Azərbaycanlı yeniyetmələr arasında intim: uşaqlarla seks haqda danışmaqdan çəkinəndə nələr baş verir?

Azərbaycanlı yeniyetmələr arasında intim: uşaqlarla seks haqda danışmaqdan çəkinəndə nələr baş verir?

Sovet İttifaqı dağılandan sonra müstəqil Azərbaycan cəmiyyətində “seksin mövcudluğu” etiraf olunsa da, bunu hələ də yüksək səslə söyləmək böyük cəsarət tələb edir. Amma söhbət yetkinlik yaşına çatmayanlardan gedirsə, vəziyyət elə SSRİ-dəki kimidir – “azyaşlılar arasında seks yoxdur”.

Bununla belə, zaman-zaman məktəblərdə baş verən seksual qısnama, təcavüz, sui-istifadə halları dəvəquşu prinsipinin işə yaramadığını göstərir.

Ən son bu cür hadisə Bakının mərkəzində yerləşən 132-134 saylı təhsil kompleksində baş vermişdi. İdman zalının soyunub-geyinmə otağında 11-ci sinif şagirdi olan oğlanın 7-ci sinif şagirdi olan qızla intim əlaqədə olmasını əks etdirən video internetdə yayılmışdı. İlkin ehtimala görə video oğlanın əvvəlcədən otağa yerləşdirdiyi kamera ilə çəkilmiş, elə internetə də onun tərəfindən yerləşdirmişdi.

Bundan sonra cütlük yox, məhz 13 yaşlı qız sosial şəbəkələrdə kəskin tənqidə və təhqirə məruz qaldı. Bir sıra media orqanları Təhsil Nazirliyinin xəbərdarlığına rəğmən yaşlarının az, məsələnin isə yetərincə həssas olmasına baxmayaraq, uşaqların adlarını və üzlərini açıq şəkildə tirajladı. Bütün bunlar qızın məktədən uzaqlaşdırılmasına səbəb oldu. Hətta onun daha sonra intihara cəhd etməsi haqda xəbərlər də yayıldı. Hazırda qızcığazın durumu ilə bağlı heç nə məlum deyil.

Oğlana qarşı isə Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi qaldırıldı və haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Həmin ilin avqustunda istintaq yekunlaşaraq, materiallar baxılmaq üçün Səbail Rayon Məhkəməsinə göndərilsə də, prosesin nəticəsi haqda məlumat verilmədi.

“Kirlənmiş namusun” erkən evliliklə yuyulması

19 yaşlı Nəzakət (ad şərtidi) artıq 2 ilə yaxındır ki nişanlıdı, yaxın zamanda toyu olacaq. Nişanlısı özündən cəmi bir yaş böyükdü. Onların münasibəti məktəbliykən, 15 və 16 yaşında olduqları zaman başlayıb.

“İki il gizlincə görüşmüşük. Bizdə belə şeylərə pis baxırlar. Xaricdəki kimi açıq şəkildə anana gəlib deyə bilməzsən ki, sevdiyim, görüşdüyüm oğlan var”.

Nəzakət son sinifdəykən, sevdiyi oğlan isə məktəbi bitirib əsgərliyə getməyə hazırlaşırkən onların münasibəti dilə-dişə düşüb. “Bizi bir neçə dəfə uyğunsuz vəziyyətdə, yəni əl-ələykən, qucaqlaşmışkən gördülər. Dedi-qodu başladı. Anladıq ki, çox çəkməyəcək söz-söhbət ailələrimizə də çatacaq. Özü də belə iyrənc formada. Biabırçılıq olmasın deyə qərara gəldik ki, dedi-qodunu qabaqlayaq”. Oğlan ailəsiylə danışıb, yaşları az olsa da, münasibətləri rəsmiləşdirmək qərarına gəliblər. El adəti ilə elçilik, nişan. Daha sonra oğlan Nəzakətin başına bir iş gəlməyəcəyindən arxayın halda əsgərliyə gedə bilib. “Bu günlərdə qayıdıb əsgərlikdən. Artıq toya hazırlaşırıq. Xoşbəxtəm, əlbəttə ki. Sevdiyim oğlanla evlənirəm. Amma digər tərəfdən də, fikirləşirəm ki, evlilik üçün yaşımız çox azdı. Əgər bizdə oğlanla qızın sevgili olmasına normal baxsaydılar, biz də açıq şəkildə münasibətimizi yaşaya bilsəydik, yəqin ki, 23-24 yaşında, bir qədər yetkinləşəndən sonra evlilik haqda düşünərdik. Amma bu cəmiyyətdə sevgilin varsa, adına söz gəlmədən gərək evlənəsən, yoxsa haqqında danışılmayan şey qalmayacaq, adam arasına çıxa bilməyəcək vəziyyətə salacaqlar”. Sevginin qarşılığı şantaj olunca Nəzakət danışır ki, oğlanın “sevdiyi qızı” sonradan hədəfə çevirməsi, lağlağı, əyləncə obyekti yerinə qoyması, hətta başqa dostlarına təklif etməsi halları ilə də az rastlaşmayıb. “Düzdü, internetdə oxuduğum kimi lap faciəvi hadisələrlə rastlaşmamışam. Amma oğlanın bir müddət görüşdüyü qızın əxlaqsız olduğunu orda-burda danışdığını, o qızı öz dostlarına təklif etdiyini görmüşəm”, – Nəzakət deyir.

Onun dediyi faciəvi hadisələrdən biri 2017-ci ilin martında Beyləqan rayonunda baş vermişdi. 16 yaşlı qız yaxınlıq etdiyi oğlan sinif yoldaşı ilə çəkdirdiyi səmimi fotolarla şantaj edilərək bir neçə nəfərlə intim münasibətə məcbur edilmişdi. Daha sonra məktəbdə, sinif otağında intim əlaqəyə məcbur edilərkən bunu da videoya çəkib internetdə yaymışdılar. Bu hadisə haqda ilk olaraq Meydan TV zərərçəkmiş qızın yaxınlarına istinadən məlumat vermişdi. Həmin hadisədən sonra da şantajla qızı intim əlaqəyə sövq edənlər yox, zərərçəkmiş qızın özü qınaq hədəfinə çevrilmişdi. Görüntüdə qız “xahiş edirəm silin, nə olar, silin. Başınıza dönüm, silin, etməyin”, – deyə

yalvarır

.

Bununla belə faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlandı. İki nəfər (20 və 21 yaşlı məktəbə aidiyyatı olmayan oğlan) həbs edildi, daha iki nəfər (zərərçəkən qızın özü ilə yaşıd olan sinif yoldaşları) azadlıqda qalsalar da, polis nəzarətinə götürüldülər. Qızla isə psixoloq və sosioloqlar işləməyə başladı.

Səbəb bilgisizlikdir

Gender üzrə müəllim Nisə Hacıyeva hesab edir ki, Azərbaycan cəmiyyətində cinsəllik, intim münasibətlər kimi mövzular tabu olduğu üçün yeniyetmələr və gənclər bir çox psixoloji və hətta fiziki fəsadlar yaşayırlar:

“Birinci növbədə yeniyetmələr özlərinin və qarşı tərəfin bədənini tanımırlar. Bədənlərində baş verən dəyişikliklərin fərqinə varmırlar. Utanırlar, çəkinirlər, bu barədə danışa bilmirlər. Bunun nəticəsi olaraq yeniyetmələrə qarşı, hətta nisbətən bu cür qapalı böyümüş yetkin insanlara qarşı da qısnama, təcavüz baş verəndə, bunun qısnama, təcavüz olduğunu anlamırlar. Ümumiyyətlə, cinsəlliyin nədən ibarət olduğunu bilmirlər. Bu da onların həm fiziki, həm də psixoloji zərər görmələrinə səbəb olur”.

Nisə Hacıyeva hesab edir ki, bu acınacaqlı vəziyyətdən çıxış yolu orta məktəblərdə cinsi maarifləndirmə ilə bağlı ayrıca fənnin tədris edilməsidir. Onun fikrincə, bu məsələdə məsuliyyət tamamilə təhsil ocaqlarının üzərinə düşməlidir, çünki cinsəllik tərbiyə vasitəsi kimi yox, obyektiv elm sahəsi kimi öyrənilməlidi, elmin tədrisi isə məktəblərin işidir. “Cəmiyyətin buna hazır olacağı zamanı gözləsək, gərək heç bir yeniliyi tətbiq etməyək. İndiyə qədər heç bir tədqiqat cinsəl tədrisin uşaqların davranışına, tərbiyəsinə mənfi təsir göstərdiyinə dair nəticələr ortaya qoymayıb. Odur ki, bu fənn mütləq şəkildə tədris edilməlidir”, – gender üzrə mütəxəssis bildirir.

Dünya təcrübəsi

Seksual maarifləndirmə istiqamətində ən inkişaf etmiş ölkə İsveçdir. Burada seksual maariflənmə fənni hələ 1950-ci ildən icbari fənn olub. Niderlandda insan biologiyası və seksual maariflənmə haqqında uşaqlara hələ bağçadan danışırlar. Bu ölkədə dünya üzrə yeniyetmə hamiləliyi göstəriciləri ən aşağı səviyyədədir.

Azərbaycanda pilot layihə 2015-ci ildən Təhsil Nazirliyi Səhiyyə Nazirliyi və Ailə, Uşaq və Qadın Məsələləri üzrə Dövlət Komitəsi ilə birlikdə təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi üzrə pilot layihə həyata keçirir. Proqram çərçivəsində Bakı və Sumqayıt şəhərlərində müəllimlər üçün reproduktiv sağlamlıq məsələlərinin tədrisi və təşviqinin əsaslarına dair təlim kursları təşkil olunub. Hətta bu şəhərlərin və Abşeron rayonunun tam orta məktəbləri və liseylərində təlimdən keçmiş müəllimlər tərəfindən reproduktiv sağlamlıq məsələlərinə dair nümunəvi seminar və dərslər də reallaşdırılıb. Layihə çərçivəsində zaman- zaman ayrı-ayrı məktəblərdə tədbirlər keçirilir, tədris üçün dərsliklər hazırlanır. Sözügedən bilgilərin məktəblərdə nə zaman ayrıca fənn kimi tədris olunacağı isə hələ bəlli deyil.

Hələ ötən ilin noyabrında Səhiyyə Nazirliynin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin nümayəndəsi Nabil Seyidov “Xəzər Xəbər”ə bildirmişdi ki, reproduktiv sağlamlıq üzrə xüsusi təlimlər gənclərin düzgün, mənəvi və sağlam formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Onun sözlərinə görə, fənn məktəblərdə keçilməyə başladığı zaman biologiya və həyat bilgisi müəllimləri tərəfindən tədris ediləcək. 6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saat ayrılması nəzərdə

tutulub

.

“Pilot layihənin tam təfərrüatı ilə necə tətbiq olunduğunu bilmirəm. Bildiyim odur ki, kurrikulumların və dərs vəsaitlarının hazırlanmasına həm Səhiyyə Nazirliyinin mütəxəssisləri, həm ginekoloqlar, həm psixoloqlar cəlb olunub. Bu yaxşı haldır əlbəttə. Çünki məsələ hərtərəfli öyrənilir”, – Nisə Hacıyeva əmindir.


“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoAzərbaycanlı yeniyetmələr arasında intim: uşaqlarla seks haqda danışmaqdan çəkinəndə nələr baş verir?