Baş redaktor məhkəmə heyətinə etiraz etdi

Lakin baş redaktor və müdafiəçisinin vəsatəti təmin olunmamışdı.

Source: google.az


İkram Rəhimov aclıq aksiyasını davam etdirdiyini deyir

“Realliq.info” saytının həbsdə olan rəhbəri İkram Rəhimov avqustun 7-dən başladığı aclıq aksiyasını davam etdirdiyini deyir. Bu barədə o, avqustun 21-də öz məhkəməsində danışıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə İ.Rəhimovun 5 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verdiyi şikayətə baxılır. İki həftə öncə məhkəmənin hazırlıq iclasında İ.Rəhimov və vəkili vəsatət qaldırmışdı ki, apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılsın, şahidlər dindirilsin, sübutlar araşdırılsın. Onların sözlərinə görə, birinci instansiya məhkəməsi obyektiv və ədalətli araşdırma aparmayıb, qərəzli davranıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən dindirilmiş şəxslərin ifadələrinin məhkəmə-iclas protokollarında saxtalaşdırıldığını iddia edirlər.

Lakin baş redaktor və müdafiəçisinin vəsatəti təmin olunmamışdı.

Bugünkü məhkəmə iclasında İ.Rəhimov Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verib. Bildirib ki, bu hakimlər qərəzlidir, işin obyektiv araşdırılmasında maraqlı deyil. Ona görə də şikayətinə bu tərkibin baxmasını istəmir.

Bu səbəbdən məhkəmə təxirə salınıb. Çünki hakimlər kollegiyasına edilən etiraza Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev baxıb qərar verməlidir.

Elə məhkəmə iclasında İ.Rəhimov aclığı davam etdirdiyini, yalnız su qəbul etdiyini bildirib. Onun bildirdiyinə görə, iki həftədir davam etdirdiyi aksiya nəticəsində artıq səhhətində problemlər yaranıb.

İ.Rəhimov 2018-ci il oktyabrın 26-dan həbsdədir. Həmin gün o, “Turan” informasiya agentliyinə gedib, prezidentin köməkçisi Əli Həsənovla bağlı yazılarına görə təqib olunması, həbs təhlükəsilə üzləşməsi barədə müsahibə verib çıxandan az sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham irəli sürülüb. İ.Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il 6 ay azadlıqdan məhrum edilib.

İ.Rəhimov özünü təqsirli bilmir və Ə.Həsənovun sifarişiylə həbs olunduğunu, onun haqqında tənqidi yazılarına görə cəzalandırıldığını deyir.

Ana səhifəXəbərlərBaş redaktor məhkəmə heyətinə etiraz etdi