Azərbaycanlı mühacirlər Gürcüstan, Ukrayna və Rusiyanın Almaniyadakı səfirliyi önündə aksiya keçiriblər

Aksiyaçılar Heydər Əliyevin bu ölkələrdəki abidələrinin götürülməsini istəyiblər

Source: Meydan TV
Berlində “Heydər Əliyevin heykəllərinə” yox aksiyası keçirilir

Yanvarın 14-də Avropada fəaliyyət göstərən Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının üzvləri Almaniyanın Berlin şəhərində yerləşən Gürcüstan, Rusiya və Ukrayna səfirliklərinin önündə aksiya keçiriblər.

Meydan TV Ukrayna səfirliyi önündən aksiyanı canlı yayımlayıb. Aksiyaçılar “Azərbaycanda diktatorluğun və ailə hakimiyyətinin əsasını qoymuş Heydər Əliyevin” bu ölkələrdəki abidələrinin götürülməsi tələbilə çıxış ediblər.

Etirazçılar Azərbaycanda həbsdə olan fəalların şəkillərini qaldırıb, plakatlar açıblar.

Aksiyanın təşkilatçılarından olan Aydın Səfərov çıxış edərək Azərbaycanda ailə hakimiyyətinin əsasını qoyan Heydər Əliyevin demokratik dəyərlərə zərbə vurmasından danışıb. Aksiyanın digər təşkilatçısı Elmir Qəmbərov isə Ukraynada həbs olunaraq Azərbaycana təhvil verilən Elvin İsayevin taleyindən narahatlıqlarını dilə gətirib. Fəal eyni zamanda yada salıb ki, Niderlandda yaşayan azərbaycanlı jurnalst Fikrət Hüseynli də bir müddət öncə Ukraynada saxlanılıb və beynəlxalq təşkilatların israrlı tələbindən sonra onu Azərbaycana təhvil verməyib.

Aksiya iştirakçıları jurnalist Əfqan Muxtarlının da Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini və hazırda bu ölkədə həbsdə olduğunu xatırladıblar. Onlar Avropaya inteqrasiya etmək istəyən Gürcüstan və Ukraynanın buna layiq olmadığını, demokratik səslərin boğulmasında diktaturanın hökm sürdüyü Azərbaycana yardım etdiyini vurğulayıblar.

Aksiyada iştirak edənlər mitinq zamanı siyasi məhbusların azad edilməsilə bağlı, eyni zamanda diktatura rejimi əleyhinə şüarlar səsləndiriblər.

Hər bir ölkə səfirliyi qarşısında keçirilən aksiya zamanı mitinq iştirakçıları Heydər Əliyevin bu ölkədə heykəlinin götürülməsini tələb edən imzalanmış müraciətləri diplomatik ofisə təqdim edərək tələblərini yazılı şəkildə də çatdırıblar.

Mitinq “rədd olsun diktatura”, “siyasi məhbuslara azadlıq”, “biz demokrtiya istəyirik” və s. şüarlarla sona çatıb.

Ana səhifəSiyasətAzərbaycanlı mühacirlər Gürcüstan, Ukrayna və Rusiyanın Almaniyadakı səfirliyi önündə aksiya keçiriblər