Bakıda LGBT+ fərdi olan gəncin qətli üzrə məhkəmə: “Onu bağışlamışam, şikayətçi deyiləm”

Məhkəmə. İllüstrasiya: Meydan TV

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində LGBT+ fərdi olan, “Rüzgar” ləqəbi ilə tanınan Yasin İbadovu qətlə yetirməkdə ittiham olunan əmisi Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Elmin Rüstəmov sədrlik edib.

Məhkəmə zərərçəkmişin hüquqi varisinin ifadəsi ilə davam edib. Zərərçəkənin hüquqi varisi olan anası İ.S. bildirib ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil və onu bağışlayıb.

Onun sözlərinə görə, mərhum Yasin İbadov Mingəçevir Universitetində qiyabi təhsil alırmış və tətil üçün evə qayıtmalı imiş:

“Yolpulunu göndərdim. Dedi ki, Şamaxıya gəlirəm, əşyalarımı yığmışam. Sonra onun ‘Instagram’dakı paylaşımından məlum oldu ki, Türkiyəyə gedib. Ağlaya-ağlaya qayınlarıma zəng elədim. Onlar da onun dalınca Türkiyəyə getdilər. Dedilər ki, Yasin gəlmək istəmədi. Hadisənin necə baş verdiyini görməmişəm. Oğlumun ölümündən hadisənin səhəri gün xəbər tutdum. Qaynımdan şikayətçi deyiləm, onu bağışlamışam”.

Məhkəmədə İ.S.-nin istintaq zamanı verdiyi ilkin ifadə də elan olunub. Həmin ifadədə qeyd edilir ki, Yasin İbadov LGBT+ fərdi olub:

“Yasin cinsi azlıq nümayəndəsi idi. Onun bu davranışları ailədə ona qarşı nifrət yaratmışdı. Babək müharibə iştirakçısı idi və qardaşı oğlunun cinsi azlıq nümayəndəsi olmasını qəbul edə bilmirdi”.

Növbəti məhkəmə iclası martın 4-nə təyin olunub.

Hadisə ötən ilin noyabrın 6-da Bakının Səbail rayonunda, Bəşir Səfəroğlu küçəsində baş verib. 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq qətlə yetirilib.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov saxlanılıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, qətlə yetirilən Yasin İbadov “Rüzgar” ləqəbi ilə tanınıb və LGBT+ fərdi olub. Şahidlərin bildirdiyinə görə, o, çoxsaylı bıçaq zərbələri alaraq hadisə yerində həyatını itirib. Hadisə zamanı ətrafdakı şəxslərin müdaxilə etmədiyi, polis və təcili tibbi yardımın isə hadisə yerinə gec çatdığı iddia olunur.

Məlumata görə, Yasin İbadov Şamaxı rayonundan olub, uzun müddət Türkiyədə yaşayıb. O, Türkiyədə olduğu dövrdə qohumları tərəfindən təhdid edildiyini yaxınlarına bildirib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb. Babək İbadova Cinayət Məcəlləsinin 120.2.2 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.4 (xuliqanlıq niyyəti ilə qətl), 221.3 (xuliqanlıq) və 228.5 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəSosialBakıda LGBT+ fərdi olan gəncin qətli üzrə məhkəmə: “Onu bağışlamışam, şikayətçi deyiləm”