Mənbə: Meydan TV

Berlin və Düsseldorfda Bayram Məmmədova görə aksiya keçirilib

Məqalə yeniləndi:  10 May 2021

Berlində Bayram Məmmədovun ölümü ilə əlaqədar aksiya

Əfqan Muxtarlı: “Türkiyə hökumətindən tələb edirik ki, hadisə obyektiv araşdırılsın”

Berlində azərbaycanlı mühacirlər Türkiyə səfirliyi qarşısında aksiya keçiriblər.

Bu barədə Meydan TV-yə jurnalist, aksiya iştirakçısı Əfqan Muxtarlı məlumat verib.

Onun sözlərinə görə, aksiya siyasi fəal Bayram Məmmədovun Türkiyədə - Kadıköydə müəmmalı ölümü ilə bağlı olub.

Mühacirlər Türkiyə hökumətindən Bayram Məmmədovun ölümü ilə bağlı araşdırmaların obyektiv aparılmasını tələb ediblər: “Səfərliyin qarşısında aksiya keçirməklə Türkiyə hökumətindən tələb edirik ki, bu hadisə obyektiv araşdırılsın və azərbaycanlı mühacirlərin Türkiyədə təqib və təzyiqinə son qoyulsun. İndiyə qədər bir neçə mühacir təqiblə üzləşib. Həm Rauf Mirqədirov olayı, həm Sevinc Babayevanın müəmmalı ölümü, eyni zamanda digər siyasi fəalların təzyiqlə üzləşməsi göstərir ki, sifarişlər Azərbaycan hakimiyyəti tərəfindən verilir və Türkiyə hökuməti də bu siyasi sifarişlər əsasında mühacirləri təqib edir”.

“Qiyas İbrahimovun Türkiyədən deportasiya edilməsi, Bayram Məmmədovun ölümü isə son hədd oldu. Hesab edirik ki, Türkiyə azərbaycanlı mühacirlər üçün təhlükəli ölkəyə çevrilib. Ona görə də bu təzyiqlərə son qoyulmalıdır”, - Əfqan Muxtarlı belə deyib.

Jurnalist aksiyanın saat 16:00-da Azərbaycanın Almaniyadakı səfirliyi önündə davam edəcəyini deyib.

Əfqan Muxtarlı azərbaycanlı mühacirlərin Avropada da təqib və təzyiqlərə məruz qaldığını deyir.

O hesab edir ki, bütün bu təzyiqlərin arxasında Azərbaycan hakimiyyəti durur: “Azərbaycan hökuməti Avropada da təqibləri davam etdirir. Belçikda mühacir Vüqar Rzanın müəmmalı ölümü, bir neçə mühacirin döyülməsi aydın göstərir ki, hakimiyyət ölkə xaricində də repressiyalarını davam etdirir. Azərbaycanın Almaniydakı səfirliyi önündə aksiya keçirib tələb edəcəyik ki, təzyiq və təqiblərə son qoyulsun və rəsmi Bakı bu hadisələrin ölkənin xaricdəki imicinə hansı zərbələrin vurduğunun fərqinə varsın”.

Almaniyanın Düsseldorf şəhərində də Bayram Məmmədova görə aksiya keçirilib.

Bu barədə Meydan TV-yə aksiya təşkilatçısı Vüqar Zeynalov məlumat verib.

O bildirib ki, digər aksiya iştirakçısı İsgəndər Səfərli ilə konsulluğun qarşısında Bayram Məmmədovun plakatlarını qaldırblar.

Onlar Türkiyə hökumətindən tələb ediblər ki, Bayram Məmmədovun ölüm hadisəsi ədalətli araşdırılsın.

Berlin və Düsseldorfda Bayram Məmmədova görə aksiya keçirilib

Berlin və Düsseldorfda Bayram Məmmədova görə aksiya keçirilib

Mənbə: Meydan.TV

Azərbaycanlı fəal Bayram Məmmədov mayın 2-də Türkiyədə müəmmalı şəkildə vəfat edib, onun ölümü haqqında məlumat isə mayın 4-də, gecə saatlarında yayılıb.

Dostu Elgiz Qəhrəmanlı deyib ki, mayın 2-də Bayram Məmmədovdan xəbər ala bilməyib və axtarış üçün polisə müraciət edib. Bundan sonra isə onun ölüm xəbərini alıblar.

İstanbulun Kadıköy Polis İdarəsinin yaydığı məlumata görə, Bayram Məmmədov mayın 2-də, saat 15:00 radələrində dənizdə boğulub.

Atası və dostları Bayram Məmmədovun cəsədinə baxış keçirəndən sonra fəalın nəşi mayın 9-da Azərbaycana gətirilib və dəfn edilib.

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyiblər.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub.

Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib.

Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib.

Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.

Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.

Bundan sonra da Bayram Məmmədov ictimai fəallığına görə sutkalıq həbs cəzası çəkib və işgəncələrə məruz qaldığını deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0ft78t

Ən çox baxılan