Bayraq necə və niyə dəyişdirildi

Azərbaycan Cümhuriyyəti də Birinci dünya müharibəsinin övladı idi və olduqca çətin şərtlər daxilində yaranmışdı.

Foto: Meydan Tv


100 il öncə mövcud olan Cümhuriyyətə ittihamları nə anlaşılan, nə də rasionaldır

İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan toplantıda aşağıdakıları söyləyib: "O vaxt qəbul edilmiş birinci bizim dövlət bayrağımız xarici hərbi missioner tərəfindən dəyişdirildi. Ultimatum qoyuldu, tarixçilər bunu yaxşı bilir. Ultimatum qoyuldu müstəqil dövlətin rəhbərliyinə ki, bu bayrağı siz dəyişdirməlisiniz və dəyişdirdilər. Ondan sonra indiki üçrəngli bayraq təsis edildi".

Dövlət başçısının bu fikirləri səsləndirmək üçün seçdiyi yer və məkan yetərincə əcaibdir. Cümhuriyyətin yadigarı olan universitetin 100 illik yubileyində qurucu xadimlərin ünvanına tərif əvəzinə tənqidlər səsləndirmək çox qəribə görünür. Axı "epideyktik nitq" deyilən bir şey var. Hər hansı əlamətdar hadisə ilə bağlı nitq deyəndə adətən təriflər səsləndirilir. Birinin doğum günündə, toyunda çıxış edərkən səbəbkarı hərtərəfli təhlil etmək, mənfi xüsusiyyətlərini sadalamaq yersiz olardı.

Amma keçək iradın mahiyyətinə. İlham Əliyevin səsləndirdiyi fikir həqiqətə nə qədər uyğundur?

***

Məlumdur ki, Cümhuriyyət elanından sonra milli hökumətin öz qarşısına qoyduğu birinci vəzifə Bakı sovetinin nəzarəti altında olan torpaqları azad etmək və paytaxtı Bakıya köçürmək idi. Çarizm dövründə müsəlmanlar hərbi mükəlləfiyyətdən azad olunduqları üçün hərbi qüvvəsi olmayan azərbaycanlılara bu işdə yalnız Osmanlı dövləti kömək edə bilərdi və etdi.

İyun ayının ilk yarısından etibarən nizami Osmanlı birlikləri ilə gənc Azərbaycan əsgəri Qafqaz İslam Ordusu sıralarında düşmənə qarşı çiyin-çiyinə döyüşməyə başladı. Cümhuriyyətin ilk bayrağı da məhz bu silahdaşlıqdan doğan həmrəyliyin, sevginin təzahürü idi. İyunun 21-də verilən qərarla Azərbaycan bayrağı Osmanlı bayrağı ilə az qala eyni olacaqdı, yeganə fərq Osmanlıdakı beşguşəli ulduzun səkkizguşəli ilə əvəzlənməsi idi.

Üç aydan bir qədər çox davam edən hərbi əməliyyatlar Qafqaz İslam ordusunun qələbəsi ilə yekunlaşdı. Sentyabrın 15-də Bakı azad olundu. Düzdür, hələ başqa problemlər vardı, Gürcüstan və Ermənistanla sərhəd mübahisələri mövcud idi, Talış və Muğan vilayətlərinə buraya 70-80 il öncə köçürülən rusların hərbi qüvvələri nəzarət edirdilər və s.

Ancaq ən böyük problem Bakı məsələsi idi ki, aradan qaldırılmışdı, hökumət ölkənin ürəyi sayılan şəhərə köçmüşdü. Bir qədər rahat nəfəs almaq olardı. Amma, Rəsulzadənin təbirincə desək, qədərin imtahanları tamam deyilmiş. Bakının azad olunmasından 45 gün sonra Osmanlı dövləti Birinci dünya müharibəsində məğlub olduğunu qəbul etdi və Mudros atəşkəs müqaviləsini imzaladı. Bununla da Cümhuriyyətimiz üçün yeni problemlər yarandı.

***

Mudros müqaviləsinin XI maddəsinə görə, Osmanlı qoşunları Azərbaycandan çıxacaqdılar. İngilislər özlərinin Şimali İrandakı qüvvələrinin (North Persia Force – Norper Force) bir hissəsini general Uilyam Tomsonun rəhbərliyi altında Bakıya çıxarılmasını planlaşdırırdılar.

Əlbəttə bu xəbər Bakının rus və erməni əhalisinin böyük sevincinə səbəb oldu. Onlar xristian həmrəyliyinə güvənərək ingilislərin onları himayə edəcəyinə və Azərbaycan hökumətindən qurtulacaqlarına ümid edirdilər. Bu münasibətlə dərhal Ənzəliyə, Tomsonun yanına nümayəndələr də göndərdilər.

1918-ci ilin yayında Bakı uğrunda döyüşlərdə sovet qoşunlarına kömək edən Lazar Biçeraxovun kazak dəstələri məğlubiyyət öncəsi cəbhədən çəkilərək Dağıstana tərəf getdi. İndi türklərin Bakıdan getməsini eşidəndən sonra Biçeraxov da yenidən Bakıya doğru hərəkət etdi. "Vahid və bölünməz Rusiya" prinsipindən çıxış edən Biçeraxov Azərbaycanın müstəqilliyini rədd edir, Bakıda özünün başçılıq etdiyi hökumət qurmağı planlaşdırırdı.

Cümhuriyyət xadimləri belə bir mürəkkəb vəziyyət qarşısında qalmışdılar. Əlbəttə ingilislərə müqavimət göstərməkdən söhbət gedə bilməzdi. Yaranmış şəraitdən siyasi və diplomatik yollarla çıxmaq yolları aranırdı. Belə addımlardan biri kimi bayrağın dəyişdirilməsi müzakirə olunudu. Çünki yuxarıda göstərildiyi kimi, mövcud bayraq Azərbaycan-Osmanlı dostluğunun rəmzi idi. İndi, Osmanlı müharibədə məğlub olduğu bir zamanda belə yaxınlığı ingilislərin gözünə soxmaq ağıllı addım olmazdı.

Zatən Nəsib bəy Yusifbbəyli, Musa bəy Rəfiyev və Əhməd bəy Ağayevdən ibarət Azərbaycan nümayəndə heyəti ilə Ənzəlidəki görüş zamanı general Tomson belə bir yaxınlığa işarə etmiş, Azərbaycandakı hökumətin xalqdan mandat almadığını, Osmanlı komandanlığının sayəsində yarandığını deyirdi. Bu iddia əlbəttə yanlış idi. Hökumət, Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərin nəticələri əsasında formalaşan Milli Şura tərəfindən yaradılmışdı. Bununla belə, Tomsonun iddiası narahatlıq doğurmaya bilməzdi.

Belə bir şəraitdə bayrağın dəyişdirilməsi barədə qərar qəbul edildi. Noyabrın 9-da Nazirlər kabinetinin verdiyi qərarla yaşıl, qırmızı və mavi zolaqlardan, ağ rəngdə aypara və səkkizguşəli ulduzdan ibarət yeni dövlət bayrağı yaradıldı. Özü də bu zaman İlham Əliyevin dediyinin əksinə olaraq, ingilislərin ultimatumu barədə tarixçilərə heç nə məlum deyil.

***

Milli Şuranın mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinin 6-cı bəndində ölkənin gələcək üsul-idarəsini müəyyən etmək üçün Müəssislər Məclisinin çağırılması nəzərdə tutulurdu. Parlament də məhz bu hadisədən sonra yaradılmalı idi. Lakin noyabrda yaranan vəziyyəti müzakirə edən milli qüvvələr belə bir qənaətə gəldilər ki, Müəssislər Məclisini gözləmək olmaz və ingilislərin dəstəyini qazanmaq üçün parlamentin təsis olunması vacibdir. Noyabrın 19-da Milli Şura Rəsulzadənin sədrliyi ilə parlamentin çağırılması və üzvlərinin seçilməsi qaydalarını müəyyənləşdirən qəraralar qəbul etdi.

Ölkədə yaşayan xalqlara hər 24 min nəfərə 1 deputat hesabı ilə müsəlmanlara 80, ermənilərə 21, ruslara 10, gürcü, yəhudi, alman və polyakların hərəsinə isə 1 yer ayrıldı. Daha 3 yer Bakı həmkarlar təşkilatı şurasına, 2 yer isə Bakı sənaye-ticarət təşkilatın verildi. Vaxtın azlığını nəzərə alaraq parlament üzvləri ümumxalq səsverməsi ilə deyil, kooptasiya – nümayəndələr göndərmək yolu ilə seçiləcəkdilər.

Dekabrın 7-də Azərbaycan parlamentinin ilk iclası oldu. Fətəli xan Xoyskinin qurduğu yeni hökumət dekabrın 26-da parlamentdən etimad aldı. İki gün sonra general Tomson bu hökuməti Azərbaycan ərazisində yeganə legitim hakimiyyət orqanı kimi tanıdı. Yanvar ayında isə hökumətin istəyi ilə ingilislər Biçeraxova Azərbaycandan çıxmasını əmr etdilər. Bu inanılmaz nailiyyət idi. Cəmi 50 gün öncə Azərbaycan sözünü eşitmək istəməyən indi onun hökumətini tanıyır, üstəlik, hərtərəfli yardım göstərəcəyini vəd edirdi. Biz bütün bunlara bircə güllə atmadan, ağıl və sağlam düşüncə hesabına nail olduq.

***

Sovet dövründən qalan ənənə əsasında bizdə Birinci dünya müharibəsinin əhəmiyyəti və nəticələri ciddi araşdırılmır. Halbuki, müasir Avropanın formalaşması kiçik istisnalarla məhz bu müharibə ilə başa çatıb, dörd ölkədə monarxiyaya süqut edib, imperiyalar çöküb.

Azərbaycan Cümhuriyyəti də Birinci dünya müharibəsinin övladı idi və olduqca çətin şərtlər daxilində yaranmışdı. 1991-ci ildə ikinci müstəqilliyimizi qazanarkən bir-iki istisna ilə müstəqil dövlətin bütün strukturları, orqanları varımız idisə, o zaman heç nə yox idi. Rəsulzadə və silahdaşları Cümhuriyyəti yoxdan və təkrar edirəm, inanılmaz dərəcədə ağır şərtlər altında yaratdılar.

Azərbaycan Cümhuriyyəti Rusiya imperiyasının ərazisində yaranan dövlətlər arasında ən demokratiki idi desək, yanılmarıq. Şərqdə belə bir mütərəqqi dövlətin yaranması fenomenal hadisə idi. Onunla bağlı öyünəsi, qürur duyası çox şeyimiz var. Və haqlı olaarq qürur duyan milyonlarla insanımız da var.

16 ildir müstəqil Azərbaycana rəhbərlik edən İlham Əliyev isə xalqımıza divan tutan, onminlərlə insanımızı qətlə yetirən, torpaqlarımızı qonşulara verən, soydaşlarımızı Ermənistandan Azərbaycana, Azərbaycandan Qazaxıstana sürgün edən sovet hökuməti barədə bi dəfə mənfi fikir səsləndirməyib, amma dəfələrlə Cümhuriyyət və onun xadimləri haqqında mənfi, hətta aşağılayıcı fikirlərinin şahidi olmuşuq.

İlham Əliyevin 1992-1993-cü illərin AXC-Müsavat hakimiyyəti əleyhinə mütəmadi həmlələrini anlamaq mümkündür. Həmin hakimiyyətdə təmsil olunan çoxlu sayda insan indi də ona qarşı müxalifdir. Amma 100 il öncə mövcud olan Cümhuriyyətə ittihamları nə anlaşılan, nə də rasionaldır. Ümid edirəm, yaxın ətrafından kimsə bunları ona deyəcək.

Ana səhifəXəbərlərBayraq necə və niyə dəyişdirildi