Mənbə: meydan.tv

Azərbaycanda qan düşmənçiliyi - keçmişin qalığı, yoxsa unudulmuş köhnəlik?

Məqalə yeniləndi:  1 Avqust 2019

Doğrudanmı qan düşmənçiliyi adəti vur-tut “yaxşı unudulmuş köhnəlikdir”?

Azərbaycanın qərbində yerləşən Ağstafa rayonunda bu yaxınlarda odlu silahdan açılan atəşlə dörd nəfər qətlə yetirildi, daha dörd nəfər isə yaralı həlda xəstəxanaya yerləşdirildi. Ölənlərin yaxınlarının və şahidlərin sözlərinə görə, faciə qan düşmənçiliyi zəminində baş verib.

İki ailə arasında qan düşmənçiliyi 2007-ci ildə - ailələrdən birinin iki üzvünün qətli ilə başlayıb.Qətli törədən iki qardaş həbs olunub. Və üstündən 12 il keçəndən və həbs olunanlar azadlığa çıxandan sonra öldürülənlərdən birinin oğlu qisas almaq qərarına gəlib. O, Kalaşnikov avtomatından açdığı atəşlə iki qardaşın, onların anasının və təsadüfən yaxınlıqda olan qadının ömrünə son qoyub. Bu faciə yerli ictimaiyyəti düşünməyə vadar edib: doğrudanmı qan düşmənçiliyi adəti vur-tut “yaxşı unudulmuş köhnəlikdir”?

Sovet hakimiyyəti qan düşmənçiliyinə qarşı

Hələ ötən əsrin əvvəllərində Azərbaycanda qan düşmənçiliyinin mövcud olduğunu biz bu düşmənçiliyin ifşasına həsr olunmuş klassik ədəbiyyat nümunələrindən öyrənə bilərik. İsmayıl Şıxlının “Dəli Kür” və Şamo Arifin “Qınamayın məni” romanlarında ailələr arasında münaqişə və qisas zəminində qızın oğurlanması və zorlanması kimi süjetlər yer alıb. Artıq Sovet dövründə bu cür təzahürlərdən bəhs etməyi dayandırdılar. Səbəb Sovet rejiminin qan düşmənçiliyinə barışmaz münasibətində və onu keçmişin qalığı saymağındadır. Sovet dövründə hərtərəfli təzyiqə məruz qalan əhali də “yuxarılar üçün xoşagəlməz olan” addımlar atmaqda maraqlı deyildi.

Ədalət yetərli olmayanda

Postsovet dövrünə gəldikdə isə, keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin sözlərinə görə, həbsdə keçirdiyi altı il ərzində qan düşmənçiliyi ilə əlaqəli cinayətlərə görə cəza çəkən bir neçə məhbusla tanış olub: «Ailələr arasında düşmənçilik onillər boyu davam edir. Məhbusların bəzilərinin həbsxanadan çıxacağı günü onların öldürdüyü şəxslərin qohumları gözləyirdi və belə şəxslər əmin idilər ki, türməni tərk edən kimi qətlə yetiriləcəklər».

Bu mövzuda KİV-də yer alan məqalələrdən nəticə çıxarmaq olar ki, qan düşmənçiliyi bizim dövrümüzdə heç də nadir hadisə və “keçmişin qalığı” deyil. Son illərdə mətbuatda yer almış bəzi cinayətləri misal gətirək:

2008-ci il. - Şamaxı rayonunda münaqişə zəminində Qafarovlar ailəsinin üzvlərindən birinin Zeynalovlar ailəsinin üzıünü öldürməsi qan düşmənçiliyinin yaranmasına səbəb olur. Qisasdan qorxan Qafarovlar ailəsi kəndi tərk edərək bir də oraya 10 il sonra - 2018-ci ildə qayıdır. Bundan xəbər tutan Zeynalovlar Qafarovların evinin önünə gələrək onlardan kəndi tərk etmələrini tələb edirlər və rədd cavabı alırlar, nəticədə 10 nəfərin iştirakı ilə kütləvi dava başlayır.. Dava zamanı Sahib Zeynalov küt alətlə həmkəndlisi Həbib Qafarova ağır xəsarətlər yetirir.

2013-cü il - Ağdaş rayonunda 50 nəfərin iştirak etdiyi kütləvi dava baş verir. Nəticədə beş nəfər yaralanır. Məlum olur ki, qonşular arasında iki il əvvəl qan düşmənçiliyi yaranıb: ailəli gənc qonşunun qızı ilə qeyri-rəsmi münasibətə daxil olub. Qız ailənin namusunu qorumaq adıylv əmisi oğlu tərəfindən qətlə yetirilib. Oğlanla qızın qohumları arasında isə qan düşmənçiliyi başlayıb.

2018-ci ilin avqustu - Ağdaş şəhər sakini, karate üzrə məşqçi Nizami İsmayılov odlu silahdan açılan atəşlə qətlə yetiririr. Qətlin səbəbi isə onun öz qatilinin yaxın qohumlarından birinə bir neçə il əvvəl endirdiyi ölümcül zərbə olub. Tərəflər arasında illər boyu çoxlu münaqişələr baş verib

Oxşar hadisələr çoxsaylı olmasa da, baş verməkdə davam edir. Sosioloqlar bunu onunla izah edirlər ki, zərərçəkənləri və onların qohumlarını məhkəmələrin təyin etdiyi cəza narazı salır.

«Kiminsə gəlib ədaləti təmin edəcəyinə olan ümidlər özünü həmişə doğrultmur», - psixoloq Səbinə Abdullayeva deyir.

Buraya Türkiyə seriallarının nə dəxli var?

Psixoloq Tariyel Faziloğlunun fikrincə, qan düşmənçiliyi adətinin Azərbaycanda dərin kökləri yoxdur və o, son dövrün trendi kimi formalaşıb:

“ Türkiyə seriallarının təsiri ilə son vaxtlar qan düşmənçiliklərinin sayı artıb. Türkiyə telekanallarında qan düşmənçiliyi haqda film və seriallar göstərilir. Bu, gənclərə psixoloji təsir edir: süjetin mərkəzindəki qan düşmənçiliyində iştirak edən personaj müsbət qəhrəman kimi təqdim olunur. Bu meyl özünütədiq zərurəti hiss edən gənclər arasında geniş yayılır, nəticədə qan düşmənçiliyi kimi neqativ təzahürlər üçün şərait formalaşır. Həmin film və seriallar təkcə qan düşmənçiliyi hallarının yox, kriminal hadisələrin də sayının artmasına yol açır”.

Məsələni qanunverciliklə həll etmək olarmı?

Hüquqşünas Fariz Namazlının sözlərinə görə,Azərbaycan Respublikasının qanunvericiliyində qan düşmənçiliyi motivi ilə baş verən cinayətləri tənzimləyən xüsusi qanunlar yoxdur: «Hər hansı cinayətin qan düşmənçiliyi zəminində baş verməsi ona qarşı tətbiq olunan maddəni dəyişdirmir».

Ancaq motiv cəzanın ağırlaşdırılmasına təsir edə bilər.

“Əgər kimsə qisas, ailə münaqişələri səbəbi ilə başqasını döyübsə ya öldürübsə, bu, ağırlaşdırıcı şərt hesab olunur. Bu, çox vaxt həbs müddətinin ikiqat artırılmasınv aparıb çıxarır. Yəni, qanunvericiliyə xüsusi bəndlərin əlavə edilməsinə ehtiyac yoxdur », - Ruslan Əfəndi hesab edir..

Digər ekspertlərin fikrincə, hazırda əksər qan düşmənçiliyi hadisələri zorakılıqsız həyata keçirilir və digər formalarda özünü göstərir:

«Tutaq ki, bir ailənin digəri ilə haqq-hesabı var. Hesab edirlər ki, günahkarların heç də hamısı cəzalanmayıb və ya cəza yetərincə olmayıb. Həmin ailənin hansısa bir üzvü yüksək vəzifəyə keçəndə öz düşmənlərini işdən qovmaqla, onların torpaq sahələrini əllərindən almaqla, yaxud həmin ailəni kənddən qovmaqla cəzalandırır. Yəni, söyləmək olmaz ki, ölkədə qan düşmənçiliyi halları yox olub, sadəcə son vaxtlar “qan tökmədən” qisas alırlar».

Qan düşmənçiliyi əvəzinə qohumluq?

Ölkədə bir çoxları bu qənaətdədir ki, çox vaxt qan düşmənçiliyinə səbəb qisas hissi yox, ictimai qınaq qorxusu, cəmiyyətin nəzərlərində “zəif” sayılmaq qorxusu olur. Ancaq düşmən tərəflərin, yaxud heç olmasa tərəflərdən birinin özündə güc taparaq düşmənçiliyə son qoyması faktları da az deyil.

«Mən balaca olanda kənddə yaşayırdıq. Qonşuluğumuzda aralarında qan intriqası olan ailələr vardı. Siz inanmayacaqsız, onlar düşmənçiliyə son qoymaq üçün övladlarını bir-biri ilə evləndirdilər», - həmsöhbətlərimizdən biri danışır.

Zakir Muradovun (ad və soyad dəyişdirilib) 39 yaşı var. O, atləsi ilə birlikdə ölkənin mərkəzi rayonlarından birində yaşayır. 21 il əvvəl yay gecələrindən birində Zakirin 70 yaşlı nənəsi xüsusi amansızlıqla öldürülür. Qatilin cəmisi 15 yaşı vardı. Bütün qəsəbə baş sındırırdı - 15 yaşlı yeniyetməyə qoca qadından nə lazım idi?

«Ancaq biz qatilin kimliyini biləndə hər şey aydın oldu. O, bizim ailənin qan düşməni idi. Əslində biz onlarla düşmənçilik etmirdik. Ancaq mənim babam gəncliyində həmin ailənin bir uşağını öldürmüşdü və həmin uşaq nənəmin 15 yaşlı qatilinin əmisi idi».

Zakirin babası 15 illik həbs cəzası alır və həbsdən çıxanda Zakirin ailəsindən heç kəs onu qəbul etmir. Hətta qoca vəfat edəndə də, qohumları onu dəfn etməkdən imtina edirlər və baba dövlətin hesabına torpağa verilir.

«Nənəm də daxil olmaqla bütün ailəmiz babamın əməlinə görə utanırdıq və ondan bütünlüklə imtina etdik. Ancaq qətlə yetirilmiş uşağın ailəsi cinayəti unuda bilmədi və tamamilə günahsız adamdan qisas aldı. Bilmirəm, onlar həmin hadisəni 15 yaşlı yeniyetməyə hansı formada təqdim etdilər ki, o da yaşlı qadını bu cür amansızlıqla öldürdü».

Nənənin ölümündən sonraa qohumlar və qonşular Zakirin ailəsindən cavab zərbəsi gözləməyə başladılar. Ancaq ailə qisas almadı, sadəcə yaşayış yerini dəyişdi.

«Günahsız adamların öldürülməsi yetər. Mənim ailəm bunu istəmir və biz hamımız baş verənləri unutmağa çalışırıq».

"Mediaşəbəkə"nin dəstəyi ilə

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 Avqust 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9mp854

Ən çox baxılan