Azərbaycanda Onkoloji Xəstəliklə Mübarizə Günü

Uşağı götürüb ən məşhur özəl klinikaya – Mərkəzi Klinikaya getdik.

Zideydə Sadıqova. Foto: Meydan TV


Balaca ürək bu həyata necə tutundu?

4 fevral dünyada Onkoloji Xəstəliklərlə Mübarizə Günü kimi qeyd edilir. Bəs bizdə?

…Bizim evdə də bu xəstəliklə mübarizə aparan balaca bir ürək var. Bəxtimizə savadlı həkimlər çıxdı və biz bu balaca ürəyi Türkiyə Cümhuriyyətində müalicə etdirməyə başladıq. Yalnız həftədə bir dəfə vurulan və cəmi 7 lirəyə olan kimyəvi iynəni isə Bakıdakı Uşaq Onkologiyası Mərkəzində 500 manata vurdururduq. Bu mərkəzdə övladımın həkimi, xəstəlik tarixini əks etdirən sənədi var idi.

Həftədə bir dəfə mərkəzə gedirdik və orada sönük körpə gözlərini, uşağının hər an öləcəyini gözləyən bədbəxt anaları görürdüm. Bu mərkəzdə heç kim gülmürdü. Orada heç kim varlı ailədən gəlməmişdi. Dəhlizlərdə, otaqlarda ölümcül səssizlik hökm sürürdü. Orada heç kimlə danışa bilmirdim.

Amma Türkiyədəki xəstəxanada vəziyyət fərqlidir. Körpələrin belə ağır xəstəlikdən müalicə almasına baxmayaraq, bir canlanma olur. Hamı deyir, gülür. Valideyn və uşaqların gözündə bir işıq var. Əmindirlər ki, yaşayacaqlar. Əmindirlər ki, HOCAM dedikləri insanlar onları xilas edəcək.

Balaca ürəyimiz Türkiyədə 5 kurs kimyateropiya almalı idi. Həmin protokolu Uşaq Onkologiyasının aparıcı həkiminə göstərdim və narazı qaldı, söylədi ki, bu xəstələr (Wilms Tümör (Şiş)) doqquz və ya on bir kurs kimyateropiya edilməlidir. Guya Türkiyədə müalicəmiz səhv gedirmiş.

4-cü kurs terapiyanı aldıq və Bakıya döndük. Bakıya dönməyimizin 2-ci günü uşağın vəziyyəti pisləşdi. Heç demə, qan göstəriciləri düşübmüş və sadəcə, təcili qan köçürülməli imiş. Terapevtimizin aydınlatmasından sonra uşağı götürüb Uşaq Onkologiyasına qaçdıq. Lakin xəstəxana bizi heç cür qəbul etmirdi. Uşaq da artıq qan qusurdu. Terapevt həkimimiz bir neçə dəfə xəstəxananın aparıcı həkiminə zəng etdi, lakin həkim bildirdi ki, başqa ölkədə müalicə aldığımıza görə xəstəxana bizi qəbul edə bilməz. Baxmayaraq ki, uşaq həm də orada qeydiyyatda idi, 4 ay hər həftə kimyəvi iynə vurulmuşdu. Bu iynə üçün pul ödəmişdik. Həmçinin həkim bildirdi ki, o, özbaşına deyil, baş həkim icazə vermirmiş.

Uşağı götürüb ən məşhur özəl klinikaya – Mərkəzi Klinikaya getdik. Sənədləşmə aparıldı, pul köçürüldü və biz palataya yerləşdirildik. Bir neçə saata nəhayət ki, uşağa qan vurulması nəticəsinə gəldilər. Bilmirəm niyə bu qədər uzadırdılar. Uşağın da vəziyyəti pisləşirdi.

İndi də məlum oldu ki, 400 manat pul köçürülməlidir. Ancaq üstümüzdə o qədər pul olmadığı üçün qan vurulmadı. Xahiş etdik ki, pul gələnə kimi donor çağırılsın, lakin xəstəxana birmənalı imtina etdi. Yalnız kassaya pul köçürüldükdən sonra donorun çağırılacağını dedilər.

Nəhayət, pul gətirildikdən sonra donor çağırıldı, onun qanı alındı və təmizlənməyə göndərildi. Beləcə 2-3 saat da belə itirdik. Sonda bütün xəstəxananın anestizioloqları və həkimləri can verən uşağın damarlarını axtarmağa başladılar.

Gecə idi və nə baş verdiyini anlamırdım. Uşağın ətrafı 10-a yaxın həkimlə dolmuşdu. Uşağı görmürdüm. Düşünürdüm ki, bir azdan mənə bir meyit verəcəklər.

Amma bu balaca ürək acımasız həyatdan iki əlli yapışdı və biz mübarizəmizi davam etdirdik. Amma öz ölkəmizdə yox.

Bizdə insanın canı önəmli deyil, önəmli olan sənədləşmədir, puldur, baş həkimlərin sözüdür…

Bizdə onkoloji xəstəliklə mübarizə günü qeyd edilmir.

Bizdə onkoloji xəstəliklə mübarizə aparılmır.

Bizdə xəstələr sağalmır…


Zibeydə Sadıqova

Ana səhifəXəbərlərAzərbaycanda Onkoloji Xəstəliklə Mübarizə Günü