formada fəaliyyətimi davam etdirim, uğurlara imza atım və biznesimi tədricən genişləndirim.


– Gələcəkdə biznesi böyütmək fikriniz varmı, yoxsa öz ixtisasınızla məşğul olacaqsız?

– Uşaqlıqda polis olmaq istəyirdim. Hərbi xidmətdən sonra da sənədlərimi Daxili İşlər Nazirliyinə göndərdim. Amma evdəkilər, xüsusilə atam bunu istəmirdi, bəlkə də onun istəmədiyinə görə mənim müraciətimə nazirlikdən rədd cavabı gəldi. Hələlik fikrim biznesi tədricən böyütməkdən ibarətdir. Gələcəkdə ola bilər ki, ixtisasıma yiyələnmək arzusuna düşə bilərəm. Lakin bu gün perspektivdə bu yoxdur.


– Alman dili bilgiləriniz nə yerdədir? Ümumiyyətlə, inteqrasiya prosesi necə gedir?

– Vətəndaşlıq və işləmək üçün tələb olunan səviyyədə alman dili kursunu tamamlamışam və imtahan vermişəm. İşimdə tələb olunan qədər bu dilə yiyələnmişəm və hər gün də təkmilləşdirirəm. Almaniya hökuməti hər bir əcnəbinin inteqrasiyası üçün ayrıca iş açır və hər kəç həmin inteqrasiya proqramını mütləq keçməlidir. Mən də həmin proqramı başa vurmuşam. Almaniyaya inteqrasiya ugurla gedir. Bəzi problemlər var və inanıram ki, onlar da aradan qalxacaq. Milli əxlaqdan və köhnəlmiş adətlərdən yaranan vərdişləri bu qədər qısa müddətə tərgitmək çox çətindir. Məsələn, bir misal deyim. Azərbaycanda “kişi güləyən olmaz, kişi qaraqabaq olar, kişi ağır olar” fikirlərini o qədər eşitmişik ki, istəsək də, almanlar kimi insanların üzünə gülümsəməyi, qarşındakı insana xoş münasibət göstərməyi, xoş enerji verməyi, bir sözlə, gülərüz olmağı hələ də bacarmirıq. Rəhmətlik Əbülfəz bəy demiş, hər şeyin zamana ehtiyacı var.

Ana səhifəVideo”Bir çox həmvətənimdən fərqli olaraq, vergi ödəyicisiyəm”