Baş Prokurorluq: Xəstəxanada 314 min 400 manat mənimsənilib

Məlumatda bildirilir ki, Zinyət İsmayılova yeni baş həkimlə də eyni işi görüb.

Foto: Azərtac


"Bu işi görən baş həkimin müavini Zinyət İsmayılovadır"

"23 saylı Birləşmiş Şəhər Xəstəxanasında əməkhaqqı kartları ilə bağlı növbəti maxinasiya ifşa edilib".

Baş Prokurorluğun yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, bu işi görən xəstəxananın baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovadır.

“Araşdırma zamanı məlum olub ki, Zinyət İsmayılova bu il aprelin 13-dək xəstəxananın baş həkimi olmuş Rəsul Baxşəliyevlə birlik olub 2015-ci ildən bu yana xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin işə gəlməmələrinə şərait yaradıblar. Bunun müqabilində onların əməkhaqqı kartlarını özlərində saxlayıb, kart hesablarına mədaxil olunan pulları mənimsəyiblər. Mənimsənən məbləğ 314 min 400 manatdır”.

Məlumatda bildirilir ki, Zinyət İsmayılova yeni baş həkimlə də eyni işi görüb. Aprelin 13-dən yeni təyin olunmuş baş həkim Ceyhun Yusifovla birlikdə 13 min 800 manatı hər ay nağdlaşdırıb və öz aralarında bölüblər”.

Baş Prokurorluq bildirir ki, istintaq zamanı vurulmuş maddi ziyanın 112 min manatı dövlət büdcəsinə geri ödənib: “Hazırda cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin dairəsinin müəyyənləşdirilməsi və vurulmuş maddi ziyanın qalan hissəsinin ödətdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir”.

Baş Prokurorluq bildirir ki, oxşar əməllər 1 nömrəli uşaq Somatik sanatoriyasında da baş verib.

Sanatoriyanın vəzifəli şəxslərinin əmək haqqı kartları ilə bağlı maxinasiyaları ifşa edilib.

Prokurorluq bildirir ki, sanatoriyasının baş həkimi Dilay İslamova və həmin müəssisənin baş mühasibi Burhan Cəfərovun qanunsuz əməlləri ilə əlaqədar əməliyyat keçirilib.

Onlar barəsində baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq hazırda istintaqı aparılır.

"Aparılan istintaq-əməliyyat tədbirləri ilə Dilay İslamova və Burhan Cəfərovun sanatoriyada işçi kimi rəsmiləşdirilən, lakin faktiki olaraq işə gəlməyən ayrı-ayrı tibb işçilərinin əməkhaqqı kartlarını özlərində saxlamaqla həmin kart hesablarında olan ümumilikdə 32 min 700 manat məbləğində pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda bildirilir.

Prokurorluq əlavə edir ki, istintaq zamanı qeyd edilən vəzifəli şəxslər tərəfindən vurulmuş maddi ziyanın tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Ana səhifəSosialBaş Prokurorluq: Xəstəxanada 314 min 400 manat mənimsənilib