“Azərbaycan son şansdan istifadə etməsə, kasıb ölkəyə çevriləcək”

İqtisadçı deyir ki, eyni zamanda, dünyaya pandemiya ilə mübarizə adı altında 17 trilyon dollar pul səpilib:

Source: Foto: Meydan TV


Dünya bazarında neft qiymətləri qalxır

Azərbaycan neftinin qiyməti 3,08 dollar bahalaşıb və 83,56 dollara çatıb.

Dünya birjalarında olan bütün neft qiymətləri bahalaşıb. Məsələn, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir bareli 0,59 dollar qalxıb. 83,15 dollardan təklif edilir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 79,45 dollara çatıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, dünyada alternativ enerjiyə keçid sürətləndikcə ənənəvi enerji daşıyıcılarına tələbat artır. Bu da onların qiymətinin artmasına səbəb olur: “Son həftələrdə dünya bazarlarında təbii qazın qiyməti tarixi rekord səviyyələrə qalxıb. Dünən Avropa birjalarında noyabr ayı qaz fyuçersləri hər 1000m3 üçün 1228 dollar oldu. Yaxın günlərdə dekabr ayına olan qaz təhcizatı fyuçersləri satışa çıxacaq, qiymətin 1500 dollara yaxınlaşması gözlənilir. Neft qiymətləri də son 3 ildən bəri ilk dəfə 80 dolları keçib”.

İqtisadçı düşünür ki, qaz və neft qiymətlərinin artımının öz fərqli alqoritmi və səbəbləri olsa da, trend olaraq ənənəvi enerji daşıyıcılarının qiymət artımından udan və uduzan tərəflər var.

Onun fikrincə, hər iki istiqamətdə qiymət artımının “trigger”-i və əsas “benefisiar”-ı, hələ ki, Rusiyadır: “Bu qiymətlər Rusiyaya qarşı qəbul edilmiş bütün sanksiyaları mənasızlaşdırır. Moskvanı həm iqtisadi, həm də siyasi cəhətdən gücləndirir”.

Natiq Cəfərli bildirir ki, belə olan halda sual yaranır: nə baş verir ki, alternativ enerjiyə keçid sürətləndikcə, ənənəvi enerji daşıyıcıları bahalaşır?

"Alternativ enerjiyə keçid çox bahalı prosesdir. Hələ də bu keçid subsidiyalara görə mümkün olur. Elə bunlara görə də, keçidin orqanik olması və biznes məntiqi ilə baş tutması, gəlirliliyi üçün ənənəvi enerji daşıyıcıları baha olmalıdır. Neft 40-45 dollara, qazın hər 1000m3-i 200 dollara olan zaman heç kim alternativ enerjiyə yatırım etmək istəmir. Bu zaman da biznes məntiqi işləmir, investorlar daha ucuz və daşınması əlverişli olan ənənəvi enerji daşıyıcılarına üstünlük verir. Ona görə də yaxın 5-10 ildə alternativ enerjiyə keçidin sürətlənməsi üçün neft-qaz baha olmalıdır. İlk və ən maraqlı paradoks elə budur”, – Natiq Cəfərli belə deyir.

Onun sözlərinə görə, neft qiymətlərinə təsir edən əsas amillərdən biri də OPEC+ anlaşması, süni qiymət artımı prosesidir: “Faktiki olaraq OPEC+ hasilatı azaltmaqla, qiymətləri süni çəkildə qaldırır və buna heç kim müqavimət göstərmir. Çünki baha neft ABŞ-a da sərf edir, “slans” neftinə maya qoyanlar artır, hasilatı yüksəlir ki, bundan ABŞ da qazanır”.

Natiq Cəfərli düşünür ki, qaz qiymətlərinin bahalaşması ilə bağlı durum da oxşardır. Rusiyanın Ukrayna üzərindən Avropaya ötürdüyü qazın həcmi azalıb, “Qazprom” bu ilin ikinci yarısı və gələn il üçün qaz həcmlərinin ötürülmə bronunu azaldıb, yeni həcmlər bron etməyib: “Hava şəraiti də təsir etdi və qiymətlər yüksəldi. Udan Rusiyadır, amma tək o, deyil, ABŞ ən böyük qaz hasilatçılarından biridir, amma Avropaya sıxılmış qaz satmaq istəyərkən Rusiyanın ucuz qiymətlərinə tuş gəlirdi. Sıxılmış qazın sərfəli olması üçün qiyməti yüksəlməli idi ki, bu gün baş verənlər həm də ABŞ-a sərf edir”.

natiq cafarli.jpg
Natiq Cəfərli

İqtisadçı deyir ki, eyni zamanda, dünyaya pandemiya ilə mübarizə adı altında 17 trilyon dollar pul səpilib: "O pulların da bir qismi toplanmalıdır axı. Odur ki, kriptovalyuta kimi mənasız aktivlərin qiymətlərini qaldırdılar. 1,5 trilyon dollar orada sterilizasiya edildi, amma təbii, bu, yetərli deyildi. Hansısa vacib aktivlərin qiyməti qalxmalıdır ki, səpilən pullar sterilizasiya olunsun. Bu da təbii neft-qazdır, çünki bir çox ölkələrə sərf edir. Enerji daşıyıcılarının qiymət artımı inflyasiyanı yüksəldir axı. Bu da Qərb ölkələrinin iqtisadiyyatlarına lazımdır. Yüksək (təqribən, 5%-lik) inflyasiya iqtisadiyyatda dopinq effekti yaradır, iqtisadi aktivliyi artıran amilə çevrilir”.

Bu prosesin nə zamanadək davam etməsinə gəlincə, iqtisadçı hesab edir ki, bunu anlamaq üçün dünya iqtisadiyyatının tarixinə nəzər salmaq lazımdır: “Siyasi tarixi analiz etsək, SSRİ-nin çöküşünü göz önünə gətirsək ciddi bir qanunauyğunluq, analogiya aparmaq olar. 1973-сü ildə “neft böhranı” yaşandı, ərəb ölkələrində neft hasilatı azaldı, ABŞ-a neft satışı dayandı. Həmin zaman Amerikada benzin böhranı yaşandı, neft qiymətləri tarixi maksimum səviyyəyə qalxdı. Həmin vaxt SSRİ-nin “qızıl dövrü” başladı, pul sel kimi axdı. Təqribən 10 il sonra isə neft qiymətləri kəskin ucuzlaşdı, SSRİ-də ərzaq qıtlığı, talonla ərzaq bölgüsü yarandı. Nəticəsini də hamı bilir: SSRİ çökdü”.

Natiq Cəfərlinin qənaətincə, əgər indi də bənzər ssenari işləsə, yaxın 10 ildə (2030-cu ilə qədər) neft-qaz qiymətləri yüksək səviyyədə qalacaq: "Bu vaxta qədər alternativ enerjiyə tam keçid baş verəcək, sonra da neft-qaz qiymətləri kəskin enəcək. Nəticədə enerji “iynəsinə” oturan ölkələrdə böyük təlatümlər yaşanacaq. Bu ssenarilərdən biri kimi görünür. Başqa izahını, hələ ki, görmək mümkün deyil”.

Neft ölkəsi olan Azərbaycanın vəziyyətinə gəlincə, iqtisadçı bildirir ki, yaxın 10 ildə böyük gəlirlər əldə edə biləcək: “Bu dövr isə ölkənin dəyişməsi üçün son şansıdır. Bu şansı da 2004-2015-ci illərdə olduğu kimi əldən buraxsa, sonra çox çətin olacaq. Dünyanın ən kasıb ölkələrindən birinə çevrilib, qeyri-sabit dövlət kimi xəritədə yer alacaq…”.

Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci il aprelin 21-də müşahidə edilib. 15,81 dollardan təklif edilib.

Son iki il ərzində maksimum qiymət isə bu il sentyabrın 27-də qeydə alınıb. 80,77 dollardan satılıb.

Mütəxəssislər daim müsahibələrində neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmaların tətbiqi olduğunu deyirlər. Həmin yumşalmaların səbəbininsə vaksinasiya prosesinin sürətlənməsi olduğu təxmin edilir.

Ana səhifəİqtisadiyyat“Azərbaycan son şansdan istifadə etməsə, kasıb ölkəyə çevriləcək”