Nadir Rüstəmli: “Bu yarışma uşaqlıq arzum idi”
Azərbaycanın builki “Eurovision” təmsilçisinin adı açıqlanıb.
Builki təmsilçi “Səs Azərbaycan” müsabiqəsinin qalibi Nadir Rüstəmlidir.
““Eurovision” uşaqlıq arzum idi. Əminəm ki, bu il qalib mən olacağam”, – Azərbaycan təmsilçisi belə deyib.
Nadir Rüstəmli 1999-cu ildə Salyanda doğulub.
Uşaq yaşlarından musiqi ilə məşğul olub.
2016-cı ildən ifaçılıq fəaliyyətinə başlayıb. R&B, opera, şanson janrlarında oxuyur.
2019-cu ildə “Youthvision” beynəlxalq tələbə mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək, 21 ölkə arasında 2-ci yerin qalibi olub.
Nadirin “Eurovision”da oxuyacağı mahnı martda açıqlanacaq.
İtaliyanın Turin şəhərində “The sound of beauty” (“Gözəlliyin səsi”) şüarı ilə keçiriləcək 66-cı “Eurovision” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də baş tutacaq.
Müsabiqənin finalı isə mayın 14-də “PalaOlimpico” arenada təşkil olunacaq.
İtaliyanın “Maneskin” rok qrupu 2021-ci ildə Niderlandda keçirilən müsabiqənin qalibi olub.
Qrup tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, 524 bal toplayıb.
Onlar səhnədə “Zitti E Buoni” mahnısını ifa ediblər.
Ümumilikdə 39 ölkədən 34 iştirakçının çıxış etdiyi ötənilki yarışmada Azərbaycan təmsilçisi Samirə Əfəndi olub.
O, “Mata Hari” mahnısını ilə müsabiqəni 20-ci sırada başa vurub.