Azərbaycanla Avropa İttifaqı arasında danışıqları dayandırmağa çağırış edildi

Etirazın məqsədi xüsusilə ölkədə qadın cinayətlərini dayandırmaq və Avropa Şurası İstanbul Konvensiyasının ratifikasiyasına çağırış nəzərə alınarsa, aksiyadan yayılan görüntülər narahatlıq doğurur”, – İnsan Haqları Komissarı Dunya Mijatoviç deyib.


İnsan haqları komissarı polis zorakılığından narahatdır

“Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə bağlı ciddi narahatlıq doğurur”,- Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı bəyan edib.

Oktyabrın 19-da Azərbaycan müxalifətinin Bakının şəhər mərkəzində mitinq cəhdləri polis zorakılığı ilə qarşılanıb. Müxalifət lideri də daxil olmaqla 100-ə yaxın şəxsin həbs olunduğu bildirilir. Hakimiyyət nümayəndələrinə görə bu rəqəm 60 nəfəri əhatə edir. Partiya nümayəndələri etiraz aksiyası haqda hakimiyyətə öncədən bildirdiyi üçün aksiya iştirakçılarının əksəriyyətinin mitinq öncəsi nəzarətə alındığı da qeyd olunur.

“Aksiya zamanı şəhər əhaləsinin dinc etirazlara qoşulmasının qarşısını almaq üçün üç metro stansiyası və əsas küçələr polis tərəfindən bağlanıb. Oktyabrın 20-də ölkədə artan məişət zorakılığına qarşı təşkil edilmiş digər bir dinc etiraz aksiyası da dağıdılıb. Etirazın məqsədi xüsusilə ölkədə qadın cinayətlərini dayandırmaq və Avropa Şurası İstanbul Konvensiyasının ratifikasiyasına çağırış nəzərə alınarsa, aksiyadan yayılan görüntülər narahatlıq doğurur”, – İnsan Haqları Komissarı Dunya Mijatoviç deyib.

“Mən hüquq-mühafizə orqanlarının əməkdaşlarının qeyri-mütənasib güc tətbiq etməsini qınayıram və hakimiyyəti pis rəftar iddiaları ilə bağlı effektiv araşdırmaların təxirə salınmadan aparılmasını təmin etməyə çağırıram”, – Mijatoviç bəyan edib.

“Hakimiyyət hüquq-mühafizə orqanları tərəfindən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiq edilməsinin qarşısını almaq və sərbəst toplaşmaq azadlığının əldə edilməsini təmin etmək üçün effektiv tədbirlər görməlidir”,- Mijatoviç deyib və əlavə edib:

“Əvvəlki sələfimin vurğuladığı kimi, kütləvi nümayişlərin keçirilməsi üçün Azərbaycan qanunlarında nəzərdə tutulmuş bildiriş proseduru Avropa standartlarına uyğun tətbiq edilməli və belə nümayişlərin keçirilməsi üçün icazə tələb edilməməlidir. Əksinə, səlahiyyətlilər təşkilatçıların seçim etdiyi yerlərdə etirazçıların toplaşmasını və onların müdafiəsini təmin etməlidir”.

“19 oktyabr mitinqinin keçirildiyi yerdə internetin kəsilməsi və etirazları yayımlayan jurnalistlərin xəsarət alması barədə də narahatam”, – Mijatoviç qeyd edib və hakimiyyəti bu kontekstdə ifadə azadlığı hüququnu təmin etməyə çağırıb. İnsan hüquqları komissarı hakimiyyəti hələ də həbsdə olan dinc etirazçıları sərbəst buraxmağa çağırıb.

Avropa Parlamentində sosial-demokratların vitse-prezidenti Keyti Piri (Kati Piri) deyib ki, ən son həyata keçirilmiş dinc etiraz aksiyalarının zorakılıq tətbiq etməklə yatırılması Əliyev rejiminin sərbəst toplanma və ifadə azadlığına hörmətsizliyinin bariz nümunəsidir.

“Xüsusilə gender zorakılığına diqqəti cəlb etmək üçün bir araya gələn qadın fəallara qarşı tətbiq edilmiş repressiya Azərbaycan hökumətinin gender bərabərliyinə sadiqliyinin açıq şəkildə riyakarlıq olduğunu sübut edir”, – Piri deyib.

Sosial demokratların xarici işlər üzrə nümayəndəsi Tonino Picula Avropa İttifaqının xarici siyasәt vә tәhlükәsizlik mәsәlәlәri üzrә ali nümayәndәsi Federika Moqerinini Azərbaycan və Avropa İttifaqı arasında yeni razılaşma ilə bağlı gələcək danışıqları dayandırmağa çağırıb:

“Azərbaycan hakimiyyəti sərbəst toplaşma azadlığına hörmət etməli, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmalı və həbsdə olan bütün dinc etirazçıları, insan haqları fəallarını, və siyasi məhbusları azad etməlidir”.

Ana səhifəSiyasətAzərbaycanla Avropa İttifaqı arasında danışıqları dayandırmağa çağırış edildi