“Belovejsk”in, ya siyasi kolxozun sonu?

Amma Rusiya niyə bu qədər müqavimətsiz çəkilir?

Seymur Həzi, Foto:: Meydan TV


Batka oğru briqadir cildində məğlub olur

8 dekabr 1991 ci il. Belovejsk sazişi imzalanır. Rusiya ( Boris Yeltsin), Ukrayna ( Leonid Kravçuk), Belarus (Stanislav Şuşkeviç) qərara alırlar ki, SSRİ artıq yoxdur. Onun yerində Müstəqil Dövlətlər Birliyi var. SSRİ-ni buraxıb ( həm də quran), MDB-ni təsis edən üç ölkədən biri Ukrayna artıq Rusiya ilə ərazi münaqişəsindədir və bu qurumda yoxdur. Belarus isə indi SSRİ-nin və MDB-nin dəyərləri ilə savaş verir. Rusiya Belarusa münasibətdə hansı mövqeni tutacaq? Rusiyanın Belarus siyasəti Kreml üçün hansı siyasi məna kəsb edir? Navalnının zəhərlənməsi məsələsi Kremlin dünya ilə münasibətlərində yeni mərhələ yaradacaqmı? Bu mərhələdə Putin regional oyunçu kimi nə qədər məhdudlaşdırılacaq? Yaxud Rusiya Putinin arxasınca sürünməyi seçəcəkmi?


9 avqust “Belovejsk” nəfəs cihazından ayrılır

Əslində SSRİ dağılmışdımı? Formal və faktiki olaraq “bəli” deyə bilərik. Amma MDB bu quruluşun mutasiyaya uğramış elə forması idi ki, suala həm də “xeyir” demək üçün əsaslar verirdi. SSRİ-ni birşəşdirən böyük Kommunist Partiyası indi Rusiyada özəlləşmə tərəfdarı kimi çıxış edirsə, deməli, bu siyasi mutasiya da kifayət qədər ciddi məsələdir. Belarusdan əvvəl Rusiyanın regional və qlobal iddialarına ən böyük zərbə Ukrayna itkisi ilə oldu. Amma Kreml bu məsələdə dünyaya müqavimət göstərməkdən çəkinmədi. Çünki Putin hələ hər şeyin itirilmədiyini düşünürdü. Belarus seçkiləri isə bu slavyan ittifaqının həyatla bütün əlaqələrini kəsdi. Prosesin son dərəcə dinc və prinsipial xarakter alması Kremli demək olar ki, aciz vəziyyətə salıb. Beynəlxalq birliyin reaksiyaları da bu vəziyyətə tam adekvatdır. SSRİ-nin və MDB-nin dəyərləri Belarusda ciddi zərbə aldı. Bu, həm də özünü dünyanın sonuncu zəhmətkeş kolxozçusu kimi aparan, əslində isə oğru briqadir olan Lukaşenkonun Belarus sənayesinə məğlubiyyətidir. Yəni fəhlələr kolxozçulara qarşı. Başqa sözlə, siyasi mənada sənaye “kolxoz”a qarşı. Bu mənzərə Rusiya üçün hansı hissi doğurur, hansı mənzərəni vəd edir?


Kreml niyə çəkinir?

“Reuters” belə bir məlumat yaymışdı, ABŞ-ın yüksəkçinli diplomatı deyib ki, Rusiya Belarusa müdaxilə etsə, ciddi sanksiyalarla reaksiya verəcəyik. Bunu cavablandıran Rusiya XİN təmsilçisi isə Moskvanın Belarusun daxili işinə qarışmaq fikrinin olmadığını dedi. Bunun mənası təbii ki, hamıya aydındır. Amma Rusiya niyə bu qədər müqavimətsiz çəkilir? Görünən odur ki, Krım sindiromundan sonra özünə gəlməyən Rusiya iqtisadiyyatı ikinci belə zərbəyə nəinki hazır deyil, bundan sonra necə mövcud olacağı sual yaradır. Üstəlik indi sanksiyalar təkcə Belarus məsələsinə görə deyil, həm də müxalifətçi bloger Navalnının zəhərlənməsinə görə gələ bilər. Ona görə də, Rusiya sanki danışıqsız geri çəkilmək yolu tutur ki, “oğru yadına daş salmasın”. Amma dünya bu məsələdə son dərəcə prinsipial görünür. Almaniya kansleri Angela Merkelin verdiyi açıqlamadan aydın oldu ki, Navalnının zəhərlənməsi məsələsi ciddi beynəlxalq proses yaradacaq. ABŞ-da prezident seçkilərinin axırına təsir edəcək faktora belə çevrilir. NATO-nun reaksiyası da ayrıca düşündürücüdür. Yəni uzun zamandır izlənilən Putin indi “iş” başında yaxalanıb və bu, onun özü üçün də, ölkəsi üçün də ciddi problemlər yaradacaq. Təbii ki, ölkə hələ də Putinin arxasınca getməyə razı olacaqsa. Bu halda da Belarus məsələsinin ciddi önəmi var. Xatırlayırsınızsa, Lukaşenko Putinin dəstəyinə ehtiyac duyduğunu deyərkən, bu dəstəyin zəruriliyini həm də “Belarus qığılcımı”nın digər zəmiləri də yandıra biləcəyi ilə əsaslandırırdı. Yəni Belarusda proses uğurlu olsa, onun ən yaxın sızıntısı Rusiya ola bilər. Bu, təbii ki, Putini də narahat edir. Amma bu gün daha ciddi ittihamlar varkən onun gələcək uğrunda savaşmayacağı rəyi yaranır.

Ana səhifəXəbərlər“Belovejsk”in, ya siyasi kolxozun sonu?