“Bakı qara yaraşmır”

Fevralın 23-ü axşam saatlarından başlayaraq ölkə ərazisinə yağan güclü qar nəticəsində Bakı və Abşeron ərazisində yollar iflic vəziyyətə düşüb

Source: Meydan Tv

Fevralın 23-ü axşam saatlarından başlayaraq ölkə ərazisinə yağan güclü qar nəticəsində Bakı və Abşeron ərazisində yollar iflic vəziyyətə düşüb. Hətta bir çox ərazilərdə ictimai nəqliyyat da fəaliyyət göstərə bilməyib, işə gedən insanlar yollarda qalıblar.

Paytaxtda yaşanan problemlərə sosial şəbəkələrdə müxtəlif şərhlər yazılıb. Sosial şəbəkə istifadəçilərinin ən çox işlətdiyi ifadə isə demək olar ki, budur: “Bakıya qar yaraşmır”.


“Bakıya qar yaraşmır”

“Qar yağanda problemlərin baş qaldıracağını onsuz da hamımız bilirdik. Enerjinizi bu barədə danışmağa, yazmağa sərf eləməyin.Qarın gözəlliyindən zövq almaq lazımdır.Vəssalam. Çünki boş boşuna deyinmək nəticəsində genetik modifikasiyaya uğramışıq e, xəbəriniz var.Yəni yeni doğulan körpə də artıq bu genlə doğulur. Mübarizə sıfır, deyingənlik maksimum. Əgər əksi olsaydı, Bakı Şəhər İcra Hakimiyyəti qar yağacağını bildiyi üçün özündə məsuliyyət hiss edər, əvvəldən hazırlığını görər və 20 nömrəli məktəbdən üzü İçərişəhər metrosuna qədər olan yola qum səpməklə insanları qanmaz yerinə qoyduğunun fərqində olardı“, – bunu sosial şəbəkə istifadəçisi, həkim Rüfət Hüseynli yazıb.


“…küçədə maskadan burnun çıxdı, dərhal cəriməsini ver”

O bildirib ki, dövlət qurumları problemə öncədən hazırlıq görmək əvəzinə, məsuliyyətsiz açıqlamalar verirlər: “Əgər belə olmasaydı, “Azərsu” utanmadan bəyanat verməzdi ki, sayğaclarınıza girişi bağlayıb, çıxışı açıq qoyun ki, sayğac daxilində su qalıb donmasın. Çünki sayğacdakı su donmaqla sayğaca zərər vursa, abunəçinin şəxsi hesabına sayğac yenilənəcək. Suyunuzu isə kəsəcəyik və bunun məsələyə aidiyyatı yoxdur və ya “Azəravtoyol” məsuliyyət duya bilsəydi, deməzdi ki, Bakı-Quba yolunda olan qüsurları bağışlamaq olar və lazımdır, çünki ilk dəfə idi beton yol çəkirdik. Bağışlanmamalı olan bir şey varsa, o da vətəndaşın qüsurudur. Dərhal cəzalanmalıdır. Məsələn, küçədə maskadan burnun çıxdı, dərhal cəriməsini ver. Bəli, dərhal. Sabaha saxlamaq olmaz. Və ya Xırdalandan gələn xəbərlərə görə gecədən şəhərin tam yarısı işıqsızdır. Yəni bu o deməkdir ki, həm də istilik yoxdur. Nə olsun “Azərişıq” buna görə neyləməlidir, məsuliyyət daşımalıdır camaatın qarşısında? Odur ki, “Bakıya qar yaraşmır” deyənlərin nəzərinə: Bakıya yaraşmayan yuxarıda sadalananlar və bir xeyli digərləridir. Qar isə gözəl yağır. Ləzzət edir”.

İctimai fəal Namiq Məmmədov isə meteoroloji səbəbdən yaranan problemlərə ironik münasibət sərgiləyib: “Tərs bilirsiniz, Bakı qara yaraşmır”.

Mais Ağayev
Mais Ağayev

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev də paytaxtda yaşanan problemlərə “Facebook” səhifəsində münasibət bildirib.

O, baş verənləri problemlərinin səbəbini meteoroloji amillərlə bağlayıb: “Meteoroloji amillərlə əlaqədar Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri), Günəşli, Hövsan, Şüvəlan, Binə, Badamdar, Xırdalan, Müşviq, Mehdiabad, Digah, Masazır dairəsi, Kürdəxanı yolu, Məmmədli və Yanardağ yolu, Biləcəri enişi, Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti, Baksol yolu, Zığ yolu, Salyan şossesi, Bibiheybət yolu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkətində çətinliklər var”.


BNA rəsmisi: “Avtobuslar sxem üzrə tam hərəkət edə bilmir”

Bəzi istiqamətlərdə avtobuslar sxem üzrə tam hərəkət edə bilmir: “Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Bir sıra istiqamətlərdə, xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb. Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhülkəsizlik məqsədilə və meteoroloji amilləri nəzərə alaraq, sərnişin avtobusları minimal sürətlə hərəkət edir. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülür”.

“Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənir.Hərəkət iştirakçılarından ehtiyatlı olmağı, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb. Bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib”, – o bildirib.

Vaqif Əsədov sürücülərlə görüşdə, arxiv foto
Vaqif Əsədov


Yol polisi sürücülərə xəbərdarıq edib…

“Əlimizdə olan məlumatlara görə, səhər saatlarından indiyə kimi yol və meteroloji şəraitin nəzərə alınmadığı və sürət həddinə diqqət yetirilmədiyi üçün maddi zərərlə nəticələnən 26 yol-nəqliyyat hadisəsi baş verib”.

Bunu “Toplum TV”-yə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Qeydə alınan qəzalardan biri 10 avtomobilin iştirakı ilə baş verib və ilkin məlumata görə, bir nəfər həlak olub. Hadisə səhər saatlarında Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, yük maşını idarəetməni itirərək aşıb və nəticədə bir neçə avtomobil toqquşub.

Vaqif Əsədov qəzaların səbəbini sərt hava şəraiti ilə əlaqələndirib: “Fevralın 23-dən etibarən hava şəraitinin kəskin dəyişməsi, xüsusilə də ölkə ərazisində və Bakı şəhərində qarın yağması yollarda buzlaşmaya səbəb olub. Bu da nəqliyyatın hərəkətində intensivliyi aşağı salıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən zəruri tədbirlər görülüb və əməkdaşlarımız gücləndirilmiş iş rejimində xidmət göstəriblər. Yolların təmizlənməsi, təhlükəsizliyin təmin edilməsi istiqamətində müvafiq qurumlarla birgə, yəni Bakı Şəhər İcra Hakimiyyəti və “Azəravtoyol”un xüsusi texnikaları ilə şəxsi heyətinin hesabına təmizlik işləri də aparılıb. Lakin duman, çiskin, şaxta və qarın davam etməsi bəzi ərazilərdə sürüşmə ehtimalını yaradıb. Xüsusilə enişli-yoxuşlu yollar, sərt döngələr, körpü və tunellər avtomobillərin hərəkətində problemlər yaşadıb. Bu səbəbdən sizin vasitənizlə avtomobil sürücülərə müraciə edirik ki, belə hava şəraitində vəziyyəti düzgün qiymətləndirib şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər”.

O, ictimai nəqliyyat vasitələri ilə hərəkətin tənzimlənməsini daha məqsədəuyğun hesab edir: “Ayrıca, paytaxtın bəzi ərazilərində dünəndən etdiyimiz müraciətlərə baxmayaraq istismara yararasız və texniki cəhətdən nasaz təxminən 9 avtomobil aşkarlanıb. Onlar yolun hərəkət hissəsində xarab olub dayandığı üçün həmin istiqamətdə nəqliyyatın hərəkətində problemlər yaradıb”.

O, Dövlət Yol Polisi İdarəsinin sürücülərə tövsiyələr verdiyini də qeyd edib: “Sürücülərə minimum sürət həddi seçməyi, ara məsafəsini normadan artıq götürməyi və yol nişanlarına uyğun hərəkət etməyi tövsiyə edirik. Nəqliyyat vasitəsi sürüşdüyü halda təkərlərdə olan təzyiq nisbətən aşağı salınmalı və sürətlər qutusunun köməkliyi ilə hərəkət edilməlidir. Bundan başqa, bəzi ərazilərdə dövlət nömrə nişanları və işıqları görünmədən avtomobillərin idarə edilməsi faktları aşkarlanıb. Bununla əlaqədar olaraq sürücülərə bildiririk ki, “Yol hərəkəti haqqında” Qanunda hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanlarının görünməsinin vacibliyi qeyd edilib. Bu tələblər pozulduğu halda, inzibati xəta tərkibinin yarandığını və cərimələnmə ilə nəticələndiyini unutmasınlar. Piyadalar isə ictimai nəqliyyat vasitələrini yalnız ayrılmış dayanacaqda gözləməli, avtobus tam dayandıqdan sonra enib-düşmə prosesləri həyata keçirilməlidirlər. Yolların hərəkət hissəsinə çıxılmamalı, xüsusilə azyaşlı uşaqların yolların bu hissəsində oynamalarının qarşısı alınmalıdır”.


Vaqif Aydınoğlu: “199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar”

Əlverişsiz hava şəraiti nəticəsində paytaxt, həmçinin qəsəbə və kəndlərdə qaz və elektrik təchizatında ciddi problemlər yaranıb. Vətəndaşlar bununla bağlı sosial şəbəkələrdə yazıblar.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Meydan TV-yə bildirib ki, qurum fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir: “Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbəçilik sistemi təşkil olunub. Əməkdaşlarımız ötən gün axşam saatlarından başlayaraq, fasiləsiz olaraq ərazilərdə xidmətlərini davam etdirir. Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən yaranmış qısamüddətli açılmalar qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Hazırda bir neçə ünvanda işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq. Onu da qeyd edim ki, öncədən ərazilərə əlavə material göndərilib. Maşın mexanizmlərinin cəlb edilməsi ilə bağlı tapşırıqlar verilib. İstehlakçılarımıza müraciət edərək, bildiririk ki, elektik enerjisi təchizatı ilə əlaqədar qarşılaşdıaları çətinliklərlə bağlı 24 saat fasiləsiz fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar”.

Ceyhun Səfərov
Ceyhun Səfərov


“Azəriqaz”ın mətbuat xidməti: “”WhatsApp” nömrəsinə mesaj göndərə bilərlər”

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov isə Meydan TV-yə deyib ki, hazırda birlik fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir. Həmçinin 104/185 saylı Çağrı Mərkəzi zəngləri qəbul edir.

O bildirib ki, abonentlər eyni zamanda 077 3 104 104 saylı “WhatsApp” nömrəsinə mesaj göndərə bilər: “Xəzər, Sabunçu, Binəqədi rayonlarında qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər vardı. Biz bunu dərhal tənzimlədik. “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev özü “Facebook” səhifəsində abonentlərlə canlı yayım yaradır. Dünən saat 23:00-də belə bir yayım olub. Bu gün də axşam saatlarında eyni saatda belə bir yayımın təşkil edilməsi gözlənilir. Bütün struktur rəhbərləri də həmin yayımı izləməklə hər biri ona aid olan istiqamət üzrə qaldırılan məsələnin dərhal icraata yönəldilməsinə çalışır. Hazırda qaz qəbulunda artım var. Ötən günün məlumatlarına görə, sutkalıq olaraq, ötən ilin eyni dövrü ilə müqayisədə altı milyon kubmetr əlavə qaz qəbul olunub. Ümumilikdə isə fevralın 23-də respublikanın qaz qəbulu 32 milyon kubmetrə bərabər olub”.

Milli Hidrometeorologiya Xidmətinin son məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə -9, səhər -4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Ana səhifəXəbərlər“Bakı qara yaraşmır”