Bankla bağlı 8 milyonluq mənimsəmə ittihamı – 10 il həbs tələbi

“AtraBank”-ın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin məhkəməsi yekunlaşır

Source:
AtraBank
AtraBank


“AtraBank”-ın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin məhkəməsi yekunlaşır

2016-cı ilin yanvarında Mərkəzi Bank “AtraBank”-ın lisenziyasını ləğv edəndən az sonra onun rəhbəri də həbs olundu. Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyev aylardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Hakim Fikrət Qəribovun sədrliyilə keçirilən məhkəmə prosesi başa çatmaq üzrədir. İyunun 27-də dövlət ittihamçısı çıxış edərək Elmixan Nəbiyevin 10 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, keçmiş bank rəhbərinə qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.

Elmixan Nəbiyev Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Sabiq bank rəhbəri ilə bağlı istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizəİdarəsində aparılıb. İttihamda yazılıb ki, Elmixan Nəbiyev qanunvericiliyin şərtlərini pozub, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələr yaradıb. Həmin müəssisələr onun özünün və dost-tanışının adına olub.

Sözügedən müəssisələrin adına 8 milyon 405 min manat qanunsuz kreditlər rəsmiləşdirilib. Eyni zamanda, fiziki şəxslərin adlarına da ümumilikdə 809 min manat kredit rəsmiləşdirilərək mənimsənilib.

Elmixan Nəbiyev məhkəmədə ifadə verərkən özünü təqsirli bilmədiyini deyib. Bankın səhmlərinin 99.3 faizinə sahib olan Elmixan Nəbiyev bildirib ki, fəaliyyət göstərdiyi 23 il ərzində qanunu pozmayıb. Kimsənin bir manatını da mənimsəmədiyini deyən sabiq bankirin sözlərinə görə, özünün şəxsi avtomobili də yoxdur.

Məhkəmədə “Qaradağ Maşınqayırma Zavodu” ASC-nin direktoru Asif Bədəlov, tikinti materiallarının alqı-satqısıyla məşğul olan şirkətin rəhbəri Ağamirzə Arazov, Polad” MTK-nın rəhbəri Faiq Bədəlov və başqaları şahid qismində dindirilib. Onlar başqa şəxslər üçün adlarına kredit götürülməsindən danışıblar. Bildiriblər ki, həmin şəxslərin bank rəhbərliyilə yaxşı münasibətləri vardı.

“Dostum Əkbər Məmmədovun xahişi ilə bankdan adıma 390 min dollardan çox kredit götürdüm. Sonra krediti zavodun adına sənədləşdirdik. Pulu bankdan götürüb ona verdim, krediti də özü ödəməliydi”, – şahid Asif Bədəlov bildirib.

Şahid Faiq Bədəlov isə Əkbər Məmmədov üçün 255 min dollar kredit götürüb:

“Şirkətin adına bankda 1 milyon dollarlıq xətt açılmışdı. Həmin xətlə də bankdan 255 min dollar kredit verildi. Krediti də Əkbər müəllimin özü ödəyirdi”.

Şahid Ağamirzə Arazov isə deyir ki, iş yoldaşı Rəşad Gərayzadənin xahişi ilə “AtraBank”dan onun adına 1 milyon dollar kredit götürüb: “Həmin pulu götürüb, elə kassaya da verdim. Yalnız sənədlərə qol çəkmişəm, 1 milyon dolları isə görməmişəm. Mən həmin zaman Elmixan müəllimlə müqavilə bağladım ki, ödəniş Rəşadın bankda adına olan depozit hesabından çıxılsın”.

Hakim Əkbər Məmmədov üçün kredit götürən şahidlərin nəzərinə çatdırıb ki, o adam özü də məhkəmədə dindirilib. Bildirib ki, o, kredit ödəməyib.

Ana səhifəXəbərlərBankla bağlı 8 milyonluq mənimsəmə ittihamı – 10 il həbs tələbi