“Bu 20 ildə bir gün də yadımdan çıxmadı. Axıra qədər çalışdım ki, balamın qanı yerdə qalmasın. Bundan sonra da çalışacağam…“, – bunu 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilmiş Elçin Əliyevin anası Səmayə Əliyeva deyir.
Martın 15-də həbs olunan general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunur.
Səmayə Əliyeva bildirib ki, ötən 20 il ərzində Rövşən Əkbərovun cəzalandırılması üçün dövlət orqanlarına saysız-hesabsız məktublar, teleqramlar göndərib: “Ümidimi itirmirdim. Prokurorluqda dəyişiklikdən sonra yenə də müraciət eləmişdim. Mən 20 il əvvəlki kimi deyiləm, xeyli yaşlaşmışam. Amma yenə də dayanmırdıq. Sağ olsunlar ki, indi də olsa, kömək elədilər. Düzdür, balamı geri qaytarmayacaq, amma az da olsa, təsəllidir…”
Hələ 2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazıb. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilib. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılıb.
Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək, Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər. Anası Səmayə Əliyeva bir neçə il öncə Meydan TV-yə müsahibəsində bildirmişdi ki, hətta prezidentin Qəbələ səfərində çətinliklə də olsa, ona yaxınlaşıb, şəxsən özünə məktubunu vermişdi.
2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valieynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.
Uzun illər əvvəl çıxarılmış icraatın dayandırılması barədə qərar 2020-ci ildə ləğv edilib. Elçin Əliyevin qətlilə bağlı cinayət işi üzrə icraat təzələnib və prosesin nəticəsi olaraq, Rövşən Əkbərov təqsirləndirilən şəxs qismində tanınaraq həbs olunub.