Azərbaycan və Ermənistanın kino yarışı

Azərbaycan və Ermənistanın kino yarışı

İyul döyüşlərindən əvvəl Azərbaycan və Ermənistanda bir kino xəbəri müzakirə edilirdi. Erməni rejissor Nora Martirosyanın “Əgər külək əsərsə” filmi nüfuzlu Kann kinofestivalının əsas müsabiqəsində yarışırdı. Azərbaycan tərəfdən festivala etiraz edilmiş, film təbliğat aləti adlandırılmışdı. Mütəxəssislərsə hesab edir ki, filmin uğuru, əsasən Ermənistanın “Euroimages” fonduna üzvlüyü ilə bağlıdır.

“Euroimages” Avropa Şurasının Avropa kinosuna dəstək fondudur. Fond layihələr arasında seçim edərək yaxşı hesab etdiklərinə maliyyə dəstəyi göstərir. Üstəlik, fond xərclərini geri qaytarmaq üçün filmlərin uğur qazanmasında, dolayısı ilə daha çox satılmasında maraqlıdır. “Euroimages” dəstəkli filmlər adətən bir neçə ölkənin ortaq istehsalı olur. “Əgər külək əsərsə” filminin istehsalında da 3 ölkə – Ermənistan, Fransa, Belçika iştirak edib. Bu isə, onun festivala düşməsini asanlaşdırıb.

Bəs Azərbaycan niyə bu fonda üzv ola bilmir? Kino nümayəndələri bunu qeyri-şəffaf kino mühiti və məmur istəksizliyi ilə əlaqələndirir.

Azərbaycanda filmin bu uğurunun arxasında ayrı səbəblər axtarılmağa başlandı. Kinoşünaslar isə hesab edir ki, buna ehtiyac yoxdur.

Azərbaycan kinosunun ən məyusedici işlərindən biri də “Əli və Nino” filmi olmuşdu. Böyük vəsait xərclənən film heç bir müsabiqədə uğur qazana bilmədi. Filmin prodüserlərindən biri prezidentin qızı Leyla Əliyeva idi.

Azərbaycanlı kino məmurları “Euroimages” barədə suallara hər zaman belə cavab verirlər: “Bizə ikili standartlarla yanaşılır”. Əli İsa Cabbarov isə bu arqumentlə razı deyil.

Dövlət xətti ilə çəkilən filmlərin uğursuzluğu fonunda Azərbaycanın müstəqil kinorejissorları son illərdə gözəçarpan uğurlara imza atırlar. Hilal Baydarov, Elmar İmanov, Teymur Hacıyev müxtəlif festivallarda iştirak edib, mükafatlar qazanır. Elə bugünlərdə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi nüfuzlu Venesiya Film Festivalının əsas müsabiqəsinə qəbul edildi. Venesiya A kateqoriyalı film festivallarından hesab edilir.

Mədəniyyət Nazirliyində DTX əməliyyatı bir çox korrupsiya hallarını rəsmən ortaya qoydu. Kinotənqidçilər korrupsiyanın kinodan da yan ötmədiyini bildirir. Filmə ayrılan büdcənin bir hissəsi mənimsənir, onun təbliğatı üçün ayrılan xərclər yoxa çıxarılır, kino xadimləri rüşvət bataqlığına çəkilir. Belə mühitdən sənət əsərinin ortaya çıxması isə mümkünsüzə çevrilir. Nazirlikdəki son dəyişikliklərin islahat olub-olmaması və bunun vəziyyəti dəyişib-dəyişməyəcəyini isə zaman göstərəcək.

Ana səhifəVideoAzərbaycan və Ermənistanın kino yarışı