“Azərtütün” Aqrar Sənaye Kompleksi özəlləşdirilməyə çıxarıldı

O, təəssüflənib ki, ötən illərdə Azərbaycanda müasir, səmərəli menecment sistemi qurulmayıb

Source: Specify Source


İqtisadçı: “Bu sektorda tanınmış şirkətlərin cəlb edilməsi daha yaxşı olardı”

“Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti özəlləşdirilməyə çıxarılıb.

Bu barədə aprelin 16-da Prezident İlham Əliyev sərəncam

imzalayıb

.

Sərəncamda özəlləşdirilmədə yerli investorlarla yanaşı xarici investorların da iştirak edəcəyi vurğulanıb.

Sənəddə qeyd olunub ki, tütün emalı və hazır məhsul istehsalı müəssisələrinin xammala tələbatının yerli məhsul hesabına təmin olunması, sahəyə özəl investisiyaların cəlb edilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə həyata keçiriləcək.

İqtisadçı Azər Mehtiyev sərəncamı Meydan TV-yə şərh edərkən dövlətin tabeliyindəki sənaye müəssisələrinin özəlləşdirilməsini vacib sayıb:

"Çünki dövlət müəssisələrinin səmərəsiz fəaliyyət göstərməsi problem olaraq uzun illərdir gündəmdədir. Müxtəlif dövrlərdə bu barədə danışıldı, hətta müəyyən addımlar atılsa da, gözlənilən nəticələr olmayıb, müəssisələrin fəaliyyətində ciddi səmərəlilik təmin edilməyib. Bunun ən vacib səbəbi müəssisələrin sovetdənqalma idarəetmə sisteminə malik olmasıdır. Amma dövlət müəssisələrində xərclərin azaldılmasına, məhsulların yüksəldilməsinə və səmərənin artırılmasına çox da maraqlı olmurlar və belə müəssisələrdə korrupsiya səviyyəsi də yüksək olur. Ona görə də bu cür müəssisələrin canlandırılması, ölkə iqtisadiyyatına faydasının artırılması və xüsusən dövlətin yükünün azaldılması üçün birinci növbədə səmərəlilik gücləndirilməlidir".

Azər Mehtiyev
Azər Mehtiyev

Azər Mehtiyevin sözlərinə görə, özəlləşdirmə prosesində belə müsəssisələrin real şəkildə biznes fəaliyyəti təmin edilməlidir. O, təəssüflənib ki, ötən illərdə Azərbaycanda müasir, səmərəli menecment sistemi qurulmayıb:

"Ona görə həm maliyyə, həm də müasir menecmentin cəlb edilməsi baxımından bu sektorların özəlləşdirilməsində xarici investorların iştirakı son dərəcə vacibdir. Çünki uzun illərdir rəqabətli və azad şəraitdə xarici investorların gəlməsinin qarşısı alınıb, bu mənada bu sektorlara mütəxəssislərin cəlb edilməsi, ya da müəyyən baxımdan stimullaşdırılması yaxşı olardı. Məsələ ondadır ki, ölkə daxilində belə müəssisələri almaq imkanına malik insanlar çox azdır, olsa da, böyük kapital axının kimlərin əlində olduğu da məlumdur. Bu cür özəlləşdirmənin də yalnız daxili mənbələr hesabına həyata keçirilməsi həmin qrup tərəfindən alınmasını təmin edir. Belə olanda bir növ inhisarçılıq yaradır, bütün aktivlərin bir qrupun əlində cəmləşməsinə gətirir. İkinci, ölkədə rəqabət olmadığından müasir menecmentlər azdır, ona görə bu sektorda tanınmış şirkətlərin cəlb edilməsi daha yaxşı olardı".

Ana səhifəİqtisadiyyat“Azərtütün” Aqrar Sənaye Kompleksi özəlləşdirilməyə çıxarıldı