“Azərbaycanda internetin keyfiyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil”


Osman Gündüz: “Müvafiq nazirliyin kommersiya və tənzimlənmə səlahiyyətlərinə bu il son qoyulması nəzərdə tutulub”


5 fevral Beynəlxalq Təhlükəsiz İnternet Günü kimi qeyd edilir. Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla 140-dan çox ölkədə qeyd olunur. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. Son bir ilin məlumatına əsasən gənclərin 65 faizi interneti onlara gündəlik həyatlarında köməklik göstərən və cəmiyyətə birbaşa çıxışı təmin edən əvəzsiz vasitə sayıb. Dünya üzrə 60 faiz insan internet vasitəsilə qlobal miqyasda baş verən hadisələri və xəbərləri izləyir. Hazırda Azərbaycanda internetin imkanları, sürəti, provayderlər arasında rəqabət və ümumiyyətlə, bu sahədə problemlər hansı səviyyədədir?


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbətimizdə bu suallara qismən cavab almağa cəhd etdik.



– Osman bəy, Azərbaycanda internetin sürəti, provayderlər arasında rəqabət hansı səviyyədədir?

– Mən düşünürəm ki, Azərbaycanda internet çox böyük inkişaf dövrü keçməsinə və əhalinin böyük hissəsinin istifadəsinə baxmayaraq, bir sıra problem hələ qalmaqdadır. Birinci əsas problem sərbəst və azad rəqabətlə bağlıdır. Azərbaycan internet bazarının spesifik xüsusiyyəti odur ki, özəl və dövlət provayderləri var. Son dövrlərin dinamikası göstərir ki, dövlət provayderlərinin xüsusi çəkisi artır, bazarda mövqeləri daha da güclənir, özəl provayderlərin mövqeləri isə daha da zəifləyir. Statistika da təsdiqləyir ki, dövlət provayderlərin çəkisi, investisiyaları, resursları və müştərilərinin sayı artıb. Bu, doğru deyil. Ümumiyyətlə, bazarda dövlət provayderinin olmasının özü yanlışdır. Xüsusən indiki bazarda dövlət provayderinin sahib olduğu və söykəndiyi qurum həm də bazarı tənzimləyir. Söhbət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən gedir. Tənzimlənmənin kommersiya ilə məşğul olan qurumda olması əlavə ciddi problemlər yaradır. Bunlardan biri tənzimlənmə səlahiyyəti ilə bağlıdır. Müvafiq nazirliyin kommersiya və tənzimlənmə səlahiyyətlərinə bu il son qoyulması nəzərdə tutulub. “Strateji Yol Xəritəsi”nə görə bu il nazirliyin tənzimləmə qurumları əlindən alınmalı və müstəqil tənzimləyici qurum yaradılmalıdır.



– Siz son dövrlərdən danışırsınız, zamanı konkretləşdirə bilərsinizmi?

– Yəni söhbət son 2-3 ildən gedir. Dövlət provayderlərinin bazardakı xüsusi çəkisi kəskin artıb, rəqabət isə zəifləyib. Hazırda Bakı Şəhər Kommersiya Məhkəməsində və Antiinhisar Dövlət Xidmətində özəl və dövlət provayderləri arasındakı problemlər çəkişmə predmetidir. Bütün bu səbəblərdən dolayı da Azərbaycanda internetin sürəti və keyfiyyətlə bağlı problemlər qalır. Dünya və region göstəricilərinə baxsaq, Azərbaycanda bununla bağlı rəqəmlər o qədər də ürəkaçan deyil. Halbuki, “Strateji Yol Xəritəsi”ndə göstərilib ki, bu il orta sürət 20 meqapitə çıxmalıydı. Ancaq hələlik bu göstərici real görünmür. Hesab edirəm ki, hökumət də bunun fərqində olmalıdır, rəqabət güclənməli və özəl sektor üçün normal mühit yaranmalıdır.



– Bəs ölkənin regionlarında internetin vəziyyəti necədir?

– Azərbaycan əhalinin az qala 50 faizi kəndlərdədir, dövlət statistikasında belədir. Amma buna baxmayaraq kənd əhalisinin yüksək internetə çıxış imkanları demək olar ki, yoxdur, yalnız rayon mərkəzlərində bu imkan var. Kənd məktəblərində geniş zolaqlı fibrotik internetlə bağlı problem olduğundan Təhsil Nazirliyi başqa formaya əl atdı. Təhsil Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyindən istifadə edə bilmədiyini görüb “Bakcell” operatoru ilə danışığa gedib, mindən çox məktəbə mobil internet verdi. Amma yerüstü olsaydı, daha dayanıqlı olardı, sadəcə, “Bakcell”-in dəstəyi ilə min kənd məktəbinə mobil geniş zolaqlı internetin verilməsi də müsbət sayıla bilər.



– Bu mənada qonşularımız Gürcüstan və Ermənistanda durum necədir?

– Onların statistikası ilə bağlı məndə yetərli məlumat olmasa da, beynəlxalq rəqəmlərə istinad edə bilərəm. Geniş zolaqlı internet infrastrukturu baxımından qonşularda dinamika daha sürətlidir. Yəni özəl provayderlərin geniş zolaqlı internet çəkilməsi sahəsindəki imkanları daha yüksəkdir. Azərbaycanda müvafiq nazirlik bu infrastrukturu dövlət provayderlərinin üzərinə qoyub, amma onların da resursu çox deyil. Bununla bütün ölkəboyu geniş zolaqlı və yüksək sürətli internet infrastrukturu qurmaq olmaz.



– Bu cür gedişat yaxın illərdə də davam edəcək, yoxsa…?

– Hesab edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin statusuna yenidən baxılsa, tənzimləmə funksiyaları əlindən alınıb müstəqil tənzimləyici quruma verilsə, yəni Milli Telekommunikasiya Şurası yaradılsa, qurumun üzvləri Prezident tərəfindən təyin olunacaq və bazarda qaydaları bu qurum təmin edəcək. Belə bir qurum yaranandan sonra dinamika həddən artıq artacaq və özəl provayderlər üçün geniş imkanlar yaranacaq. “Strateji Yol Xəritəsi”ndə 2020-ci il üçün bu məsələ qoyulub.

Ana səhifəVideo“Azərbaycanda internetin keyfiyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil”