Azərbaycanda LGBTQ+ fərdləri onlayn parad keçiriblər

Vahid Əli hamıya açıq elan etdiyi xəritəni artıq bağlayıb.

Source: Specify Source


Yürüşə 250-dən çox insan qatılıb

Azərbaycanda LGBTİQ+ fərdləri onlayn qürur yürüşü keçiriblər. Onlar “Google Maps”də açıq xəritə yaradıb, olduqları yeri qeyd ediblər.

Yürüşə 250-dən çox insan qatılıb. Onlar xəritə üzərində olduqları yeri işarələyib və oraya LGBTİQ+ bayrağını qoyublar.

Meydan TV-yə danışan yürüş təşkilatçısı Vahid Əli bildirib ki, hər il bu zaman dünyanın müxtəlif ölkələrində LGBTİQ+ fərdləri qürur yürüşləri keçirir. Ancaq builki planlarını koronavirus pandemiyası alt-üst edib. Nəticədə, hətta daimi qürur yürüşü keçirilən ölkələrdə belə paradlar təxirə salınıb:

“O ölkələr ki, LGBTİQ+ hüquqları ilə bağlı qanunlar qəbul ediblər, tədbirlər görüblər, orada bu insanların hüquqları təmin edilir. İndi bütün o ölkələrdə qürur yürüşünü keçirmək üçün onlayn vasitələrdən istifadə edilir. Onlayn tədbirlər, film müzakirəsi, sərgilər və tədbirlər keçirilir. Eyni zamanda, onlayn seminarlara ekspertlər dəvət edilir, müzakirələr aparılır”.

Vahid Əli deyir ki, dünyada bu kimi tədbirlərlə yanaşı həm də onlayn qürur yürüşləri də təşkil edilir. Müxtəlif şəhərlərdə insanlar xəritədə öz yerlərini qeyd edir, həmin “pin”ə LGBTİQ bayrağı əlavə edirlər. Bu nüminələrdən biri Türkiyədə, digəri Rusiyanın Sankt-Peterburq şəhərində edilib”.

Vahid Əli bu nümunələrə baxıb və Azərbaycanda da onlayn qürur yürüşü keçirmək qərarına gəlib:

“Bizdə normalda da küçələrə çıxıb yürüş keçirmək mümkün olmur. Elə fürsətdən istifadə edib, onlayn parad keçirək dedim. Alındı. Bunun üçün “Google-maps”də bir xəritə yaratdım. Bunu hər kəsə açıq etdim. Əvvəlcə dost-tanışıma dedim, onlar da öz ətraflarına söylədilər. Sonra sosial şəbəkələrdən görüb, dəstək verənlər də oldu. Beləliklə, 250-dən artıq insan olduğu yeri bu xəritədə qeyd etməyə başladı”.

Vahid Əli hamıya açıq elan etdiyi xəritəni artıq bağlayıb. Deyir, silinmə ehtimalı var və bunun olmasını istəmir:

“Texniki olaraq da çox sadə prosesdir. İnsanlar öz “Google” hesablarından linkə daxil oldular. Xəritədə öz olduqları yeri qeyd edib, həmin nöqtəyə LGBTİQ+ bayrağını əlavə etdilər. Beləcə, qürur yürüşü baş tutdu”.

Qürur yürüşü ilə bağlı hazırlanan bəyanatda isə bildirilir ki, hazırda Azərbaycanda LGBTİQ+ fərdlərinin vəziyyəti ağırdır. Bu insanlara toplaşmağa icazə yoxdur. Hətta bu il Azərbaycan Avropada LGBTİQ+ fərdlərinin hüquqları baxımından ən pis ölkə seçilib:

“Amma biz yenə də yolumuzdan əl çəkmədik. Hələ də qürur yürüşü etmək üçün şansımızın olduğunu düşündük. Bir yerə gəlməyin virtual yolunu tapdıq. Əngəllərə baxmayaraq, qürur yürüşü hissini ruhumuzla qucaqladıq. Bunun üçün “Google Maps”də “Qürurum” adlı vasitə yaratdıq. Bu, bizə Bakının müxtəlif yerlərindəki insanların virutal yürüyüşə qoşulmalarına imkan verdi. Biz xəritədə olduğumuz yerləri göyqurşağı bayrağı ilə işarələdik. Xəritədəki hər bir bayraq Bakıda qürur yürüyüşünə qatılanları və dəstək olanları göstərir”.

Ana səhifəSosialAzərbaycanda LGBTQ+ fərdləri onlayn parad keçiriblər