Azərbaycanda seçki xronikası: “Heydər Əliyev dedi ki, dünyanın heç bir yerində deputatları xalq seçmir”

Milli Məclis. Foto: “meclis.gov.az”

Natiq Cavadlı

Cəlal Əliyev: “Cəbhəçiləri asmaq lazımdır”

I hissə

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, Azərbaycanın 33 illik müstəqillik dövründə VII parlament seçkiləri sayılır.

Onlardan yalnız ikisi – 2020 və 2024-cü il seçkiləri növbədənkənar təyin olunub. Həmçinin 1995 və 2000-ci il seçkiləri qarışıq sistemdə, proporsional və majoritar qaydalarda baş tutub.

Meydan TV tarixi proseslərə ekskurs edərək müxtəlif dövrlərdə keçirilmiş parlament seçkiləri ərəfəsində yaşananları bir daha xatırlatmaq qərarına gəlib.

Bir neçə hissədən ibarət məqalə həmin dövrlərdə nəşr olunan mətbu orqanlarda yazılanlar əsasında hazırlanıb.

Seçki qaydaları, dəyişikliklər…

1995-ci ildə qəbul edilən Seçki Məcəlləsinə əsasən, siyasi qüvvələr, bloklar parlamentə majoritar seçki sistemi ilə 100, proporsional seçki sistemi üzrə isə 25 deputat mandatı qazana bilərdi.

Proporsional qaydaya görə, 8 faizlik səs həddini keçən partiyalar parlamentə mandat qazanırdılar. 5 il sonra, 2000-ci il bu hədd 6 faizə endirildi.

1995-ci ildə Mərkəzi Seçki Komissiyasına 18 partiya sənəd təqdim etmişdi: hakimiyyəti dəstəkləyən Yeni Azərbaycan, Azərbaycan Naminə Alyans, Ana Vətən, Milli Dövlətçilik partiyaları, müxalifəti təmsil edən AXCP, Müsavat, ASDP, Xalq Demokratik, Kommunist Partiyası, Əmək Partiyası.

“Azərbaycan” qəzetindən skrinşot

O cümlədən, seçkiyə qatılan Milli İstiqlal, Demokratik Sahibkarlar, Demokratik İstiqlal, Demokratik Azərbaycan Dünyası Partiyası, Dirçəliş və Tərəqqi Partiyası, Vətənpərvərlər Partiyası, Ümid və Kəndli partiyaları özlərini nə hakimiyyətə yaxın, nə də müxalif qüvvə sayırdılar.

Bununla yanaşı, MSK Ana Torpaq, Xalq Azadlıq, Demokrat, İslam partiyalarını qeydə almadı.

1995-ci il seçkiləri, yeni Konstitusiya, Nemət Pənahlının siyahısı və… Müsavat seçkiyə buraxılmır…

1995-ci il Azərbaycan tarixində həm də yeni Konstitusiyanın qəbulu ilə yadda qalıb. Ona qədər müstəqil Azərbaycan 4 il Azərbaycan SSRİ-nin Konstitusiyası ilə idarə olunurdu, keçirilən 2 prezident seçkisi də Sovet Konstitusiyasının dövründə baş tutmuşdu.

Bundan əlavə, ilk dəfəydi ki, Azərbaycanda seçkiləri xarici müşahidəçilər müşahidə edəcəkdi. MSK sədri Cəfər Vəliyev seçkidən əvvəl yerli mətbuata demişdi ki, 11 beynəlxalq təşkilat, BMT-nin nümayəndələri, ümumilikdə, dünyanın 20 ölkəsindən müşahidəçilər prosesi izləyəcək.

“Heydər Əliyev dedi ki, dünyanın heç bir yerində deputatları xalq seçmir”

Müstəqil Azərbaycanın ilk parlament seçkiləri bir çox hadisə ilə yadda qaldı. Seçkinin ilk diqqətçəkən ajiotajı Azərbaycan Respublikasının ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri Arif Rəhimzadənin müşaviri Nemət Pənahlının açıqlaması oldu.

Foto: Meydan TV

Nemət Pənahlı seçkiyə bir neçə gün qalmış keçirdiyi mətbuat konfransında birmandatlı dairələr üzrə parlamentə kimlərin mandat qazanacağı ilə bağlı siyahı açıqladı və bu, ölkədə ciddi müzakirəyə yol açdı.

Bununla yanaşı, mətbuat konfransında o, hakimiyyətdə olduğu 2 ili özünün ən acınacaqlı dövrü kimi qiymətləndirdi:

“Sonuncu görüşümüzdə mən partiyamızın seçkiyə qatılmasını istəsəm də, Heydər Əliyev majoritar qaydada seçkiyə qatılmağımı istədiyini və partiyamızın xalq arasında nüfuz qazana bilmədiyini dedi. Əlavə etdi ki, dünyanın heç bir yerində deputatları xalq seçmir. Get, ağlını başına yığ, dediklərimdən nəticə çıxar”.

N.Pənahlı əldə etdiyi siyahının xarici ölkə səfirliklərinə də verdiyini vurğulamışdı:

“Ancaq siyahı aşkar olunacağı təqdirdə, bəzi kosmetik dəyişikliklər aparıla bilər”.

“Seçicilər 1992-93-cü illəri müxalifətə bağışlamayacaq”

Seçkidən əvvəl Prezidentin köməkçisi Eldar Namazov “Turan”a demişdi ki, proses demokratik keçəcək:

Foto: Meydan TV

Amma demokratiyanın bütün normalarına əməl ediləcəyini gözləmək olmaz, əsas normalar isə yerinə yetiriləcək”.

E.Namazov müxalifətin seçkilərdə ciddi məğlubiyyətə uğrayacağını bildirdi. O, bu məğlubiyyətin həlledici amili kimi Heydər Əliyevin şəxsiyyətini göstərdi:

Adamlar Heydər Əliyevə inandıqları üçün onun tərəfdarlarına səs verəcəklər. Seçki məntəqələrinə gələn əhali 1992-1993-cü il səhvlərini AXC-yə bağışlamayacaq”.

“Bu qədər imza toplayan partiyanın 50 minlik həddi aşa bilməməsini iddia etmək absurddur”

Müsavat Partiyasının seçkiyə buraxılmaması prosesin ikinci ajiotajı sayılırdı. Partiyanın MSK-ya təqdim etdiyi 29 nəfərlik siyahıda (ehtiyat siyahı ilə birgə) ikinci yerdə həbsdə olan sabiq xarici işlər naziri Tofiq Qasımovun adı yer almışdı.

T.Qasımov sentyabrın 19-da qeyri-qanuni təşkilat yaratmaq və dövlət çevrilişinə çağırışlar etmək ittihamları ilə həbs edilmişdi.

Müsavat Partiyası seçki layihəsinin hər iki sistemində (proporsional və majoritar) MSK-ya 230 min imza vermişdi.

Partiyanın Seçki Qərargahının sədri Arif Hacılı (o vaxt Hacıyev idi-red.) deyirdi ki, bunların bir hissəsini başqa amillərlə əlaqələndirib saf-çürük etsək, deməli, ən azı 150 min imza qanunidir:

“Bu qədər imza toplayan partiyanın 50 minlik həddi aşa bilməməsini iddia etmək absurddur. Bu, MSK-nın yuxarıdan gələn tapşırıqları yerinə yetirdiyini göstərir”.

O iddia edirdi ki, Müsavat Partiyasının imzalarına ciddi nəzarət olduğu halda, YAP, ANAP və AVP-nin proporsional sistemdə topladığı imzalar ekspert yoxlamasından keçməyib:

“Bunun səbəbi ilə bağlı MSK-dan əsaslı cavab almadıq”.

Partiyanın başqanı İsa Qəmbər oktyabrın 19-da BMT-nin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Mahmud-əl Səidlə görüşündən razı qaldığını deyib. Ancaq o, bu görüşün mahiyyətinin tam açıqlanmasını bəzi məqamlara görə məsləhət bilməyib.

Müsavat başqanı yalnız onu deyib ki, BMT-nin müstəqil ekspertlərinin partiyanın imza vərəqələrini yoxlamaq üçün Azərbaycana göndərilməsi barədə məsləhətləşmələr aparılır.

Foto: Meydan TV

Bütün bunlara baxmayaraq, Müsavat Partiyası majoritar qaydada 83 nəfər namizəd irəli sürsə də, onlardan 13-ü qeydə alındı. Seçkiyə 10 gün qalmış partiyanın başqanı İsa Qəmbər seçiciləri majoritar qaydada qatılan müsavatçılara, proporsional sistemdə AXCP-nin, XAP-nin, Qarabağ Azadlıq Təşkilatının namizədlərinə səs verməyə çağırış etdi. Lakin 12 noyabr seçkisində Müsavatdan yalnız bir nəfər, AXC hakimiyyəti zamanı Şamaxı rayonunun icra başçısı olmuş Şirzad Əyyub mandat qazana bildi.

İlk seçki bloku…

1995-ci il seçkiləri, eyni zamanda, seçki blokuyla yadda qaldı. Xalq Cəbhəsi, Xalq Azadlıq, Yurddaş, Milli Demokrat, Çağdaş Turan partiyalarının yaratdığı seçki bloku barədə AXCP sədrinin müavini Əli Kərimli (o vaxt Kərimov idi-red.) sentyabrın 19-da keçirdiyi mətbuat konfransında demişdi ki, bu, demokratik qüvvələrin qismən də olsa da, birləşməsi deməkdir.

Ə.Kərimli ümumi siyahının AXCP-nin adından MSK-ya təqdim olunacağını bildirmişdi:

“Yurddaş 2, XAP 1, Çağdaş Turan 1, Milli Demokrat 1, AXCP 20 yer üçün siyahı təqdim edəcək”.

Konstitusiya layihəsinə gəlincə, Əli Kərimli hakimiyyətin onların təqdim etdiyi yox, özünün hazırladığı sənədi qəbul edəcəyi əminliyini bildirmişdi.

Məhbuslar seçki siyahısında…

AXCP-nin proporsional sistem üzrə 27 nəfərli seçki siyahısında 5 və 6-cı yerlərdə həbsdə olan sabiq deputat Fərəc Quliyev və Arif Paşayevin adları yer almışdı.

Fərəc Quliyev bir neçə il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevi qeyri-qanuni yolla hakimiyyətdən uzaqlaşdırma, Arif Paşayev isə MTN həbsxanasından qaçmaq ittihamları ilə həbs olunmuşdu.

AXCP-nin siyahısında olan Gənclər Teatrının rejissoru Hüseynağa Atakişiyev və səs rejissoru Aydın Əzimov seçki dövründə işlərindən uzaqlaşdırıldılar. Həmçinin rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İşçi Partiyasının sədri Sabutay Hacıyev də “vətənə xəyanət”də və “dövlət əleyhinə silahlı qiyam”da günahlandırılaraq həbs edilmişdi.

Foto: Meydan TV

Onun rəhbərlik etdiyi partiya cəmiyyətdə sabiq prezident Ayaz Mütəllibov ilə əlaqələndirilirdi. S.Hacıyev namizədliyini irəli sürsə də, qeydə alınmadı.

Seçki komissiyalarına gəldikdə, rəsmi məlumatlarda Məntəqə Seçki Komissiyalarının üzvlərinin 13.851 nəfəri, yaxud 30 faizi siyasi partiyaların, 9.234 nəfəri və ya 20 faizi deputatlığa müstəqil namizədlərin nümayəndələri kimi göstərilirdi.

Cəlal Əliyev: “Cəbhəçilərlə o cür rəftar etmək lazımdır”

Təbliğat kampaniyası dövrü və seçki günü bir sıra hadisələrlə yadda qaldı. 81 saylı Saatlı seçki dairəsində seçicilərlə görüşən akademik Cəlal Əliyev seçki platformasından danışmaq əvəzinə demişdi ki, müharibə bitəndən sonra, bütün dünyada faşistləri tutub qırdılar:

“Cəbhəçilərlə də o cür rəftar etmək lazımdır. Onları asmaq lazımdır”.

Yaxud, 40 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizəd Sabir Tarıverdiyevə mandat qazanmadığını bildirəndə: “Mənim 47 min dollarımı kim qaytaracaq”, – deyə reaksiya vermişdi. Həmin dairədən istiqlalçı deputat Mətləb Mütəllimov mandat aldı.

Mayk Oks: “Yaxşı olardı ki, seçicilərə şərait yaradılardı…”

Seçkiləri beynəlxalq müşahidəçilərin qiymətləndirməsinə gəlincə, ATƏT/BMT birgə müşahidə missiyasının rəhbəri Mayk Oks seçkiyə 3 gün qalmış “Azadlıq” qəzetinə demişdi ki, partiyaların və müstəqil namizədlərin qeydə alınmaması üçün tutulan iradlar mübahisəlidir:

Bir sıra partiya və namizədlərin seçkidən kənarlaşdırılması düzgün qərar deyildi. Yaxşı olardı ki, seçicilərə şərait yaradılardı və onlar kimin tərəfində olduqlarını səsvermədə bildirəydilər. Biz bu barədə şikayətləri MSK-ya təqdim etmişdik, amma Azərbaycan müstəqil dövlət olduğundan biz prosesə müdaxilə edə bilmərik. Ümumiyyətlə, müstəqil, qeyri-rəsmi ekspertlərin rəyi olmadan rəsmi dairələrin ekspertlərinin rəyinə əsaslanmaq missiyamızı narahat edir”.

Amma Türkiyənin Azərbaycandakı səfiri Ömür Orhun, Ana Vətən, Doğru Yol və Rifah partiyalarının nümayəndələri ilə noyabrın 13-də keçirdiyi mətbuat konfransında seçki prosesindən razı qaldıqlarını bildirmişdilər.

“Seçki qanun yox, ənənələr əsasında keçirilib”

Seçkidən sonra Avropa Birliyinin nümayəndə heyətinin sədri Jak Bomel “Turan”a seçkilərin qeyri-demokratik olduğunu deyib. O, iqtidar tərəfdarı olan partiya və namizədlərə seçkiqabağı təbliğatda daha çox vaxt ayrıldığını bildirib:

Seçki qanun yox, ənənələr əsasında keçirilib. Bir ailə üzvünün qalanlarının yerinə səs verməsi bütün məntəqələrdə normal hal hesab olunub”.

H.Əliyev və Jak Bomel. Foto: “lib.aliyevheritage.org”

Jak Bomel polisin tez-tez seçki prosesinə müdaxilə etdiyini də dilə gətirib:

Biz polisin məntəqələrə bir neçə müşahidəçini buraxmadığının şahidi olduq”.

Jak Bomel deyib ki, konstitusiya layihəsinin son variantının seçkiyə 4 gün qalmış dərci, sənədlə tanışlıq üçün çox az zamandı.

Seçkidən sonra 11 dairənin nəticələri ləğv edildi və 1 il ərazində həmin dairələrdə yenidən seçkilər keçirildi.

Müstəqil ölkənin ilk parlamentində 6 müxalifəçi…

Rəsmi məlumatlara görə, seçici siyahılarına 4.132.600 nəfərin adı daxil edilsə də, onlardan 3.556.277-si (86,05 faizi) seçkilərdə iştirak etdi. Noyabrın 26-da birmandatlı 20 seçki dairəsində təkrar səsvermə, 1996-cı il fevralın 4-də 15 seçki dairəsində təkrar seçkilər və nəhayət, fevralın 18-də 1 seçki dairəsində təkrar səsvermə ilə parlament seçkiləri başa çatdırıldı.

MSK sədri Cəfər Vəliyev. Foto: Meydan TV

Milli Məclisə mandat alan 124 deputatdan 99-u birmandatlı seçki dairələri üzrə, 25-i isə siyasi partiyaların siyahıları üzrə vahid çoxmandatlı seçki dairəsindən idi.

Seçkilərdə 8 siyasi partiya iştirak edirdi. Onlardan Yeni Azərbaycan Partiyası ölkə parlamentinə 53, bitərəflər adı ilə 55, Azərbaycan Milli İstiqlal və Azərbaycan Xalq Cəbhəsi partiyalarının hər biri ayrılıqda proporsional sistemlə 3, Demokratik İstiqlal, Demokratik Sahibkarlar hər biri 2, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Müsavat, Maarifçilik partiyalarının hər biri 1 mandat almışdı.

Transferlər parlamenti…

1995-ci il seçkiləri əsasında formalaşan Milli Məclis müddətinin bitməsinə 2 il qalmış siyasi həyatın qaynarlığı səbəbindən daha çox hakim partiyaya transferlər və istefalarla yadda qalıb.

İlk addım kimi AMİP üzvü Novruz Quliyev istefa verərək bitərəfliliyini elan etdi. Ancaq 1998-ci ildə hakim partiyanın dəstəyi ilə mandat alan Gülnarə Qurbanova və Cəbrayıl Əhmədov Milli İstiqlal Partiyasına (AMİP) üzv oldular. Elə həmin il 5 YAP üzvü (Zəminə Dünyamalıyeva, Akif Şahbazov, Mahir Əsədov, Şamil Yusifov, Solmaz Ələsgərova) və 2 bitərəf (Yusif Bağırzadə və Umar Əfəndiyev) Azərbaycan Demokrat Partiyasına (ADP) keçdilər. Bu qədər deputatın eyni vaxtda müxalifət partiyasına transferinə səbəb sabiq spiker Rəsul Quliyevin ADP həmsədri seçilməsi idi.

Bir il sonra isə Demokratik İstiqlal Partiyasının üzvləri Mübariz Qurbanlı və Vilayət Quliyev YAP-a üzv oldular. Deputat Toğrul İbrahimli isə YAP-dan istefa verərək Namus Respublika Partiyasını yaratdı.

I çağırış Milli Məclisinə bitərəf adı ilə mandat almış 13 deputat YAP-a keçmişdi.

1995-ci il Milli Məclisində 15 qadın deputat vardı (Fatma Abdullazadə, Gülnarə Qurbanova, Əsmətxanım Məmmədova, Zeynəb Xanlarova, Çimnaz Əliyeva, Minayə Əliyeva, Nigar Ələkbərova, Solmaz Ələsgərova, Zəminə Dünyamalıyeva, Elmira Qasımova, Asya Manafova, Tərlan Musayeva, Şəfiqə Məmmədova, Səmayə Piriyeva, Naira Şaxtaxtinskaya). Bundan əlavə yeni məclisdə 7 akademik, 7 Xalq şairi və Xalq yazıçısı yer almışdı.

1995-ci il Milli Məclisə mandat qazananlardan bitərəf Əli Anxunski 1996, hakim partiyanın üzvü, akademik Ziya Bünyadov 1997-ci ildə qətlə yetirildilər.

Haşiyə: 1990-cı il sentyabrında Azərbaycan SSRİ-də 360 nəfərlik Ali Sovetə keçirilən seçkilər müstəqil Azərbaycanın ilk parlament seçkilərindən daha demokratik idi. Məsələn, seçkilərdə Kommunist Partiyası 280, Azərbaycan Xalq Cəbhəsi 45, bitərəflər adı ilə seçkilərə qatılanlar 15 yer qazanmışdılar.

Ana səhifəSiyasətAzərbaycanda seçki xronikası: “Heydər Əliyev dedi ki, dünyanın heç bir yerində deputatları xalq seçmir”