“Azərbaycanda uşaq və analarla bağlı dövlət qayğısında ciddi problemlər var”

Qubad İbadoğlu ölkədə real yaşayanların sayının əhalinin siyahı sayı ilə müqayisədə az olduğunu xüsusi vurğuladı

Source: Foto: sosial şəbəkı


İqtisadçı: “Boşanmaların artması uşaqların sayına az təsir göstərmir”

Azərbaycanda əhalinin sayının artmasına baxmayaraq, son illər ərzində təbii artım əmsalı getdikcə azalır.

Bu barədə məlumatı “Trend” agentliyi Dövlət Statistika Komitəsinə istinadən yayıb.

Agentlik bildirib ki, cari ilin əvvəlinə olan statistikaya əsasən, ölkə əhalisinin sayı 9 milyon 981 min 500 nəfərə çatıb.

Lakin buna baxmayaraq, Azərbaycanda əhalinin artım tempi əvvəlki dövrlərlə müqayisədə azalıb. Təbii artım göstəricisinin dəyişməsi tendensiyası ildən-ilə azalmağa doğru müşahidə edilir. 2018-ci ildə qeydə alınan təbii artım əmsalı isə son 28 ilin ən aşağı göstəricisi olub.

Son 28 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. Həmin ildə Azərbaycanda əhalinin təbii artım sayı 140 170 nəfər olub.

Qeyd olunub ki, 2014-cü ildə Azərbaycanda əhalinin artım əmsalı 12,2-ə (əhali sayı 114 855 nəfər artıb), 2015-ci ildə 11,7-ə (111 513 nəfər), 2016-cı ildə 10,6-a (102 816 nəfər), 2017-ci ildə 8,9-a (86 932 nəfər), 2018-ci ildə 8,4-ə (81 732 nəfər) enib:

“Əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı isə 1990-cı ildəki 19,8 göstəricisindən 2017-ci ildə 8,9-a, 2018-ci ildə 8,4-ə enib”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Meydan TV-yə bir müddət öncə məsələni araşdırdığını və həyəcan təbili çaldığını xatırladıb.

Qubad İbadoğlu təbii artım tempinin müsbət olmasının səbəbini doğulanların sayının ölənlərdən çox olmasında görür:

“Ancaq doğulanlarla ölənlər arasında say fərqi ildən-ilə azalır. Bərabərlik olanda, əhalinin azalması müşahidə ediləcək”.

Qubad İbadoğlunun sözlərinə görə, neft ölkələrində, məsələn, Birləşmiş Ərəb Əmirliyində, Qatar, Səudiyyə Ərəbistanında əks proseslər gedib, yəni neft gəlirləri ilə təbii artımı stimullaşdırıblar. Neft pullarından analara pay çatdırılıb: “Azərbaycanda isə uşaq və analarla bağlı dövlət qayğısında ciddi problemlər var və ailənin yaşam şərtlərinin ağırlaşması, xərclərinin artması son nəticədə uşaqların sayının azalması ilə nəticələnir. Qruplar üzrə baxdıqda, ötən illərdə bəri 4 və ya 3 uşaqlı ailələrin sayının azaldığını görəcəksiniz. Əsasən ailələr 1 və 2 uşaqdan ibarətdir. Bəziləri reproduktiv imkanlar olmasına baxmayaraq, uşaqların dünyaya gətirilməsini müəyyən zamandan sonra planlaşdırırlar. Bu, mənzilə çıxış və digər problemlərdən qaynaqlanır. Başqa bir amil ailədaxili münaqişələrlə əlaqədardır, rəsmi statistika da ailələrdə boşanma hallarının artdığını qeyd edir. Boşanmaların artması uşaqların sayına az təsir göstərmir”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu ölkədə real yaşayanların sayının əhalinin siyahı sayı ilə müqayisədə az olduğunu xüsusi vurğuladı:

“Ölkədən xaricə gedənlər artır, bəziləri isə ailəni vətəndə saxlasa da, özləri əmək miqrantı kimi gedirlər. Bu isə ailənin reproduktiv əmsalına təsir göstərir. Ailə iki yerə bölünür, qazanc gətirən kişi xaricdə olur, nəticədə bu gedişat uşaqların sayına və ailənin dayanaqlığına təsir edir”.

İqtisadçı təəssüflənir ki, uşaqpulunun bərpası istiqamətindəki gözləntiləri ictimailəşsə də, Milli Məclisin qəbul etdiyi büdcə layihəsi gələn il üçün vəsaiti ayırmadığını göstərir.

BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə təbii artım nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.

Ana səhifəİqtisadiyyat“Azərbaycanda uşaq və analarla bağlı dövlət qayğısında ciddi problemlər var”