“Bilirdim… Bilirdim ki, gələcəksən…”

Gənc Tiqana da bilməmiş deyildi, gec-tez oralara gələn olacaq, o torpaqları alan olacaq, bilirdi ki, gələcəklər…

Mənbə: Meydan TV


Səngər dostluğunu əsgərdən yaxşı heç kim bilə bilməz

1993-cü il idi. Füzulinin və Cəbrayılın kəndləri bir-birinin ardınca işğal olunurdu. “Azadlıq”dan ezamiyyətə yollandım. Qabaqca Füzulidə, sonra Cəbraylda oldum. Sağ olsunlar, cəbhəçi dostlar döyüş gedən ərazilərə çatmaqda gecə-gündüz köməklərini əsirgəmədilər. Müharibə zonasında gecə maşının işığını yandırmadan yol getmək cox dəhşətlidir, qaranlıqda hara getdiyini, qarşıda səni nə gözlədiyini bilmirsən, yolsa uzandıqca uzanır…

Cəbrayılda tələbə dostumuz, rayonun müdafiəsində iştirak edən Əli Məcidov özü kimi düşmənlə üzbəüz savaş aparan əsgərlərimizlə görüşmədə yardımçı oldu. Onun sayəsində gənc əsgərlə, daha doğrusu, əsgərlərin köməkçisi olan Samirlə tanış oldum. Samir Əliyevlə. 15 yaşından döyüşə atılan bu çatmaqaş oğlan hamının sevimlisiydi. Uşaq olmasına baxmayaraq, çöx böyük ürəyi, cəsarəti vardı. Orda hamı onu Tiqana deyə çağırırdı. O illərin adamları bilər, Fransa futbolunun ünlü simalarından olan Jan Amadu Tiqana vardı, əslən Malidən idi. Fransa vətəndaşıydı və bu ölkənin müxtəlif klublarında, eyni zamanda yığma komandada oynayırdı. Qarayanız Samir ona oxşadığından belə ad vermişdilər. Heç bəlkə, əsgərlərin çoxu onun əsl adını bilmirdi, elə hamısı Tiqana deyirdi. Son dərəcə enerjili uşaqdı, dağı düzənlik bilirdi sanki, bir anda qayalara dırmaşırdı. Kiminə silah-sursat, kiminə yemək, kiminə su gərək olduqda ilk Tiqana özünü çatdırırdı. O vaxt yazı da yazmışdım, mən onu “Səfillər”dəki Qavroşa bənzətmişdim – döyüşçülərin harayına çatan Qavroşa. Həqiqətən, eləydi. Döyüş meydanında güllə yağışı altında qorxu bilmədən köməyə gedirdi, yaralıları çıxarırdı, patron aparırdı. Ordakı əsgərlərin hamısı ona kiçik qardaş kimi baxırdı, Samiri – Tiqananı sevirdi.

Əsgərlikdə çox problemlər olur, əsgərlər bir-biri ilə yola getmir, köhnələr təzələrə sataşır, incidir, iş buyurur; sovet ordusunda da belə olub, müstəqillik dövründə bəzi hərbi hissələrdə də belədir. Ancaq müharibə, döyüş vaxtı o münasibət olmur. Savaş hamını doğmalaşdırır, qardaş edir. Səngər dostluğunu əsgərdən yaxşı heç kim bilə bilməz. Bu dostluqdan, münasibətdən bir az da tez-tez savaş bölgələrinə gedən jurnalistlər xəbərdar olur. İndi çoxunun təəccübünə səbəb olan hadisələrə şahidlik edirik. Məsələn, “bir əsgər yarası tam sağalmamış yenidən cəbhəyə gedib”, “bir gözünü döyüşdə itirən əsgər sağlamlığına tam qovuşmadan hospitaldan qaçıb yenidən savaş aparan dostlarının yanına qayıdıb” və s. Az qala hər gün bu tipli xəbərlər eşidirik. Çoxuna çatmır odun-alovun içindən çıxan adamın yenidən ora can atma istəyi. Çox qəribədir, güllə, atəş səsi altında, hər gün qan axıdılan yerdə, soyuq səngərdə bir-birinə qısılıb yarıac-yarıtox gecə keçirənlərin qardaşlıq sevgisi. Onu yaşayanlar bilər. Onu tikəsini savaş dostuyla bölənlər bilər. Onu güllə yağışı altında yaralı dostunu döyüş meydanından çıxaranlar bilər. Belə döyüşlərdən birində şəhid oldu Tiqana-Samir – 16 yaşında. Döyüş meydanında yenə kiminsə dadına çatmaq üçün gedəndə. Onun ölümündən bir həftə sonra Cəbrayıl işğal olundu. Ruhu şad olsun! Doğma yurdunu 27 il sonra elə özü kimi döyüşkən, torpaq uğrunda ölümü belə gözə alan oğullarımızın işğaldan qurtarması, ailəsinin o yerlərə qayıtması şad edər ruhunu, yəqin.

Tiqana ilə bağlı xatirəmi mənə FB-də paylaşılan bir post xatırlatdı. Bilmirəm həqiqətdir, olmuş hadisədir, yoxsa kiminsə yaradıcılığıdır, ancaq gerçəyə çox uyğundur. Gerçək savaş dastanıdır. Döyüş meydanlarında buna bənzər çox dastanlar yazılıb. Bunu da onlardan biri sayaq.


“Müharibənin ən qanlı günlərinin birində əsgərlərdən biri yaxın dostunun irəlidə vurulduğunu görür. Güllə yağışı altında komandirin yanına qaçıb deyir:


– İcazə verin, gedib dostumu gətirim.


– Getmək? Nə danışırsan? Ona güllə dəyib, yəqin, çoxdan ölüb. Özünü təhlükəyə atma.


Əsgər israr edir.


“Yaxşı , get…”- deyir komandir.


Möcüzə baş verir. Əsgər o güllə yağışının altında dostunun yanına sağ-salamat çatır və onu götürüb səngərə qayıdır. Birlikdə səngərin içinə yuvarlanırlar. Komandir qan içindəki əsgəri yoxlayır. Sonra onu səngərə daşıyan dostuna deyir:


– Sənə dedim axı risk eləmə.Onsuz da ölüb. Dəyməzdi…


– Dəydi, yoldaş komandir.


– Necə yəni dəydi? Görmürsən ki ölüb?..


– Yenə də dəydi. Çünki onun yanına çatanda hələ sağ idı. Onun son sözlərini eşitmək mənim üçün hər şey idi.


– Nə dedi? Vəsiyyət elədi?


– Yox, yoldaş komandir. Vəsiyyət eləmədi. Sadəcə dedi: "Bilirdim… Bilirdim ki, gələcəksən…"

Gənc Tiqana da bilməmiş deyildi, gec-tez oralara gələn olacaq, o torpaqları alan olacaq, bilirdi ki, gələcəklər…

Ana səhifəXəbərlər“Bilirdim… Bilirdim ki, gələcəksən…”