Mənbə: JAMnews

Azərbaycan: məzun gecəsi əvəzinə toy

Orijinal olaraq yayımladıJAMnews

Tezliklə Azərbaycanda buraxılış və qəbul imtahanları başlayır. Ötən il Azərbaycanın ali təhsil müəssisələrinə qırx minə yaxın tələbə qəbul olub. Rəsmi statistikaya inansaq, Azərbaycanın ali təhsil müəssisələrində qızların sayı oğlanların sayından 6-7 faiz azdır. Bu da dünya trendindən ciddi şəkildə fərqi göstərir: AvropaABŞ universitetlərində tələbələrin yarısından çoxu qızlardır. Qərbdəki ekspertlər hesab edirlər ki, qadınların xeyrinə olan gender fərqi artmaqda davam edəcək, belə ki, ABŞ Təhsil Departamentinin proqnozlarına görə, 2026-cı ildə Amerika universitetlərində qızların sayı 57 faiz təşkil edəcək. 2017-ci ildə artıq bu göstərici 56 faiz idi.

Azərbaycanın rəsmi statistikasına çox da güvənmək olmur. Misal üçün, 2017-ci il məlumatlarına görə, ölkədə buraxılış siniflərinin istisnasız bütün şagirdləri universitetlərə daxil olub.

Bununla belə, ali, bəzən də orta təhsilin bir çox qadınlar üçün əlçatmaz olduğunu müstəqil eksperlər də qeyd edir.

Bazarda alver edən qadınlar

Bazarda alver edən qadınlar

Mənbə: JAMnews

“Ancaq çirkin qızlar oxuyur”

“Müəllimlərə niyə bu qədər pul tökürük axı?”, – 35 yaşlı Bakı sakini Aygün qonşulara şikayət edir. – “Universitetə qəbul olunmaq onun nəyinə lazımdır? Onsuz da sonra əri işləməyə icazə verməyəcək”.

Aygünün qızının 15 yaşı var, ali məktəbə hazırlaşır, anası isə onun bu istəyinə skeptik yanaşır. Aygünün özü pedaqoji fakültəni bitirib, amma artıq ikinci kursda ərə gedib və evdar qadın olub.

Azərbaycanda orta təhsil pulsuzdur, ali məktəblərdə tələbələrin təxminən yarısı büdcə hesabına təhsil alır, yerdə qalanları (daha az bal toplayanlar) təhsil haqqını ödəyirlər. Müsabiqə böyükdür, çox az adam orta məktəbin verdiyi biliyə arxalanaraq, ali məktəbə qəbul olunmağa ürək edir. Abituriyentlərin mütləq əksəriyyəti azı iki il müəllim yanına gedir. Tam hazırlıq bir neçə min dollara başa gələ bilər.

Aygünün qızının bir çox başqa şəhər qızları kimi, əyalətlərdə yaşayan həmyaşıdlarından bəxti daha çox gətirib – şəhərli valideynlərin qızlarına təhsil almaqda kömək etmək üçün daha çox imkanı və istəyi olur.

Azərbaycanın ən mühafizəkar əyalətlərində, ölkənin cənubunda zarafatla deyirlər ki, “yuxarı siniflərdə ancaq çirkin qızlar oxuyur”. Yəni hələ qapısına elçi gəlməyənlər. Burada çox vaxt qızlar 15-16 yaşlarında nişanlanır, 9-cu sinifdən sonra isə, bəzən də daha tez məktəbi atırlar.

Bu problem İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Simona Xaberlinin diqqətini çəkib. Ötən ilin dekabr ayında o, Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun diqqətini Azərbaycanın cənub regionlarındakı məktəblərin əksəriyyətində siniflərdə bir nəfər də olsun qızın olmamasına yönəldib. Nazir “biz bunun üzərində işləyirik” səpkili cavab verib.

Azərbaycanda neçə qızın məktəbi atması ilə bağlı rəsmi statistika aparılmır.

“Kişlərin gözü qalmasın deyə”

Ötən il ərzində “Təmiz dünya” Qadın Krizis Mərkəzinə erkən nikah və boşanmadan sonra küçədə köməksiz qalan 71 qadın müraciət edib. Onlardan 17 nəfəri heç ibtidai məktəbi belə bitirməyib.

Bu, əsasən ucqar dağ kəndlərinin sakinləridir. Bu cür yerlərdə ən yaxın məktəb misal üçün, 20 kilometr aralıda yerləşə bilər. Bir çox valideynlər övladlarını belə uzaq yerə göndərmək istəmir.

“Elə hallar bilirəm ki, valideylər yolda kişi və oğlanların gözü qalar deyə qızlarına məktəbə getməyə icazə vermir”, – gender fəalı Nisə Hacıyeva deyir.

Sosioloq Sənubər Heydərova bildirir ki, Bakı ətrafındakı qəsəbələrdə vəziyyət regionlardan da pisdi. Burada qızlara artıq 5-6-cı sinifdən məktəbə getmək qadağan olunduğu ailələr var. Sadəcə ona görə ki, “bizim kənddə belə adət yoxdur”.

“Regionlarda hələ uşaqlıqdan əksər qızların beynini doldururlar ki, onların qisməti ərə getməkdir. Təhsil, karyeraya can atanlar da var, amma belələri azdır”, – Heydərova danışır.

Bir çoxları hələ də hesab edir ki, qadın üçün ən əsası ev və ailədir, təhsil isə mütləq deyil və hətta ziyanlıdır

Cehizə əlavə

Azərbaycanda rəsmi statistika heç də həmişə reallığı əks etdirmir və kifayət qədər detallı olmur, buna görə də neçə məktəbli qızın attestata qədər oxuduğunu, neçəsinin ali məktəbə qəbul olunduğunu demək çətindir.

Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə məktəbi bitirən istisnasız bütün (!) şagirdlər universitetlərə qəbul olunub, ali məktəb tələbələri arasında isə oğlanlar qızlardan 6-7% çoxdur. Eyni zamanda, eyni statistikaya görə, işsiz qadınların sayı kişilərdən 1,5 dəfə artıqdır.

Tələbələrin seçdiyi ixtisaslar üzrə gender nisbətinin detalizasiyası da var, Azərbaycanda hansı peşələrin qadınlar üçün məqbul sayıldığını göstərir: bu, təhsil, mədəniyyət, incəsənət sahəsi və humanitar elmlərdir. İqtisadiyyat, menecment, texnoloji sahələri “kişilər üçün” qalır – müvafiq ali məktəblərdə 75%-ə qədər oğlan təhsil alır.

Sənubər Heydərova deyir ki, son illərdə valideynlər qızlarına daha nadir hallarda oxumağı qadağan edir və daha çox sayda qız ali təhsil alır. Amma adətən bu, onların “gəlin bazarında” rəqabət qabiliyyətini gücləndirmək üçün edilir. Belə halda diplom cehizə əlavədir, bu, həkim və ya müəllim diplomu olsa, daha yaxşı olar. Çünki bunlar qadın üçün ən “layiqli” peşələrdir.

Qadın Krizis Mərkəzinə rəhbərlik edən Mehriban Zeynalova deyir ki, əsas problem qadınların diplomunun deyil, sənətinin olmamasıdır:

“Azərbaycanda qızlara orta ixtisas təhsili vermək – hansısa sənəti öyrətmək ənənəsi demək olar ki, yoxdur. Orta ixtisas məktəblərinə adətən oğlanlar qəbul olunur ki, gələcəkdə ailələrini dolandıra bilsinlər. Qızlar isə ən yaxşı halda bərbərin yanına şagird kimi gedir”.

Statistika da Zeynalovanın sözlərini təsdiqləyir – orta ixtisas məktəblərinin tələbələri arasında oğlanların sayı orta hesabla qızlardan üç dəfə çoxdur.

Balıq satan qadınlar

Balıq satan qadınlar

Mənbə: JAMnews

#Qızoxusun

Bu yaxınlarda sosial şəbəkələrdə #qızoxusun fleşmobuna başladılar. Aksiya təşkilatçıları ölkənin şımalındakı yüksək dağlıq Xınalıq kəndindən olan 17 yaşlı Aynur Qəribovanın təhsil haqqını ödəmək üçün pul yığmağı təklif edirdilər

Uşaqlığında Aynur valideynləri ilə birlikdə qışlağa gedib və məktəb həyatı ancaq 6-cı sinifdə başlayıb. Buna baxmayaraq, qız attestat alıb və Bakıda ali məktəbə, pullu bölməyə qəbul olunub. “Crowd funding” kampaniyası sayəsində indi o, Azərbaycan Dillər Universitetində təhsil alır və ali məktəbi bitirəndən sonra kəndinə qayıtmaq və orada ingilis dilindən dərs demək istəyir.

“Mən həmişə Xınalıqda ali təhsil alan ilk qız olmaq istəmişəm”, – Aynur deyir.

“The International Men and Gender Equality Survey” (IMAGES) tədqiqatına əsasən, Azərbaycanda təxminən 70 faiz kişi və 40 faiz qadın hesab edir ki, qadının əsas rolu yemək bişirmək və ailənin qulluğunda durmaqdır.

Qadın üçün təhsil həm media, həm də sosial şəbəkələrdə fəal müzakirə olunur.

Bu yaxınlarda yerli telekanallardan birində qalmaqal yaşandı: azərbaycanlı jurnalist (bu, müəllim idi axı) deyib ki, öz gələcək həyat yoldaşını qız yeddinci sinifdə oxuyanda, özü isə orada dərs deyəndə görüb. Qız yetkinlik yaşına çatan kimi, onunla evlənmək qərarını verən müəllim onun valideynləri ilə sözləşib, onlar da qızlarını məktəbdən çıxarıblar.

Bu adamın mövqeyi qəti idi: qadın özünü tamamilə ev işlərinə, kişiyə qulluğa və övladlarının tərbiyəsinə həsr etməlidir. Bu missiya da təhsili, xüsusən də işi istisna edir.

Cəmiyyətin reaksiyası kəskin neqativ oldu. Kişini pedofiliyada (yeniyetməyə göz qoyub) və köhnə fikirlilikdə ittiham etdilər.

Amma hətta təhsilin tərəfində olanlar da mübahisələrində aşağıdakı arqumenti gətirirdilər: qadın savadlı olmalıdır ki, uşaqları daha yaxşı tərbiyə etsin və əri üçün xoş həmsöhbət olsun.

Müəllim, gender fəalı Nisə Hacıyeva şərh edir:

“Bütün Azərbaycan vətəndaşlarının cinslərindən asılı olmayaraq, təhsil almaq hüququ var. Qadın ana ola da bilər, olmaya da, ailə qura da bilər, qurmaya da. O, uşaqlarının təhsili və tərbiyəsi ilə məşğul ola da bilər, olmaya da. O, ona görə təhsil almalıdır ki, bu, onun hüququdur, bunu istəyir, ona görə yox ki, başqa birisi təhsilli qadının onun üçün daha faydalı ola biləcəyini düşünür”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN

Orijinal olaraq yayımladıJAMnews

Bölmələr:  
qısa linklər:   http://mtv.re/geifj3

Ən çox baxılan