“Azərbaycan vətəndaşlarının vətənə dönüşünü Türk Hava Yolları üzərinə götürsün” (yenilənib)

Əgər Türk Hava Yollarına qalsaydı, indiki biabırçı mənzərə yaranmazdı”.

Source: Foto: https://www.aa.com.tr/tr

***


AZAL-ın mətbuat xidmətindən “Azərtac”-a bildirilib ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletinin qiyməti 374 manat təşkil edir. Bundan əlavə, xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30 faiz endirim təqdim edir. “AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.


"Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”, – məlumatda deyilir.

***


İqtisadçı: “Bu müraciətim AZAL-ın biletləri artıq “qara bazar”a çıxarmasından irəli gəlir”

İyunun 26-da “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bileti satışa çıxarıb.

Biletlər Azərbaycanın milli aviadaşıyıcısının “azal.az” saytı vasitəsilə satılır.

AZAL-dan bildirilib ki, iyulun 2-dən avqusutun 29-dək həftədə iki dəfə (cümə axşamı və şənbə günlər) Bakı və İstanbul arasında uçuşlar həyata keçiriləcək.

Eyni zamanda, AZAL xarici ölkələrdə təhsil alan, miqrasiya vəsiqəsində müvafiq qeyd olan azərbaycanlı tələbələrə 30% güzəştlə aviabilet təqdim etdiyini qeyd edib.

Ancaq buna baxmayaraq narazılıqlar çoxdur. İqtisadçı Qadir İbrahimli Türkiyə dövlətinə və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib ki, qonşu ölkədə olan Azərbaycan vətəndaşlarının vətənə dönüşünü Türk Hava Yolları üzərinə götürsün:

“Ancaq təbii ki, bizim vəsait hesabına. Bu müraciətim AZAL-ın biletləri artıq “qara bazar”a çıxarmasından irəli gəlir. AZAL-ın 9, 11, 16 və 18 iyula satışa çıxarılan biletlərinin guya hamısı satılıb və yalnız biznes-klass biletləri qalıb, onların qiymətləri isə 701 dollardan başlayır”.

Qadir İbrahimli deyib ki, Türk Hava Yolları bir qədər əvvəl bilet satışını həyata keçirib və o, qızına 110 dollara bilet alıb:

Qadir İbrahimli
Qadir İbrahimli

“Eyni vaxtda AZAL çarter reysə bilet satışa çıxartdı, amma qiymət 220 dollara. Sual yaranır; biletin maya dəyəri neçəyə başa gəlir? Türk Hava Yolları 110 dollara bilet satırsa, deməli, qazanc da götürür. Bəs AZAL niyə 2 dəfə baha-220 dollara satır?! Deməli, AZAL qaz vurub qazan doldurmaq niyyəti güdür. Məncə, biletin maya dəyəri 55-60 dollar civarında ola bilər, çünki şirkətin gəliri də olmalıdır. Əgər maya dəyəri 55 dollara olan bileti 110 dollara satırlarsa, bu, şirkət və sərnişin üçün də sərfəlidir. Ancaq hər il dövlətdən dotasiya alan AZAL Türk Hava Yollarından 2 dəfə baha qiymətə bilet satır, suallar da burdan başlayır”.

REAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, hökumət pandemiya səbəbindən xaricdə istənilən Azərbaycan vətəndaşının ölkəyə qayıtmasına şərait yaratmalıydı. Bu, Konstitusiyanın verdiyi hüquqdur:

“Həm də bütün dünya ölkələri pandemiya zamanı hətta pulsuz reyslər təşkil etdilər. Türkiyə başqa ölkələrdə qalan 218 min vətəndaşını ölkəyə qaytardı, əksəriyyət reyslər də çarter idi, pulsuz təşkil olunurdu. Elə ölkələr vardı ki, 5-8 adamı qalmışdı. Məsələn, İsveç. Ora da xüsusi təyyarə göndərdilər. Normal baxımdan dövlət belə davranmalıdır”.

Natiq Cəfərli
Natiq Cəfərli

Xaricdə qalan vətəndaşlara bilet satışının fərqli şərtlərlə satılmasını vacib sayan Natiq Cəfərli deyib ki, AZAL inhisarçı şirkət olduğundan başqa şirkətlərə öz şərtlərini məcbur edir. Əgər Türk Hava Yollarına qalsaydı, indiki biabırçı mənzərə yaranmazdı. Sadəcə, Türk Hava Yollarına məcbur edirlər ki, AZAL-ın şərtlərinə razılaşsınlar. Hətta pandemiya dövrünün əvvəlində birlikdə reyslər təşkil olunurdu, Ukrayna və AZAL-ın birgə reysi. Bu, artıq ikincinin diktəsindən xəbər verirdi. Bu məsələdə biznes və maraqları ilə vətəndaşlar qarşısında olan öhdəlikləri bir-birindən ayırmaq lazımdır. Türkiyədə təkcə tələbələr yoxdur, həm də qalmaq müddəti bitən azərbaycanlılar da var. Onları ölkəyə gətirmək üçün xüsusi çarter reyslər təşkil edilməlidir. Bunu etməkdənsə, biletləri baha satmaq, vicdana və dövlətin vətəndaş qarşısında öhdəliklərinə qarşıdır”.

Martın 15-də Azərbaycan və Türkiyə arasında hava və quru yolu ilə qarşılıqlı səfərlər dayandırılıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan razılığa gəliblər. Telefonla danışan ölkə başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə hər iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar. Razılığa əsasən, Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılır.

Ana səhifəSosial“Azərbaycan vətəndaşlarının vətənə dönüşünü Türk Hava Yolları üzərinə götürsün” (yenilənib)