Bərdə sakini: Azyaşlı qızımı hədələyərək zorlayıblar, ona narkotik həb veriblər

“Bu boyda qrup işi olub, ancaq açılan iş onun yanında heç nədir”

Source: Specify Source


Şikayətçi işin ədalətli araşdırılmadığını deyir

Bərdədə 29 yaşlı 2 uşaq atasının 14 yaşlı qıza təcavüz etdiyi bildirilir.

Bu barədə Meydan TV-yə qızın atası məlumat verib.

O bildirib ki, hadisə 1 il yarım əvvəl baş verib. Həmin vaxt o, Bakıda fəhləlik edirmiş, həyat yoldaşı da günəmuzd ətraf kəndlərdə, həyətlərdə işləyirmiş: “4 övladımız var. Başına iş gələn 3-cü qızımdır. Ondan kiçiyi isə oğlandır. Biz uşaqlarımızı heç kimə möhtac etməmək üçün fəhləlik edir, ən ağır işləri görürük. Güc-bəla, çətinliklə böyütdüyümüz balamızın başına oyun açıblar. Polisə, prokurorluğa müraciət etmişik, ancaq ədalətli araşdırma getmir, başdansovdu yanaşırlar”.


"Qonşu qızıma deyib ki, na polis tanışlarım var, atanı həbs etdirərəm"

Ata hadisənin necə olmasından söz açır, çətinliklə danışır. Deyir ki, qızının başına gələnləri iyunun 12-də bilib: "Mən Bakıda olanda qapı qonşumuz, 29 yaşlı və iki uşaq atası Y.B qızımın qarşısını kəsib. Deyib ki, şəklini montaj etmişəm, mənimlə danışmasan, hamıya göstərəcəyəm. Uşaq da inanıb. Bir müddət telefonla danışıblar. Sonra isə onu şantaj edərək cinsi əlaqəyə təhrik edib”.

Ata bildirir ki, qonşu qızına polis tanışları olduğunu deyib və atasını tutdurmaqla hədələyib: “Bundan sonra onu şantajla bir neçə kişi ilə cinsi əlaqəyə məcbur edib. Bir neçə dəfə də ona həb veriblər. Düşünürəm ki, həmin həblər narkotik tərkibli olub”.


“Deyiblər ki, ya evdən qaçmalısan, ya da özünü öldürməlisən”

Atanın sözlərinə görə, axırda da qızına: “Ya evdən qaçmalısan, ya da özünü öldürməlisən”, – deyiblər: “Qızım da evdən çıxıb. Onu Bakıya aparıblar. Mən ancaq qız yoxa çıxandan sonra ayıldım və polisə müraciət etdim. O tapılandan sonra polisə ifadə verəndə biz hər şeyi bildik və şokdaydıq. Qız deyir ki, onu Bakıda bir nəfər oğlan qarşılayıb, sonra başqa bir oğlana təhvil verib. Həmin oğlan da onu bir evə aparıb. Orada 2 qadın olub. Qızıma bu evdə sistem qoşublar. Ümumiyyətlə, Bakıda olduğu müddətdə fiziki şiddət görüb, izləri var”.

Şikayətçi deyir ki, qızı yoxa çıxandan sonra uşaqlar ona tez-tez həyətlərinə gələn bir oğlanın olduğunu deyiblər: “Gedib onu tapdım, dedim ki, bu işdə sənin əlin var. Məndən qaçdı. Bu barədə polisə dedim, polisdən də qaçıb. Elə həmin gün 3-4 saatdan sonra qızım zəng etdi ki, ata, mən istədiyimlə qaçmışam, hazırda Xaçmazdayam. Polis araşdırdı, məlum oldu ki, yalandır. Səhərisi bir nömrədən zəng gəldi. Bir oğlan idi. Dedi ki, mən bu qızı Əhmədli parkından tapmışam. Getdik gətirdik. Sonra qızımın telefonunda həmin zəng edən nömrədən gələn mesajlar tapdım. Məlum oldu ki, daha əvvəl də qızıma yazıb. Polisə verdim, amma hələ bir xəbər yoxdur. Ya araşdırmırlar, ya da araşdırırlar, amma məlumat vermirlər”.

image_from_ios_3_ToeVxlV.width-1024.jpg
“Polisə verdim, amma hələ bir xəbər yoxdur”


"Deyirlər ki, Bakı bizlik deyil"

Ata bildirir ki, polis Bərdə ilə bağlı araşdırmanı pis-yaxşı aparır, ancaq ona Bakı ilə bağlı heç nə edə bilməyəcəklərini söyləyiblər: “Deyirlər ki, Bakı bizlik deyil. Bakıda hər addım kameradır, araşdırmaq daha da asan olmalıdır. Amma deyirlər ki, biz orda heç nə tapa bilmərik. Qızımın dediyi həb, ona köçürülən sistemlə bağlı da məlumat vermişəm, heç nə etmirlər. Gəncəyə apardım uşağı, orada analizlər verdik, həmin nəticələr barədə də mənə məlumat vermirlər. Polis bir kəlmə dedi ki, hər şey yaxşıdır, narahat olma”.

O, hazırda qızının çox pis vəziyyətdə olduğunu söyləyir: "Yatdığı yerdə ağlaya-ağlaya durur, gözləri şişmiş vəziyyətdə, gözü heç nəyi görmür, qorxudan əsir. Deyir ki, bizi öldürəcəklər. Mən Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də müraciət etmişəm. Hələ bir cavab almamışam. Çox şey istəmirəm. Bizi bu hala salanların cəzasını çəkməsini tələb edirəm, vəssəlam. Çətinliklə bala böyütmüşük, onun başına oyun açıb, həyatını məhv ediblər. Heç nə istəmirəm, günahkarları cəzalandırsınlar. Gedirəm ora, işlə maraqlanmağa, üzümə də baxmırlar. Bəs mən nə edim? Bu uşağı narahat edən insanlar var. Qrup şəklində təşkil olunmuş bir işdir. Ədalətli araşdırma aparsınlar”.

Məsələyə Bərdə Rayon Prokurorluğundan münasibət öyrənmək mümkün olmayıb.


Dövlət Komitəsi: "Həmin şəxs də həbs edilib, istintaq gedir"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu Meydan TV-yə ailənin onlara müraciət etmədiyini, buna baxmayaraq məsələdən xəbərdar olduqlarını və bu istiqamətdə işlər gördüklərini bildiriblər: “Məsələni araşdırırıq, hazırda bizim əməkdaşlar ailənin yaşadığı əraziyə doğru gedirlər. Nə lazımdırsa, əlimizdən gələni etməyə hazırıq. Bura psixoloji yardım da daxildir. Həmin şəxs də həbs edilib, istintaq gedir”.


DİN: "Ekspertizanın rəyi əsasında, bakirəliyin pozulması müəyyən edilib"

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov

bildirib

ki, sosial şəbəkələrdə azyaşlı qızın zorlanması və bu işin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “2021-ci il iyunun 12-də Bərdə kəndlərindən birinin sakini C. B. saat 19:54 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək səhər saatlarında qızı 2006-cı il təvəllüdlü H.B-nın evdən çıxıb geri qayıtmadığı və itkin düşdüyü barədə məlumat verib. Dərhal məlumatla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və məlum olub ki, itkin düşmüş şəxs səhər saatlarında Bərdə şəhər avtovağzalına gedərək oradan Bərdə-Bakı marşrutu ilə hərəkət edən avtomobillərdən birinə sərnişin qismində əyləşərək paytaxt istiqamətinə gedib”.

DİN-in açıqlamasına görə, həmin şəxs Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq iyunun 15-də ailəsinə təhvil verilib: “İyunun 16-da isə C.B. yenidən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək qızı H.B-nın 2020-ci ilin avqustunda həmkəndlisi olan bir nəfər şəxs tərəfindən zorlandığını bildirib. Dərhal bu şikayət üzrə də Polis Şöbəsində araşdırmalar aparılıb və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyi əsasında, həqiqətən də, bakirəliyin pozulması müəyyən edildiyindən faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini olan həmin şəxs Y.B tutularaq istintaqa təqdim edilib. Onun barəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq araşdırmaları davam etdirilir".


"Məni çağırıb dedilər ki, oğlanı ev dustaqlığına buraxmaq istəyirik"

Atanın şikayətlərindən biri də hadisə ilə bağlı Cinayət Məcəlləsinin 152.1 maddəsi (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə – üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi açılmasıdır.

Deyir ki, bu, "toyuq oğrusu"na açılan işdir. Bu boyda qrup işi olub, ancaq açılan iş onun yanında heç nədir: “Hə, nədir 3 ildən sonra çıxıb yenidən başqalarına qarşı oxşar əməllər törədəcək? Bu insanlar cəmiyyət üçün təhlükəlidir, içəridə qalmalıdır. Baxın, qızıma hədə-qorxu gəlib, ona narkotik həb verib, həyətə adamlar göndərib, gözünü qorxudub, aylarla başqa-başqa adamlarla cinsi əlaqədə olmağa zorlayıb. Mən dözə bilmirəm, həqiqətən, ürəyim partlayır. Hələ bir dəfə polis adıyla zəng edib, çağırıblar istədikləri yerə. Mən o nömrələrin hamısını çıxarıb prokurorluğa təqdim etmişəm, ancaq bir məlumat verən yoxdur. Hələ utanmadan məni çağırıb dedilər ki, oğlanı ev dustaqlığına buraxmaq istəyirik, nə deyirsən? Mən razı deyiləm, qəti. Nəinki o, onunla əlbir olan, qızımı bu hala salan hamı tapılmalı, cəzalarını çəkməlidir”.

Ana səhifəBölgəBərdə sakini: Azyaşlı qızımı hədələyərək zorlayıblar, ona narkotik həb veriblər