Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldığı bildirilir
Bu barədə Baş Prokurorluq və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu gün, martın 18-də birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Endokrinoloji Mərkəzin vəzifəli şəxslərinin “qanunsuz hərəkətləri ilə bağlı” daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
Əlavə edilir ki, Mərkəzin vəzifəli şəxslərinin şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların qeydiyyata alınması, müxtəlif dərman vasitələri ilə təmin olunması məqsədilə müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr yaranıb.
“Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir”, – məlumatda deyilir.
Rəsmi açıqlamaya Mərkəzin rəhbərliyindən, cinayət işinə cəlb edilən vəzifəli şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Qeyd edilən maddələrlə şəxslərə ümumilikdə 7 ilə qədər həbs cəzası verilə bilər.