“Dərslərin başlamasından iki ay keçib, bunlar hələ də təklif irəli sürürlər”
Yeni tədris mövsümünün başlamasından iki ay keçsə də, Lənkəranın Biləsər kəndində 10-dan çox şagird məktəbə gedə bilmir. Uşaq sayı az olduğundan Biləsər kənd məktəbində müəllimlər ixtisar edilib. Tədris müəssisəsi artıq ibtidai məktəb kimi fəaliyyətini davam etdirir.
Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, kənddə 27 uşaq məktəb yaşlıdır. Onlardan 11-i ibtidai sinfi bitirib. 7-ci və 8-ci siniflərin hər birində bir şagird təhsil almalıdır.
Biləsər kəndi rayon mərkəzindən 38 kilomert kənarda, dağların ətəyində yerləşir. Sakinlər deyirlər ki, dolanışıq səbəbindən xüsusilə cavan ailələr kəndi tərk edirlər. Buna görə də ildən-ilə məktəb yaşlı uşaqların sayı azalır. Çoxu iş üçün rayon mərkəzinə, yaxud Bakıya üz tutub.
Kənd sakini Saleh Rzayev bildirib ki, məktəbin binası bərbad vəziyyətdədir. Leysan yağışlar zamanı su və güclü axının gətirdiyi daş-çınqıl məktəbə dolub.
“Yağışın vurduğu zərər aradan qaldırıldı, amma məktəb təmirsizdir. Qarşıdan qış gəlir, uşaqlar siniflərdə yenə donacaqlar”,-Rzayev bildirib.
İbtidai sinfi bitirən şagirdlər kəndə ən yaxın yerləşən qonşu kəndin məktəbində təhsillərini davam etdirə bilərlər. Məktəb isə kənddən 7 kilometr uzaqlıqdadır.
Rayon təhsil şöbəsi avtomobili olan kəndlilərə aylıq ödəniş qarşılığında uşaqların məktəbə aparıb-gətirmələrini istəyib. Lakin kəndin yolları bərbad vəziyyətdə olduğundan heç kim maaş qarşılığında olsa belə, təkliflə razılaşmayıb.
Sakinlər deyirlər ki, kəndə qədər yol çınqıldır, sonra isə yağışda, qarda keçilməz olan torpaq yol başlayır.
Sakinlərdən biri danışıb ki, dərsin onlayn davam etdirilməsi də təklif olunub. Kənddə internet olsa da, məktəbdə internet xətti yoxdur. Digər tərəfdən, valideynlər onlayn təhsilin fayda verəcəyini düşünmürlər. Çünki xüsusilə soyuq havalarda gah işıq, gah da internetin verilməsində problem yaranır:
“Dərslərin başlamasından iki ay keçib, bunlar hələ də təklif irəli sürürlər. Sürücüyə 600-650 manat maaş veriləcəkdi. Amma bir neçə gün bu yollarda hərəkət edən maşın xarab olacaq. Elə qazandıqları da təmirə gedəcək”.
Sakinlər bildiriblər ki, kəndin problemləri o qədər çoxdur ki, hansından şikayətlənəcəklərini bilmirlər.
Rəsmi məlumata görə, kəndin 1300 sakini var. Kəndlilər əsasən heyvandarlıq və arıçılıqla dolanırlar. Sakinlər deyirlər ki, yol düzəlsə, sosial problemlər həllini tapsa, kəndə təbiətinə görə turist axını ola bilər.
Meydan TV şikayətlə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu göndərib. Qeyri-iş günləri olduğundan hələ cavab verilməyib.
Lənkəran İcra Hakimiyyətininin telefonlarına cavab verən əməkdaş isə növbətçi olduğunu, məsələdən xəbərdar olmadığını bildirib.