Qərar aprelin 15-dən qüvvəyə minir
Aprelin 15-dən etibarən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələbi ləğv edilir.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bildirilir ki, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasına uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilib.
Qərara əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Eyni zamanda, Rusiya və Türkiyə vətəndaşlarından Azərbaycana daxil olan zaman PCR testinin neqativ cavabı tələb olunmayacaq: “Rusiya və Türkiyə vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə – COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) əsasında (yaşı 18-dək olan şəxslər istisna olmaqla) hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə veriləcək”.
Koronavirus 2019-cu ilin sonu Çində yaranıb, dünyaya yayılıb.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada koronavirusa yoluxanların ümumi sayı 500 363 741 nəfərə çatıb.
Ölənlərin sayı isə 6 183 944 nəfərdir.