Bakının inkişafı – Azərbaycanın mərkəzində müasir quldarlıq

Dünyada çox az avtoritar dövlət Azərbaycan kimi böyük beynəlxalq tədbirlərdən yararlanaraq dünya miqyasında nüfuzlarını artırmağa çalışıb.

Source: Svetlana Tiourina
Bakının inkişafı – Azərbaycanın mərkəzində müasir quldarlıq


Dünyada çox az avtoritar dövlət Azərbaycan kimi böyük beynəlxalq tədbirlərdən yararlanaraq dünya miqyasında nüfuzlarını artırmağa çalışıb.

Azərbaycan yenidən qurulmuş Heydər Əliyev adına idman kompleksində 2007-ci ildə Bədii Gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib. Keçirilən beynəlxalq yarışların davamı olaraq 2015-ci ildə Lady Gaga Olimpiya Stadionunda təşkil olunmuş ilk Avropa Oyunlarının açılış mərasimində "İmagine" (“Təsəvvür et”) mahnısını ifa edib. Bundan bir il sonra isə Formula-1 yarışının keçirilməsi üçün İçəri şəhərin divarları boyunca asfalt yol yenidən çəkilib.

Hüquq müdafiəçiləri və demokratiya tərəfdaşları müxalifət partiyalarının susdurulduğu, jurnalistlərin həbs olunduğu və neft sərvətinin hakim elitanın kiçik bir dəstəsinin nəzarət etdiyi bir ölkədə bu cür yarışları keçirməklə hakimiyətin beynəlxalq imicini möhkəmləndirməyə çalışdığını deyib.

İdman yarışlarının keçirilməsinin əsas təşəbbüskarlarından biri olan Gənclər və İdman Naziri Azad Rəhimov Fransız xəbər agentliyi AFP-yə müsahibəsində “Bu hadisələrin hər biri Azərbaycanın dünya xəritəsindəki yerini gücləndirir”-qeyd edib.

OCCRP-in yeni araşdırması nazir Rəhimovun həyata keçirdiyi bəzi layihələrdə insan dəyərini ortaya qoyur və dövlətin imicini qorumaq üçün nə qədər səy göstərdiyini ortaya çıxarır.

Bu binaların bir çoxu Azad Rəhimovun həyat yoldaşının sahibi olduğu şirkət tərəfindən Bakıya gətirilən Balkanlılar tərəfindən inşa və təmir olunub. Onlar çətin şəraitdə və demək olar ki, heç bir ödəmə olunmadan işləməyə məcbur ediliblər. İş zamanı 2 nəfər həyatını itirib, digərlərinin isə evdən uzaqda keçirdikləri vaxt və yaşanılanlar əbədi olaraq yaddaşlarına həkk olunub.

“Həyatınız boyunca daşıyacağınız bu travmalar”,- Azərbaycana göndərilən Bosniyalı işçilərdən biri olan Seudin Zoletiç belə deyir. “Bu xatirə əbədi olaraq yaddaşımızda qalacaq. O həmişə oradadır. Hər zaman… Kiminləsə görüşəndə, xatırlayırsan. İndi mənim xatırladığım kimi, hər zaman nəfəs alanda..”

MinisterTopImage.jpg
Gənclər və İdman Naziri Azad Rəhimov – illustrasiya

Tərəqqi naminə qullar

On ildən çoxdur ki, müasir Avropada ən çox əmək istismarı faktlarının mərkəzində duran ofşor şirkəti “SerbAz”-ın sahibləri məlum deyil.

2006-2009-cu illər arasında şirkət Azərbaycanın paytaxtı Bakıda ən vacib binaların tikilməsi və ya yenidən qurulması üçün Balkan ölkələrindən 700-dən çox işçi gətirib. Bunlar arasında hər ikisi də mühüm dövlət tədbirləri üçün istifadə edilən “Buta Palace” adlı nəhəng əyləncə kompleksi və böyük bir sərgi mərkəzi var. Bəzi layihələr Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib.

Ancaq bu binalarda işləyən xarici işçilərə müasir qullardan bir az yaxşı rəftar edilib. Onlar az qidalanaraq gərgin şəraitdə yaşayıb və əziyyət çəkərək 12 saat işləyib. Onların pasportlarına əl qoyulub və maaşlarından kəsilib. İşçilərdən bəziləri döyülüb, ən azı iki nəfər həyatını itirib.

İşçilərlə bağlı faktlar üzə çıxdıqda, adamlara borclu olduqlarının bir qismini ödəyib, onları evlərinə göndəriblər. Azərbaycan hökuməti onu cavab verməyə çağıranlara məhəl qoymayıb və bu sui-istifayə görə şirkətin Balkan ölkələrindəki rəhbərlərini günahlandırıb. Polis heç vaxt şirkəti ittiham etməyib, “SerbAz” şirkətinə qarşı qaldırılan mülki iddia tezliklə rədd edilib və şirkət sahibləri sirr olaraq qalıb.

Rahimov.jpg
Gənclər və İdman naziri Azad Rəhimov. Mənbə: Gənclər və İdman Nazirliyi

İşçilər, hüquqşünaslar və insan haqları təşkilatları, “SerbAz” şirkətinin rəsmilər tərəfindən qorunduğundan şübhələnirdilər. Çünki şirkətdəki işlər güclü əlaqələri olan “insayderlər”dən fayda əldə edir. Ancaq bu haqda heç bir dəlil yoxdur.

Bu hekayə Rəhimovaya məxsus “ItalDizain” adlı ictimai brend ilə əlaqəlidir. Şirkət bəzən sənədlərdə "Italdizayn" kimi adlandırılır və bu addan istifadə edən iki şirkət, "Italdizayn QSC" və "Italdizayn Group MMC” (ID Group MMC) Azərbaycanda qeydiyyatdan keçib.

İndi OCCRP tərəfindən illərdir ki, davam edən araşdırma, “SerbAz-ın arxasındakı güclü dayağın Gənclər və idman naziri Azad Rəhimovdan başqası olmadığını ortaya qoyur. “SerbAz” şirkətini icarəyə götürərkən nazirin dövlətin pulunu ailəsinin xeyrinə istifadə etmək üçün həyat yoldaşının şirkəti ilə müqavilələr bağlaması haqda yetərli sübutlar var.

Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimovanın və şəriki olan şəxsə məxsus lüks idxalçı şirkət olan “ItalDizayn” “SerbAz” şirkətinin partnyoru kimi görünür. Siyasətə gəlmədən öncə nazirin özü "ItalDizayn" şirkətinin direktoru idi.

Zülfiyyə Rəhimovanın heç vaxt ictimai şəkildə Azad Rəhimovun həyat yoldaşı olduğu açıqlanmayıb, lakin onlar Bakıda eyni ünvanda rəsmi qeydiyyatdadırlar.

Rəhimov 2006-cı ilin əvvəlində Prezident İlham Əliyev tərəfindən Gənclər və idman naziri təyin olunanda siyasi baxımdan yeni bir sima idi. Bir neçə gün sonra göndərilən ABŞ səfirliyinin diplomatik teleqramında Rəhimov "Prezident və xanımı ilə sıx əlaqəsi" olan şəxs kimi xarakterizə edilib.

O vaxtdan bəri, nazir Azərbaycan rejiminin dünyaya müasir sima təqdim etmək səylərində əsas rol oynayan nazirliyin təşkil etdiyi bir sıra möhtəşəm layihələrə rəhbərlik edib.

“SerbAz” işçilərinin əksəriyyəti 2009-cu ilin payızında vəziyyətləri açıqlandıqdan sonra azad edilib və Azərbaycanı tərk ediblər. Onlar hələ də iddialarının qanuni olaraq tanınmasını gözləyirlər. Lakin Rəhimovun nazirliyi 2010-cu ilə qədər “SerbAz”-a milyonlarla dollar ödəməyə davam edib.

butawork
Tikilməkdə olan Buta Palace

Üstünlük verilən podratçı

Gənclər və İdman naziri təyin olunduqdan qısa müddət sonra ilk dəfə Azad Rəhimova böyük sıçrayış etmək şansı doğdu. 2006-cı ilin sonunda 2007 Bədii Gimnastika Çempionatının növbəti ilin yayında Azərbaycanda keçiriləcəyi açıqlandı.

Bu tədbir Azərbaycanın birinci xanımı və ölkənin rəsmi gimnastika federasiyasının rəhbəri Mehriban Əliyeva üçün xüsusilə vacib idi.

Ancaq problem var idi. Təklif olunan məkan, hazırda oğlu ölkəni idarə edən mərhum keçmiş prezident Heydər Əliyevin adını daşıyan əsas idman kompleksi yenilənməli idi.

Layihənin təcili olmasına görə Rəhimov sonradan izah etdi ki, normal təklifvermə proseduru üçün vaxt yoxdur. Bunun əvəzinə başqa bir dövlət qurumundan lazımi təsdiq aldıqdan sonra nazirlik “SerbAz” ilə 4.6 milyon manat dəyərində (5.3 milyon dollar) müqavilə imzaladı.

AliyevVisit.jpg
Prezident İlham Əliyev və Gənclər və idman naziri Azad Rəhimov 13 iyun 2007-ci il tarixində “SerbAz” tərəfindən təmir edilən Heydər Əliyev İdman və Sərgi Kompleksini ziyarət etdilər.

Daha sonra şirkəti seçməyinin səbəbini əsaslandırmağı xahiş ediləndə nazir, kompleksin "müxtəlif konfiqurasiyaya və mürəkkəb memarlığa" sahib olduğunu və təmiri üçün xaricdə istehsal olunan "ən müasir materiallar" lazım olduğunu deyib. Buna görə də "bu sahədə böyük təcrübəyə" sahib bir operator şirkət tapmalı olub.

“SerbAz” o zaman, hətta 2007-ci ilin martında müqavilə imzalananda da heç bir təcrübəyə sahib deyildi. OCCRP-nin tapdığı şirkət qeydlərinə görə, “SerbAz” Azərbaycanda təxminən bir həftə sonra təsis edilib. Ayrıca, yerli mətbuatda şirkətin bu işi görməsi üçün rəsmi olaraq seçilməsindən bir il əvvəl kompleksdə işləməyə başladığı bildirilir.

29 iyun 2007-ci ildə binada bədii gimnastika üzrə 23-cü Avropa çempionatının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tamaşaçıları və idmançıları salamlayıb. Prezidentin həyat yoldaşı Mehriban Əliyeva da çıxış edib. O, bəlkə də bu anda yeni kompeksin öz layihələri üçün istifadə olunacağını düşünürdü.

Mehriban Əliyevanın sevimli idmanı


Parlamentin üzvü və vitse-prezident kimi fəaliyyət göstərən Prezident İlham Əliyevin xanımı Mehriban çoxdandır ki, gimnastikaya maraq göstərirdi. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və rəsmi tərcümeyi-halında, o, "beynəlxalq aləmdə nüfuzu artmaqda olan” idman üçün



"



gözəl təşkilatçı


" kimi təsvir olunub.

İlk təmir işləri başa çatdıqdan sonra “SerbAz”, mərkəzdə əlavə işlər görmək üçün daha 600.000 manatlıq (700.000 dollar) xidmət müqaviləsi bağlayıb. Ancaq bu yalnız başlanğıc idi.

ContractsChart1.png
Bu məlumatlar Rəhimovun “SerbAz”-ın nazirliklə işini izah etmək üçün prokurorlara göndərdiyi rəsmi məktubdan alınıb

2007-2009-cu illər arasında şirkətin xarici işçiləri Azərbaycanda ən azı 6 başqa layihə üzərində işləyiblər. Bunlardan ən azı ikisi nazirlik tərəfindən maliyyələşdirilib: Səadət Sarayının bərpası 17 milyon manata (20.9 milyon dollar) və Olimpiya avarçəkmə bazasının tikintisi 32 milyon manata (38.8 milyon dollar) başa gəlib. “SerbAz”-ın digər layihələrinə “Buta” Sarayı, “Baku Expo” sərgi mərkəzi və hazırda Əliyevlər ailəsinə məxsus məşhur lüks ticarət mərkəzi olan “28 Mall” daxildir.

PalaceOfHappiness.jpg
Bakının mərkəzindəki Səadət Sarayı

Səadət Sarayı


Bakının mərkəzində neoqotik üslubda tikilmiş Səadət Sarayı, şəhərin diqqətəlayiq tarixi binalarından biridir.


20-ci əsrin əvvəllərində, yerli bir neft maqnatı, Avropaya səyahətlərindən birində oxşar bir fransız binasına heyran qalan həyat yoldaşına hədiyyə olaraq inşa etdirib. Sovet dövründə “Səadət Sarayı” adlandırılıb və bu gün də qoruduğu funksiyasına uyğun olaraq toy mərasimləri üçün istifadə edilir.


Rəhimov prokurorlara göndərdiyi məktubda, binanın bərpası üçün niyə məhz “SerbAz”-ın seçildiyini izah edərək, şirkətin "tarixi memarlıq abidələrinin bərpası ilə məşğul olduğunu" söyləyib.


Əslində isə “SerbAz” bir neçə ay əvvəl qurulmuşdu və çalışdırdığı işçilərin əksəriyyəti ixtisasca təcrübəsi olmayan sadə işçilər idi. Azadlıq Radiosu layihə ilə bağlı bir xəbərində, “SerbAz”-ın "peşəkar olmadığını" və "bərpaçı olmadığını" deyən yerli memardan sitat gətirir.

Ofşor sirri ortaya çıxır

Azad Rəhimovu “SerbAz” şirkətiylə əlaqələndirmək illər çəkdi, çünki şirkətin şəxsi məlumatları Azərbaycandan minlərlə kilometr məsafədəki yurisdiksiyalarda gizli saxlanılır. Azərbaycanlı mühacir hüquqları təşkilatı, Serbiya insan hüquqları qrupu və Bosniya prokurorları şirkətin qeyri-şəffaf şirkət quruluşunu üzə çıxarmaqda uğursuz olub.

Faktiki olaraq “SerbAz” fərqli yurisdiksiyalarda iki fərqli şirkət kimi qeydiyyatdan keçib. Azərbaycanda şirkət “SerbAz Dizayn və İnşaat” adı altında fəaliyyət göstərir. Bu, Anqila ofşor zonasında qeydiyyata alındığı üçün həqiqi sahibləri müəyyən edilə bilməyən “Acora Business” şirkətinə məxsusdur. Bu müqaviləni imzalayan və nazirlikdən ödəniş alan isə “SerbAz” şirkətidir.

ItalDizainStructure2009.jpg
“ItalDizayn” şirkətinin veb saytının öncəki versiyasında təşkilati strukturu müəyyən edən qrafikdə “SerbAz”-ı törəmə şirkət olaraq göstərir.

Digər “SerbAz” şirkəti, Hollandiyada mütləq anonimliyə imkan verən, məhdud ortaqlığı olan korporativ bir quruluş olaraq “

SerbAz Property

” (“SerbAz Mülkiyyət) adı ilə qeydiyyata alınıb.

Bu hər iki korporativ sənədlərin izi yoxa çıxıb, ancaq OCCRP müxbirləri başqa bir ipucu tapıb. İnsayderin verdiyi bir məlumata görə, işçilər aşkarlandıqdan və evlərinə qayıtdıqdan sonra başqa bir Azərbaycan şirkəti, “Creacon İnşaat” tikinti işini “SerbAz”-dan alıb.

2012-ci ildə Azərbaycan şirkət məlumatlarına girişi məhdudlaşdıraraq şirkətin mülkiyyət strukturlarını sirr olara saxlayıb.

Lakin şirkətin qeydiyyatı ləğv olunmamışdan əvvəl azərbaycanlı jurnalistlər məlumat bazasının bir hissəsini ortaya çıxarmağı bacardılar. Qeydlər göstərir ki, “Creacon” şirkətinin iki səhmdarından biri “ItalDizain Group”dur.

“ItalDizayn” Azərbaycanda lüks markaların idxalçısı kimi tanınıb. Əlavə olaraq şirkət telekommunikasiya, əmlak və “Cartier” markalı saatlardan “Baccarat” markalı süfrələrə qədər hər şeyi satan lüks butikləri özündə birləşdirən böyük bir holdinqə çevrilib.

Uğurlu bir fasilə jurnalistlərə “SerbAz”-ın arxasında duran əlaqələri tamamlamağa kömək etdi. Milyonlarla veb saytın qeyri-kommersiya kitabxanası olan İnternet Arxiv, “SerbAz”-ın işçilərinə qarşı qəddar rəftarının aşkarlandığı 2009-cu ilin yanvar ayından bəri “SerbAz”-ı törəmə şirkət olaraq göstərən təşkilati strukturunu müəyyən edən sxemi dərc edən “ItalDizayn” şirkətinə məxsus saytın əvvəlki versiyalarını saxlayıb.

“SerbAz”-ın “ItalDizain Group”-un törəmə şirkəti olduğuna dair digər sübutlar var. Məsələn, o dövrdə işlə bağlı reklam şirkəti törəmə kimi göstərir. “ItalDizayn” şirkətinin saytında "Haqqımızda" bölməsində “SerbAz” həm də törəmə kimi göstərilib. Sonda mənbələr bu əlaqəni təsdiqləyib.

Jurnalistlər işçilərin əməyindən faydalanan “ItalDizayn” şirkətinin arxasında kimin olduğunu bilmək üçün yola çıxdılar. Burada ortaya çıxarılmış korporativ qeydlər bir daha onlara yol göstərib.

Bu sənədlər lüks holdinqin tamamilə “Argulux” adlı bir Lüksemburq şirkətinə məxsus olduğunu göstərir. “Argulux” Gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimova və Rəhimovun ortağı olduğu görünən Elçin Zeynalova aiddir.

Rəhimov və “İtalDizayn”


Rəhimovun “İtalDizayn” ilə əlaqəsinin həyat yoldaşının mülkiyyətindən də o tərəfə keçdiyinə dair sübutlar var.


“İtalDizayn” 1996-cı ildə Bakıda yaradılıb. Rəhimov 1998 və nazirliyə təyin olunduğu 2006-cı illər arasında şirkətin direktoru olub. Şirkətin səhmdarları naməlumdur, lakin 2006-cı ildən sızan ABŞ-ın məxfi diplomatik teleqramında Rəhimov şirkətin ortağı kimi göstərilib.


2009-cu ilin yanvar ayından etibarən “İtalDizayn” yeni bir Azərbaycan korporativ qurumu “ID Group”-un altında fəaliyyət göstərir. Bu, jurnalistlərin izlədiyi, Rəhimovun həyat yoldaşının və ortağı Elçin Zeynalovun ortaq şirkətidir.

Azərbaycanlılar nə bilirdilər?

Rəhimova, Zeynalov və ya başqa vəzifəli azərbaycanlının “SerbAz” şirkətinin sui-istifadələri ilə əlaqəsi əvvəllər heç işıqlandırılmayıb. İşçilər üzə çıxarıldıqda, Azərbaycan hökuməti “SerbAz”-a rəhbərlik edən, işçilərlə qarşılıqlı əlaqədə olan və özünü şirkətin sahibi kimi təqdim edən Balkan ölkələrindəki idarəçiləri günahlandırıb.

İşçilərin təcrübəsindən göründüyü kimi, öz bölgələrindən olan bu insanlar gündəlik pis rəftara üçün həqiqətən məsuliyyət daşıyırdılar. Məhkəmə nəticəsində ortaya çıxan yeganə cinayət işində, insan alveri ittihamı ilə 4 bosniyalı “SerbAz” işçisi məhkum edilib.

“Qəssab”


Məsələyə daxil olan, işçilərin tanıdığı azərbaycanlılardan biri Samir idi. İşçilər Samiri onları hava limanında qarşılayan və pasportlarını ələ keçirən adamlardan biri kimi göstərir. Həmçinin onu əsas təzyiq göstərənlərdən biri kimi təsvir edirlər. İşçilər jurnalistlərə "Qəssab" adlandırdıqları qısa boylu, əzələli olan bu şəxsin əlində silah gəzdirdiyini və tez-tez vəhşilik və zorakılıq göstərdiyini deyib. Bir dəfə bir işçini o qədər amansızca döyüb ki, başqa bir “SerbAz” işçisi onun işçini öldürməsinin qarşısını almaq üçün müdaxilə etməli olub.

Samir.jpg
“SerbAz”-ın işçisinin çəkdiyi fotoda qırmızı rəngli köynək geyinən Samirin işçilərə nəzarət edən bir şəxslə istirahət etdiyi görünür

İşçilərin "Polkovnik" deyə çağırdıqları və “SerbAz” ilə nazirlik arasında vasitəçi olduğu anlaşılan azərbaycanlı şəxs, onların addımlarına nəzarət etmək üçün məsuliyyət daşıyırdı. Nəhayət, deportasiya edilməzdən əvvəl, o, işçiləri onlara qarşı zorakılıq olmadığı və ödənişlərini tam aldıqları haqda ifadə imzalamağa məcbur edib. O, daha sonra işçiləri hava limanına qədər müşayiət edib və aylar əvvəl “SerbAz” tərəfindən ələ keçirilmiş pasportlarını geri qaytarıb. İşçilərin dediyinə görə, onun "telefon danışıqları" aparmaq və çıxışda sərhəddəki məmurlar tərəfindən sorğu-sual olunanlar üçün viza problemlərini həll etmək səlahiyyəti var idi.

Digər aparıcı şəxs, işçilərin Gənclər və İdman Nazirliyinin nümayəndəsi olduğunu düşündükləri Elçin Zeynalov idi.

Əslində Zeynalov rəsmi olaraq dövlət məmuru deyildi. Bununla yanaşı, o, Rəhimov 2006-cı ildə nazirliyə rəhbərlik etmək üçün şirkətdən ayrıldıqda, “SerbAz”-ın ana şirkəti olan “ItalDizayn” şirkətinə rəhbərlik edən əsas tərəfdaşdır.

OCCRP tərəfindən çəkilən iki fotoşəkildə onun şirkətin iki bosniyalı meneceri ilə birlikdə “SerbAz”-ın əsas tikinti yerlərindən biri olan “Buta” Sarayını ziyarət etdiyi görülür.

Rəhimov, bəzən Prezident İlham Əliyevin də müşayiəti ilə tikintidəki gedişatı yoxlamaq üçün binalara baş çəkib. Müsahibə zamanı binanı ziyarət edən Prezident necə olduqlarını soruşanda işçilərdən biri "xoroşo!" (rus dilində "yaxşı" deməkdir) demələri üçün onlara göstəriş verildiyini xatırlayır. İşçilər bunun əvəzində Prezidentə “net xoroşo” deyəcəkləri ilə hədələyiblər. Əliyev ziyarət etdiyi gün onlara istirahət verilib. Bu işçilərin o zamana qədər götürdükləri yeganə fasilə olub.

Bosniyalı konsol, 2009-cu ilin oktyabr ayında hadisə ictimaiyyətə məlum olduqdan sonra işçilərin vəziyyətini müzakirə etmək üçün Rəhimovla görüşəndə, nazir özünü “SerbAz” şirkətinin sui-istifadələrini artıq araşdıran nazirliyin məsul şəxsi və işləri yoluna qoymaq üçün təyin olunmuş dövlət “koordinaoru” kimi təqdim edib. Ancaq Bosniyadakı cinayət işində dəlil olaraq istifadə edilən görüşlə əlaqədar bir hesabatda göstərilir ki, Rəhimov konsula “SerbAz”-ın sui-istifadəsi barədə 2009-cu ilin mayında xəbər tutduğunu və məsələnin araşdırmağı tapşırdığını söyləyib. O, işçilərin pasportlarının müsadirə olunmasını “əsas insan hüquqlarının" pozulması kimi qiymətləndirib. Onun təyin etdiyi "koordinator" Elçin adlı bir adam idi – bəlkə də, bu, Rəhimovun uzun müddət işçisi olan və həqiqətən də “SerbAz”-ın ən böyük sahiblərindən biri olan Elçin Zeynalova istinad idi. Rəhimovun bosniyalı konsula həyat yoldaşının və Elçin Zeylanovun şirkətin sahibi olması haqqında heç nə söyləmir.

Rəhimov “SerbAz”-ın fəaliyyətindən narazı olduğunu və öz işçilərinin şirkətin işində "qanun pozuntuları" aşkarladığını söyləsə də, nazirlik həmin ilin oktyabr ayında şirkətlə yeni çox milyon dollarlıq müqavilə bağlayıb, həmin ay işçilərin vəziyyəti üzə çıxarılıb və iş dayandırılıb.

Nazirlik, həmçinin May-Oktyabr ayları arasında “SerbAz” şirkətinə cəmi 6.3 milyon dollar ödəyib. İşçilərin özləri o vaxt ərzində heç nə ala bilməyib və bu pulla nə edildiyi sualı yaranıb. “SerbAz” insayderinin hesablamasına görə, şirkət nəğd pulla işləyirdi və şirkətin maliyyəsini kimin tam nəzarətdə saxladığı məlum deyil.

Yoxa çıxan pul


“SerbAz”-ın daxili işləri hələ də bir sirdir, çünki şirkət nağd pul ödəyib və meydan oxuyanlara hədə-qorxu gəlib.


Şirkət sənədləri artıq mövcud deyil. “SerbAz”-ın iddiasına görə sənədlərin ana şirkəti tərəfindən alınması onun fəaliyyətlərini və mülkiyyətini izləməyi daha çox çətinləşdirib.


Anonimliyinin saxlanılması şərti ilə jurnalistlərə danışan “SerbAz”-ın meneceri, hökumət tərəfindən edilən ödənişlərin ardıcıl olaraq nömrələnmiş əskinasların olduğu çamadanlarda şirkətin əsas ofisinə gətirildiyini dedi. Sement və ya digər materialları göndərən tədarükçülərə müvafiq mühasibat prosedurları olmadan birbaşa bu puldan ödəniş edilib. Elektron pul köçürmələri həyata keçirildikdə isə ödənişlər ümumiyyətlə ofşor hesablarına göndərilib. O bildirib ki, bəzi daşınmalar, o cümlədən İspaniyadan gətirilən bahalı mərmər üçün “SerbAz”-ın büdcəsindən ödənilib və ehtimal ki, daha sonra fərqli bir layihəyə yönəldilib.

DejanMilanElcin.jpg
Elçin Zeynalov və “SerbAz”-ın iki meneceri “Buta Palace”-ın inşaat sahəsinə baş çəkirlər

Bundan başqa, bosniyalı müstəntiqlər tərəfindən sonradan ələ keçirilən yazılı mesajlarda bir bosniyalı “SerbAz” menecerinin keçmiş müdirinə məktub yazaraq tövsiyə edib ki, bosniyalı prokurorlara şirkətin serb direktoru ilə birlikdə Zeynalovun yoxa çıxan pula görə məsuliyyət daşıdığını etiraf etsin.

“Direktor və Zeynalov şirkəti 2009-cu ilin payızında ələ keçirdilər, şirkətdən pul oğurladılar, işçilərə maaş vermədilər və istədiklərini etdilər" deyə o yazıb.

Gənclər və İdman Nazirliyi 2009-cu ilin noyabr ayında işçilərə qarşı pis rəftar ictimaiyyətə məlum olduqdan sonra şirkətə 4.4 milyon dollar göndərərək “SerbAz”-a pul ödəməyə davam edib. Tikinti layihələri başqa bir şirkət tərəfindən alındıqdan bir müddət sonra şirkətə növbəti ildə 10 milyon dollar ödənilib.

Rəhimov, Rəhimova və Zeynalov bu məsələ haqqında şərh istəklərinə cavab verməyib.

PaymentsChart2.png
Nazirliyin rəsmi hesabatına görə, bu cədvəldə Gənclər və İdman Nazirliyinin “SerbAz”-a etdiyi bütün ödənişlər göstərilib. Bu ödənişlərin xeyli hissəsi Rəhimovun şirkətin sui-istifadəsi haqqında xəbərdar olduğunu iddia etməsindən, məsələnin ictimailəşməsindən və hətta şirkətin fəaliyyətini dayandırmasından sonra edilib.
Ana səhifəAraşdırmaBakının inkişafı – Azərbaycanın mərkəzində müasir quldarlıq