Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşəcəklər

“Ən azı sentyabra qədər Ermənistan cəmiyyəti üçün qeyri-populyar addımlar atılmayacaq”.

Source: Foto: arxiv


İlqar Vəlizadə: “Münaqişənin həlli ilə bağlı nikbinlik elementləri yoxdur”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan yanvarın 30-da Cenevrədə görüşəcəklər.

Bu barədə “Turan” İnformasiya Agentliyinə Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva məlumat verib.

“Yanvarın 29 və 30-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə və onların iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüşlər keçiriləcək”, – deyib.

Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan da nazirlərin görüşünü təsdiqləyib.

O, yerli mətbuata deyib ki, yanvarın 29-30-da Cenevrədə “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair geniş məsələlər müzakirə olunacaq”.

Siyasi icmalçı İlqar Vəlizadə gözlənilən Cenevrə görüşünü Meydan TV-yə şərh edərkən təəssüflənib ki, 30 il ərzində nazirlərin və prezidentlərin görüşlərinin nəticəsi olmayıb. Onun fikrincə, yəqin ki, 30 yanvar Cenevrə görüşü də növbətilərdən biri olacaq.

“Kimlərsə ümidlər bəsləyirsə, çox nikbindirlər. Amma münaqişənin həlli ilə bağlı nikbinlik elementləri yoxdur”, – siyasi icmalçı deyib.

İlqar Vəlizadə bildirib ki, məsələyə hər iki ölkənin daxili siyasi sabitliyindən yanaşmaq lazımdır. O qeyd edib ki, Baş nazir Paşinyan ölkəsində siyasi sabitliyi normallaşdırmaq üçün çalışır, qondarma “Dağlıq Qarabağ respublikasında” seçkiləri nəzərə alır:

407753531.jpg
İlqar Vəlizadə

“Ən azı sentyabra qədər Ermənistan cəmiyyəti üçün qeyri-populyar addımlar atılmayacaq. Ermənistan cəmiyyəti münaqişənin həlli ilə bağlı hər hansı bir irəliləyişi mənfi qiymətləndirir. Onlar anlayırlar ki, problemin hansısa formada həlli işğal olunmuş 3-5 rayonun qaytarılmasından keçir. Erməni cəmiyyəti isə bunu istəmir. Bu psixoloji mənzərəni Ermənistan siyasi elitası illərdir hazırlayıb. Belə vəziyyətdə məhsuldar danışıqlardan danışmaq mümkün deyil. Baş nazir özü hətta məcbur olub danışıqlar masasında olan məsələləri açıqlayaraq deyib ki, əvvəlki hakimiyyət rayonların qaytarılması ilə bağlı ilkin razılığa gedib. Biz bunu istəyirikmi deyə ritorik sual da verib. Belə olanda nəyinsə dəyişəcəyi mümkündürmü? Nəhayət, Ermənistan hökumət iki ildir hərbi büdcəni 20 faiz artırır. Səbəb odur ki, onlar aprel hadisələrinin təkrarlanmasının qaçılmaz olduğunu bilirlər”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.

Ana səhifəSiyasətAzərbaycan və Ermənistanın XİN rəhbərləri görüşəcəklər