Azərbaycanda “cin çıxaranlar” haqqında hökm: 57 il cəza

Mərhum Murad Soltanovun atası Şahin Soltanov bildirib ki, hadisədən bir müddət öncə oğlunun psixoloji durumunda problem yaranıb.

Foto: Meydan TV


“Vüsalın "Quran" oxuyacağını, digərlərinin isə Muradın əl-qolunu bağlayıb nar çubuğu ilə daha möhkəm vurmalarını tapşırdım”

Azərbaycanın Şabran rayonunda 26 yaşlı gəncin "bədənindəki cini çıxarmaq" üçün onu nar çubuqlarıyla döyüb öldürməkdə ittiham olunan altı nəfərlə bağlı məhkəmə araşdırmaları başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə altı nəfərin hər biri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov 9 il 6 ay azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 126.3 (bir qrup şəxs tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirli biliniblər.

Mərhum Murad Soltanovun atası Şahin Soltanov bildirib ki, hadisədən bir müddət öncə oğlunun psixoloji durumunda problem yaranıb. Əvvəllər onun psixoloji problemi və narahatlığının olmadığını deyən zərərçəkmişin sözlərinə görə, oğlu hərbi xidmətdə də olub, qayıdandan sonra da işləyib. Günlərin birində səhər duranda vəziyyəti qəfildən dəyişib: "Başını divara vurub, üstünə soyuq su töküb, söyüş söyürdü. Yaxınlaşanı vurur, dişləyirdi. Əlimi dişləyəndə az qala, barmağımı qoparacaqdı. Məcbur olub dəlixanaya zəng elədik, saxlaya bilmirdik. Gəlib apardılar. Orada sakitləşmişdi. Bibisinə dedi ki, mən dəli olmamışam, məni burada saxlamayın. Sonra anası gəlib dedi ki, "ver uşağı aparım, onda cin var". Anası dindardı, xəvaric təriqətinə mənsubdur, namaz qılmayana "kafir" deyir".

Ş.Sultanov bildirir ki, həmin gün Muradı xəstəxanadan çıxarıblar. Onun sözlərinə görə, əvvəllər də o xəstəxanada elə şeylər görüb ki, övladını orada saxlamaq istəməyib. Muradı anası yaşadığı evə aparıb: "Anası apardığı axşam zəng elədi ki, Murad qaçıb. Birtəhər tapdıq, küçədə maykada gəzirdi. Bizi görüb, söyüş söyə-söyə qaçırdı. Əl-ayağını bağlayıb, xəstəxanaya apardıq".

Atası etiraf edir ki, bundan sonra özü də oğlunda "cin" olduğunu düşünüb, onu müalicə edə biləcək molla axtarmağa başlayıb. Bir nəfər ona Qabil adlı mollanı məsləhət görüb. Onu xəstəxanaya gətirsələr də, həkimlər ona içəri daxil olmağa icazə verməyib. Bundan sonra Muradı xəstəxanadan çıxarıb maşında mollaya göstəriblər. O deyib ki, Muradda cin var. Daha sonra Muradı evə gətiriblər, hər gün Qabil gəlib ona dua oxuyub, bəzən də zeytun çubuğuyla vururmuş: "Bu proses hər gün davam edirdi. Hər gün Qalib bizə gəlirdi. Ona müsbət təsir göstərdi. Hətta özü küçədə sərbəst gəzməyə başlamışdı".

Zərərçəkmiş deyir ki, daha sonra Muradın anası yenidən ailə qurduğu Elnurun Füzuli adlı başqa bir dindar tanışının olduğunu deyib, onun yanına aparmağı məsləhət görüb. Ata da razılaşıb. Hazırda təqsirləndirilənlər arasında olan

Füzuli Qəribov da Muradda cin olduğunu deyib, gəlib gündəlik dualar oxuyub. Sonradan Füzuli yaşadığı Şabran şəhərinə qayıdanda onlar da məcbur olub gedib orada kirayə ev tutublar. Muradı hər gün Vüsal İbrahimovgilin evinə aparıblar. Orada onu hazırda həbsdə olan təqsirləndirilən şəxslər "müalicə" ediblər. Müalicə də dualar oxumaq və arabir döyməkdən ibarət olub. Atası etiraf edir ki, özü də hərdən Muradı çubuqla vururdu. Çünki bunlar ona müsbət təsir göstərirdi. "Seans" vaxtı bəzən oğlunun yanında özü, bəzən də Şabrana özləri ilə apardıqları bacısı oğlu Emin Qasımov olurdu. Hadisə günü də bacısı oğlu zəng eləyib ki, "seans" başa çatıb: "Muradı görəndə hiss elədim ki, vəziyyəti yaxşı deyil. Mənə dedilər ki, "həkimə zəng eləmə, evə apar, düzələcək". Evdə vəziyyəti daha da pisləşdi. Paltarını çıxaranda gördüm ki, çubuqla o qədər vurublar ki, göbəyindən sinəsinə qədər qapqaradır. Bunlara zəng etdim, gəldilər. Oğlumun sinəsini masaj edərək, süni nəfəs verdim, bir dəfə özünə gəldi, amma sonradan nəfəsi getdi. Bunlar da dayanıb baxırdılar".

Füzuli Qəribov isə özünü təqsirli bilməyib.

Deyib ki, Şabran rayonuna səfər edən turistlərə tərcüməçilik edib, psixi xəstəliyi olan şəxslərə "Quran" oxuyaraq müalicə edirmiş. Dediyinə görə, xəstələrin alnına əlinin içini qoyaraq "Quran" oxuyub. Vurğulayıb ki, heç vaxt xəstələri müalicə etmək məqsədi ilə vurmayıb:

"2018-ci ilin avqust ayında tanışım Elnur ögey oğlu Muradın psixi xəstəliyi olduğunu və "Quran" oxumaqla müalicə etdirmək istədiyini dedi. Mən onunla razılaşdım, Bakıya gəlib Muradla görüşdüm. Onun müalicə etmək üçün Şabrana aparmağın vacib olduğunu dedim. Sentyabr ayında Murad atası Şahinlə Şabrana gəlib ev kirayələdilər. Müalicə vaxtı mən 5 dəfə Murada "Quran" oxudum, bir dəfə isə atası Şahin onu pol taxtası ilə vurdu. Bundan başqa, Muradı heç kim vurmayıb. Mənim 10 günlük müalicəm nəticəsində Muradın vəziyyəti yaxşılaşdı, o, atası ilə Bakıya qayıtdı. Oktyabrın axırında Şahin yenidən Muradı Şabrana gətirib vəziyyətinin pisləşdiyini, müalicəni davam etdirməyimizi xahiş etdi. Noyabrın əvvəlində Vüsal İbrahimovun evində ilk seansı keçirdik, Cəmillə Əfqan da ordaydı. Mən "Quran" oxuyarkən həm özüm, həm də Cəmillə Əfqan onun qarın və bud nahiyələrinə nar çubuğu ilə zərbə vururdular. Sonrakı günlərdə ancaq "Quran" oxudum. Noyabrın 7-də Vüsalın evində görüşüb birlikdə yemək yedik. Onlara dedim ki, noyabrın 9-na planlaşdırdığımız “ruqiyyə”də mən olmayacağam. Əvəzində Vüsalın "Quran" oxuyacağını, digərlərinin isə Muradın əl-qolunu bağlayıb nar çubuğu ilə daha möhkəm vurmalarını tapşırdım. Həmin vaxt Murad da, atası da, Cəmil, Əfqan, Elnur və dostu Emin də ordaydı. Ona görə möhkəm vurmalarını tapşırdım ki, ondan əvvəl atası Şahin “uşaq vurulmasa düzəlmir, bunu daha möhkəm vurun, əti sizin, sümüyü mənim” demişdi…"

Ana səhifəSosialAzərbaycanda “cin çıxaranlar” haqqında hökm: 57 il cəza