Bahalaşma dövründə nə etməli?

Daxili və xarici siyasət daha doyurmayanda

Source:

Uşaq vaxtlarımı nə qədər əzab-əziyyətli, qayğılı xatırlasam da,  yadımda müsbət tərəfi ilə qalan bir şey var. O dövrdə əyalət insanının məişəti, yaşam tərzi.

İnsanlar öz yeməklərini birbaşa təbiətdən alırdılar. Bir həyət, bir balaca təsərrüfat bütün bir ailəni il uzunu yedizdirməyə gen-bol bəs edirdi. Üstəlik, insanlar bu təsərrüfatdan artırıb, bazara satmağa da nəsə çıxardır, pulu ilə də evin çatışmayan ehtiyaclarını ala bilirdilər.

Kəndli ona lazım olan hər şeyi təbiətdən qoparda bilirdi. Yayda yeyilən yeyilir, qurudulan qurudulur, bankalara doldurulmalı olanlar doldurulur, tər saxlanıla biləcək şeylər damlara yığılırdı. Bir balaca bağdan qış uzunu yetəcək qədər mürəbbə, cem, kompot, qax hazırlanırdı. İstənilən evin ərzaq üçün ayrıca tikilisi olur, bu tikili mini anbarı əvəz edir, içi buğda, un, qax kisələri, yağ, qaymaq, pendir bidonları, yumurta səbətləri, qurulu-təzəli meyvə-tərəvəzlə dolu olurdu.

Ürəyin ət istədi, qoyun-quzu, toyuq-cücə –həyətdə. Ürəyin meyvə istədi – ağacda. Ürəyin turşu istədi – çovustanda. Evinə, həyətinə süpürgə lazımdı – kövşəndə. Mal-qaraya ot lazımdı – bağda. Bu bolluğu, bu doyumluluğu təmin edən bircə siyasət vardı ki, onun da adı zəhmət idi. O zirək, çalışqan insanlar necə də heyrətə, heyranlığa layiq idilər.

Qışda bağ-bostanda işləməyin gərək olmadığı vaxtda da qadınlar dinc durmur, yun əyirir, ip boyayır, xalça-palaz, corab, canlıq toxuyur, geyindiklərini geyinir, satdıqlarını satırdılar. Onlara hakimiyyətdə kimin, hansı partiyanın olmasının yaxşı mənada heç bir dəxli yox idi. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onlar həmişə yaxşı yaşayırdılar.

Gəlin, insanların bu zəhmətə, işə-gücə çox vaxt xərclədiklərindən, mədəni, intellektual səviyyələrini qaldırmağa vaxt tapmadıqlarını, hər şeyləri olduğuna görə ölkənin siyasi-ictimai həyatında passivlik göstərdiklərini bəhanə etməyək. Zamanla, ölkəyə neft pulları axdıqca, insanlar zəhmətdən uzaqlaşdıqca, boş vaxtları çoxaldıqca, özlərinin braziliya, argentina, türk seriallarındakı qlamur insanlara oxşatmağa başladıqca heç də siyasətlə maraqlanmadılar, mədəni, intellektual səviyyələrini artırmadılar, mədəni istirahətə, səyahətə meyl etmədilər.

Götürək elə bizim ailəni. Anam 28 yaşlı gənc qadın olanda cəhrə, nehrə bilən, inək sağan, pendir tutan, xalça toxuyan, həftədə iki dəfə sac qoyub yuxa yayan, mürəbbə bişirən, yorğan-döşək sırıyan, on barmağında on mərifəti olan milli Azərbaycan qadını idi. Braziliya serialları çıxanda anam həyətin mal-qarasını satdırdı ki, pendiri dükandan alarıq, mal sağımının vaxtı serialımın vaxtına düşür, baxa bilmirəm dedi. Argentina, Venesuela serialları çıxanda xalça-palaz söhbəti bağlandı. Ən sonda, türk serialları çıxanda anam natural sacı elektrik sacla əvəzlədi və özünə sensorlu mobil telefon aldı.

Gördüyünüz kimi, orta statistik azərbaycan kəndlisinin mədəni istirahəti ilə kitab, qəzet, siyasət, ictimai həyat sözləri arasında heç bir bağlantı yoxdur. Ara yerdə özlərinin orqanik şəkildə bağlı olduqları kəndli həyatından da uzaq düşdülər ki, pomidoru Türkiyədən gətirib, həyətin ağzında 50 qəpiyə verirlərsə, neynirik torpağa batıb, nəsə əkməyi.

İndi, neftin qiymətinin düşdüyü, dolların qalxdığı, manatın öldüyü, ixtisarların, işsizliyin vüsət aldığı, tikintilərin dayandığı, Türkiyədən pomidorun daha 50 qəpiyə gəlmədiyi, daxili və xarici siyasətdə müvazinətin itirildiyi bir vaxtda, azərbaycan kəndlinin tək çıxış yolu torpağa, təbiətə qayıtmaqdır. Onsuz da Azərbaycan kəndlisi üçün kimin necə və neçə müddətə hakimiyyətdə olmasının əhəmiyyəti yoxdur.

Hakimiyyət dəyişsə də, dəyişməsə də, insanlar həmişə yemək istəyəcək. On-on beş il idi ki, insanları əmək yox, daxili və xarici siyasət yedizdirirdi. Və belə görünür ki, bir müddət sonra daxili və xarici siyasət insanların dolanışığını daha təmin edə bilməyəcək. Odur ki, Azərbaycan kəndlisi indidən özünə gün ağlasa, paslanmış yabasını, belini, kərkisini təmizləyib itiləsə, ağıllı iş görmüş olar.

Ana səhifəMənim FikrimcəBahalaşma dövründə nə etməli?