Fevralın 5-də Bakı Apellyasiya məhkəməsində Çexiyanın Karlova Universitetinin doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədovun Umbakı qapalı tipli həbsxanasına köçürülməsinə verilmiş şikayətinə baxılıb.
Prosesə hakim Murad Məmmədov sədrlik edib.
Bəhruz Səmədov məhkəməyə bir neçə vəsatət təqdim edib. Belə ki, Səmədov Ombudsmanın məhkəmədə dindirilməsini tələb edib. Bundan başqa o, jurnalistlərin məhkəməyə buraxılmasını və çəkilişə icazə verilməsi üçün vəsatət qaldırıb. Həmçinin Səmədov ekzema xəstəsi olduğunu və qapalı yerdə qala bilməyəcəyini qeyd edib.
Bəhruz Səmədovun vəkili məhkəməyə vəsatət verərək Səmədovun ekspertizaya göndərilməsini tələb edib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Apellyasiya məhkəməsi Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bəhruz Səmədov qərara etiraz olaraq aclıq aksiyasına başlayacağını qeyd edib.
Fəal ötən il dekabrın 1-də 1 il müddətinə Umbakı qapalı tipli həbsxanasının ağır rejimli hissəsinə köçürülüb.
Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
O, 2025-ci il iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.