”Azərbaycanda ən iri aqropark şəbəkəsinə „Paşa Holdinq“ nəzarət edir“

“Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksəkçinli məmurlara məxsusdur”

Source: Specify Source


Qubad İbadoğlu Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına cavab verdi

"Hazırda Azərbaycanın ən iri aqropark şəbəkəsinə müxtəlif törəmə və əlaqəli şirkətlər (“Agro Dairy” MMC, “Şəmkir Aqropark” MMC, “Yalama Aqropark” MMC, “Azərşəkər” MMC, “Grand Agro” MMC, “CPC” MMC, “Azbadam” MMC, “Foodcity Agropark” MMC və “Agrarco” MMC) vasitəsilə “PAŞA Holdinq” MMC nəzarət edir".

İqtisadçı Qubad İbadoğlu belə deyir. O, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin onun Qax və Şəkidə salınan fındıq bağları ilə bağlı açıqlamasına verdiyi cavaba uyğun bildirib.

Qubad İbadoğlu deyir ki, Azərbaycanda aqroparklara sahib olan şəxslərdən biri də hakim ailənin digər üzvü – Səməd Qurbanovdur. 2017-ci ildə o, Bakıda, Zirə qəsəbəsində 10 hektar sahədə istixana kompleksi inşa edib. “Baku Agropark” MMC-nin bu layihəsinin icrasına 21,7 milyon manat sərmayə qoyulub. Vəsaitin 10 milyonu dövlətin ayırdığı güzəştli kreditdir:

"İstixananı elektrik enerjisi ilə təmin etməkdən ötrü “Azərişıq” ASC xətti ilə dövlətin 5,5 milyon manat məbləğində vəsaitindən istifadə olunub.

Səməd Qurbanovun digər aqroparkı Şabran rayonunun Udulu kəndində taxıl istehsalı ilə məşğuldur. Ümumi dəyəri 14 milyon manat olan “Şabran Aqrokompleks” MMC aqroparkının yaradılmasına dövlət 10 milyon manat güzəştli kredit verib".

İqtisadçı deyir ki, gənclər və idman naziri Azad Rəhimova məxsus “İD-Agropark” MMC 2016-cı ildə yaradılıb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Saatlı rayonunun Azadkənd kəndi ərazisində, “Moskva” su kanalının yaxınlığında 7000 hektar qış otlaqlarının təyinatı dəyişdirilib:

"Sahibkarlığın İnkişafı Fondu “İD-Aqropark” MMC-yə 10 milyon manat güzəştli kredit ayırıb. Nazir Azad Rəhimovun ikinci aqroparkı Kürdəmir rayonunun Şilyan massivindədir. Burada “SM Agro” MMC-yə 6150 hektar kənd təsərrüfatı təyinatlı torpaq ayrılıb. Bu şirkət də 2016-cı ildə yaradılıb. Bu torpaqlarda taxıl və pambıq becərilir".

Qubad İbadoğlu bildirib ki, Biləsuvar rayonu ərazisində qurulan 3 aqroparkdan biri keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni, İran əsilli işadamı Şəhriyar Malekiyə məxsusdur. “Green Farms Azerbaijan” MMC 2016-cı ildə yaradılıb. Rayonda 5000 hektar sahəsi olan aqropark bu şirkətə təhkim olunub. Aqroparkda arpa, buğda və qarşıdalı becərilir:

"Goranboy və Samux rayonları ərazisində qurulan “Region Agro” aqroparkı Prezidentin köməkçisi Zeynal Nağdəliyevin kiçik oğlu Hikmət Nağdəliyevə məxsusdur. Nazirlər Kabinetinin sərəncamları ilə Goranboy rayonunda 3500 ha, Samux rayonunda isə 1200 ha qış otlaq sahələrinin təyinatı dəyişdirilib və yeni yaradılan aqroparkın istifadəsinə verilib. Bu iri taxılçılıq təsərrüfatının yaradılmasına dövlət 35 milyon manat vəsait ayırıb. “Azərişıq” ASC bu özəl təsərrüfata dövlət vəsaiti hesabına 2,9 milyon manat sərmayə qoyub. Nağdəliyevlərin aqroparkı üçün dövlət büdcəsi hesabına 12 km-lik qaz xətti inşa olunub, əraziyə 9,4 km uzunluğunda asfalt yol salınıb".

Qubad İbadoğlu deyir ki, növbəti təsərrüfat Qax rayonundakı “Ulu Aqro” MMC-yə məxsus aqroparkdır. Sahibi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadədir. Aqropark Ağyazı qışlağının ərazisində 2094 hektarda yaradılıb. Meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat dövlət vəsaiti sərf olunub:

"Büdcə vəsaiti hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkililib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, 15 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti qurulub, transformatorlar alınıb. Bundan başqa, Əhmədzadələrin aqroparkına aparan Qax-Qıpçaq-Ağyazı avtomobil yolu da əsaslı təmir edilib. Aqroparka 2 milyon manat dövlət güzəştli krediti verilib".

İqtisadçı bildirib ki, “Binə Aqro” QSC-nin istixana kompleksi isə 2015-ci ildə 6 ha torpaqda qurulub. Bu gün təsərrüfatın sahəsi 140 hektara çatıb, bunun 75 hektarı istixana altındadır:

"Kompleksin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 5 milyon manata yaxın dövlət vəsaiti qoyulub. Şirkətin Müşahidə Şurasının sədri Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin oğlu İlham Nağıyevdir".

Aprelin 7-də Kənd Təsərrüfatı Nazirliyi iqtisadçı Qubad İbadoğlunun Şəki və Qax bölgəsində salınan fındıq bağlarının məmurlara məxsus olması ilə bağlı fikirlərinə

cavab

verib.

Qubad İbadoğlu bildirirdi ki, salınan bağlar keçmiş çay yatağındadır, ərazi daşlıqdır, burada bağ salınması faydasızdır:

qubad.jpg
Qubad İbadoğlu

“Ancaq bu bağı salan məmurlar dövlət büdcəsindən nə qədər əvəzsiz vəsait (subsidiya) alacaq. Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksəkçinli məmurlara məxsusdur. Adi fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə “müstəsna hüququ” var”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, Qubad İbadoğlunun fikirləri əsassızdır:

"Əgər əlində salınan bağın hansısa məmura məxsus olduğuna dair əsas, fakt-sübut varsa, adını çəksin. Biz də bilək. Bundan əlavə, adi sahələrdə intensiv fındıq bağlarının salınması hər hektara 15-16 min manata, bu cür daşlıq ərazilərdə bir hektar bağın salınması ən azı 18 min manata başa gəlir. Bu 18000 manata ərazinin daşlardan təmizlənməsi, sahənin hazırlanması, tinglərin basdırılması, gübrə verilməsi, budamanın aparılması, işçilərin əməkhaqqı, elektrik məsrəflərinin ödənilməsi, maaşların verilməsi və sair aiddir”.

Vüqar Hüseynov deyib ki, dövlət çay yatağında salınan fındıq bağına çəkilən xərcin 25 faizini qarşılayır: “Hesablamaq çətin deyil ki, daşlıq ərazidə, çay yatağında 320 hektar intensiv fındıq bağının salınmasına ən azı 5 milyon 760 min manat sərf olunub. Dövlət bu xərcin təxminən 25 faizini qarşılayırsa, bunun nəyi pisdir? O ərazilərin elə çatlaq yeri, daşlıq ərazi olaraq qalması yaxşıdır, yoxsa dövlətin də bir qisim xərcləri kompensasiya etməsi ilə investisiya yatırılaraq fındıq bağı salınması?”

Qubad İbadoğlu isə Şəkinin Bideyiz kəndində 320 hektar ərazidə salınan fındıq bağına veriləcək subsidiyanı hesablayıb.

Deyir ki, bağın salındığı ildən ilk 4 il ərzində hər hektara 730 manat – 320 ha X 730 manat = 233 600 manat veriləcək. 4 ildən sonra isə hər hektara 250 manat – 320 ha X 250 manat = 80 000 manat düşəcək. İntensiv fındıq bağlarının salınması üçün birdəfəlik ödəmə hər hektara 4 400 manat – 320 X 4 400 manat = 1 408 000 manatdır: “Gördüyünüz kimi fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq” – iqtisadçı belə deyir.

2021-ci il ərzində salınan fındıq bağlarına da birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur.

Ana səhifəİqtisadiyyat”Azərbaycanda ən iri aqropark şəbəkəsinə „Paşa Holdinq“ nəzarət edir“