media

Mənbə: Foto: arxiv

Başlıq: media

Azərbaycan mediası 2019 – hüquqi mühit

Yazılı və şifahi informasiya sorğularının cavablandırılmasında ciddi problemlər var

Azərbaycan mediası daha bir ili başa vurdu. Bu yazıda medianın durumuna hüquqi kontekstdə yanaşılıb, bu sahədəki gəlişmələrə, statistik bilgilərə yer verilib.

Hər 10 sorğudan birinə qanuni cavab verilir

2019-cu ildə media, jurnalistlərin bilgi əldə etmək imkanlarının genişlənməsi istiqamətində ciddi tərəqqi müşahidə olunmayıb. Jurnalistlərin əllərində xeyli qanuni mexanizmlər olsa da, həmin mexanizmləri reallaşdırmaq çətindir. İlk növbədə “İnformasiya əldə edilməsi haqqında” Qanunun işləyişi problemlidir. İnformasiya sahibləri bilgilərin operativ və effektiv emalını təmin edəcək xüsusi bölmələrə malik deyillər. Bu, bilgi əldə etmədə problemlərin kökündə dayanan əsas amillərdəndir. Yuxarı pillədə duran qurumlarla müqayisədə bələdiyyələrin, icra qurumlarının, məhkəmələrin informasiya açıqlığının durumu daha pisdir.

Yazılı və şifahi informasiya sorğularının cavablandırılmasında ciddi problemlər var. Orta hesabla hər 10 sorğudan biri qanuni ölçülərə uyğun olaraq, cavablandırılır. 2019-ci ildə dövlət qurumlarına göndərilmiş 31 informasiya sorğusunun necə icra olunmasının analizi belə deməyə əsas verir. İl ərzində həmin sorğuların 21-nə cavab verilib. Həmin cavabların əksəriyyəti qanunla müəyyən olunmuş 7 gün müddət keçdikdən sonra verilib. Sorğulara verilmiş 21 cavabdan 11-i istənilən məlumatları əhatə edib. Hesablama Palatası, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Mədəniyyət Naziliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi “Turan” Agentliyinin əməkdaşı, araşdırmaçı jurnalist Hafiz Babalının informasiya sorğularını vaxtında cavablandırıb. İnformasiya sorğusu göndərən jurnalistlər Dövlət Statistika Komitəsinin sorğularla işi daha effektiv təşkil etdiyini qeyd edirlər. Jurnalistlərə verilmiş 10 cavab isə yarımçıq olub, həmin cavabların əksəriyyətində bilgi sahibləri əsassız olaraq istənən informasiyanı verməkdən imtina ediblər. İnformasiya sahibləri sorğuların 10-na heç bir cavab verməyiblər. Lənkəran, Binəqədi, Bərdə, Salyan rayon icra hakimiyyətləri, Əmlak Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Maliyyə Naziliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, “Azərsu” “Turan” İnformasiya Agentliyinin, “arqument.az” saytının göndərdiyi sorğuları cavabsız buraxıb

İnformasiya əldə etmək hüququ pozulan jurnalistlərin hüquqlarının təmin olunması üçün İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman Aparatı) və məhkəmələrə müraciət etmək haqları var. Son 1 ilin göstəricilərinə görə, dövlət qurumları Ombudsman Aparatının müdaxiləsindən sonra sorğuların bir qisminə cavab verirlər. İnformasiya əldə edilməsi hüququ pozulanların yararlana biləcəyi əsas vasitə məhkəmələrdir. Ancaq məhkəmələrin informasiya əldə etmək hüququ pozuntularının aradan qaldırılmasına gərəkli dəstəyi verdiyini söyləmək olmur. 2019-ci ildə informasiya əldə edilməsi hüququnun pozulmasından 10-dan artıq iddia verilib. Ancaq məhkəmələr həmin iddialardan yalnız birini – “Turan” Agentliyinin “Azərsu” Açıq Səhmdar cəmiyyətinə qarşı iddiasını təmin ediblər.

Jurnalistlərə azı 50 dəfə maneçilik yaradılıb

2019-cu ildə qanuni peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə azı 50 dəfə maneçilik yaradılıb. Belə əngəllərə daha çox müstəqil medialar - MeydanTV-nin, ToplumTV-nin, “Kanal 13” internet televiziyasının, “Azadlıq”ın qəzetinin əməkdaşları, habelə “Amerikanın səsi” radiosunun müxbiri məruz qalıb. Bu hallar əsasən, kütləvi toplantılar, etiraz aksiyaları zamanı baş verib. İl boyunca bəzən bir jurnalist bir neçə dəfə təzyiqə məruz qalıb. Həmin jurnalistlər əsasən, tənqidçi media təmsilçiləri olublar. Məsələn, müxalif “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə azı 5 dəfə qanuni peşə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradılıb – saxlanılıb, reportaj hazırladığı olay başa çatandan sonra sərbəst buraxılıb. Sosial media üzərindən müntəzəm yayımlar edən Nurlan Qəhrəmanlı, Fatimə Mövlamlı və bir neçə digərləri də bir neçə dəfə maneçiliklə üzləşiblər.

Qanuni peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə maneçilik yaradılması halları ictimai önəmli olaylar haqda daha geniş kütlələrin bilgiləndirilməsini önləmək niyyəti ilə bağlı olur. Belə durumlar peşəkarlıq səviyyəsindən də qaynaqlanır. Bəzi hallarda jurnalistlərin kütləvi toplantı, etiraz aksiyalarında davranış, geyim qaydaları barədə yetərli vərdişlərə sahib olmamaları onların saxlanmasını, polisə aparılmasını şərtləndirmiş olur. Ancaq bu, o anlama gəlməməlidir ki, ölkədə jurnalistlərin qaynar olaylardan bilgi toplaması üçün gərəkli ortam mövcuddur. 2019-cu ildə Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə kütləvi toplantı, etiraz aksiyalarından bilgi toplayan jurnalistlərə yardım üçün qrup yaradılıb. Bu, jurnalistlərin gələcəkdə daha təhlükəsiz ortamda çalışması üçün pozitiv addım hesab edilə bilər.

Basqıların araşdırılması

Jurnalistlərin qanuni peşə fəaliyyətini yerinə yetirməsinə yaradılan əngəllərə görə cinayət və inzibati qanunvericiliyin məsuliyyət müəyyən etdiyi müddəalar işləmir. Cinayət Məcəlləsinin jurnalistin qanuni peşə fəaliyyətinə mane olmağa görə, cəza nəzərdə tutan maddəsi 2019-cu ildə tətbiq edilməyib. Ümumiyyətlə, qanunverciliyinin müvafiq maddəsinin son 10-15 ildə tətbiq edilməsi hallarına rast gəlinməyib. Təkcə 2019-cu ildə həmin maddənin tətbiq edilməsi üçün jurnalistlər əlaqəli hüquq-mühafizə orqanlarına 10 dəfədən artıq müraciət ediblər. Əlaqəli qurumlar həmin müraciətlərin demək olar ki, hamısını araşdırıb və müvafiq qərar qəbul edib. Bu qərarların heç birində jurnalistin tələbi təmin edilməyib. Yalnız bir halda – “Kanal13” və digər internet mediaları ilə əməkdaşlıq edən video reportyor Nurlan Qəhrəmanlının şikayəti üzrə polis orqanları fərqli qərar veriblər.

Qanuni peşə fəaliyyətini həyata keçirən jurnalistlərə maneçilik yaradılması olaylarının araşdırılması ilə bağlı yerli məhkəmə təcrübəsi də fərqli deyil. 2019-cu ildə peşə fəaliyyətini yerinə yetirərkən maneçiliklə üzləşmiş jurnalistlər azı 10 dəfə məhkəməyə müraciət ediblər. Jurnalistlər Təzəxan Mirələmli, Sevinc Vaqifqızı, Aytac Əhmədova, Nurlan Qəhrəmanlı və digərləri daha öncə prokuroluğa şikayət vermiş, peşə fəaliyyətlərinə maneçilik yaradanlar barəsində cinayət işi açılmasını xahiş etmişdilər. Ancaq prokurorluq cinayət işi açılması üçşün tələb olunan əsasların mövcud olmadığını bildrimiş, cinayət işi açılmasından imtina edilməsi barədə qərar qəbul etmişdi. Jurnalistlər məhkəmələrdən həmin qərarların ləğv edilməsini, qanuni peşə fəaliyyətlərinə mane olanlar barəsində cinayət işinin açılması barədə qərar verilməsini xahiş etmişdilər. Ancaq məhkəmələr jurnalistlərin tələblərini təmin etməmişdi. Yalnız bir işdə məhkəmə N.Qəhrəmanlının şikayətini qismən təmin edib.

Böhtan və təhqirlə bağlı məhkəmələrin sayı azalıb

Media qanunvericiliyi sahəsində ciddi dəyişikliklər nəzərə çarpmayıb. 2019-cu ildə böhtan və təhqirə görə cinayət cəzası nəzərdə tutan qanunvericiliyin islahat edilməsi istiqamətində qanunvericilər hər hansı addım atmayıblar. Azərbaycan prezidenti 2019-cu il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Həmin fərmanla Ədliyyə Nazirliyinə tapşırılıb ki, bəzi cinayətlərin dekriminallaşdırılması ilə bağlı üç ay müddətində təklif hazırlayıb, təqdim etsin. Prezidentin fərmanından 8 aydan çox vaxt keçsə də həmin fərmanla tapşırıq verilmiş nazirlik böhtan və təhqirin dekriminallaşdırılması təklifi verməyib.

Azərbaycanda ifadə azadlığı ilə bağlı məhkəmə işləri arasında əsas yeri yenə də böhtan və təhqirə görə qaldırılan məhkəmə iddiaları, şikayətləri tutur. Əvvəlki illərin uyğun statistik bilgiləri ilə müqayisədə belə şikayət və iddiaların sayında azalma müşhidə olunub. 2019-cu ildə mediaya, jurnalistlərə qarşı böhtana, təhqirə görə azı 22 məhkəmə iddiası, şikayəti verilib. İddiaların əksəriyyəti mülki qaydada olub. Həmin işlərdə iddiaçılar cavabdehlərdən cərimə, təkzib və üzr istənilməsini tələb ediblər. İddiaçılar media, jurnalistlərdən mənəvi zərər əvəzi olaraq 1 milyon manatdan çox təzminat tələb ediblər. Jurnalistlərə qarşı 7 dəfə xüsusi ittiham qaydasında şikayət verilib, jurnalistlərin həbsi tələb edilib. 2 istisna olmaqla belə şikayətlərin hamısı rədd edilib. Böhtan və təhqirlə bağlı iddia və şikayətlərinin müəllifləri adi vətəndaşlar deyillər. İddiaçı və xüsusi ittihamçıların hamısı ictimai fiqurlardır. Onların əksəriyyəti yüksək pillədə duran məmurlar – rayon icra hakimiyyəti başçılarıdır.

İfadə azadlığı ilə bağlı məhkəmə işləri yalnız böhtan və təhqirlə bağlı deyil. 2019-cu ildə azı 3 jurnalistə - bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyliyə, kriminal.az saytının baş redaktoru Anar Məmmədova, teref.info xəbər saytının redaktoru Nurəddin İsmayılova yazılarına görə cinayət cəzası verilib. Onlar “hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya... konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yaymaq” cinayətinə görə 5 il 6 ay müddətinə şərti cinayət cəzası verilib.

Məhkəmə qərarı

Məhkəmə qərarı

Mənbə: Foto: arxiv

Həbsdəki jurnalistlər

İfadə azadlığı ilə bağlı məhkəmə işləri yalnız böhtan, təhqirlə, qanunsuz çağırışlar yaymaqla bağlı deyil. Hazırda azı 6 jurnalist başqa ittihamlarla həbsdədilər. Həmin jurnalistlər qanunsuz silah saxlama, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmək, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə, dövlət sərhədini qanunsuz keçmək, xuliqanlıq ittihamları ilə məhkum ediliblər. Araşdırmaçı jurnalist Əfqan Muxtarlı, kend.info saytının baş redaktoru, müxalif “Azadlıq” qəzetinin və Azadlıq Radiosunun əməkdaşı olan Elçin İsmayıllı, müxalif “Azadlıq” qəzetinin əməkdaşı Ziya Əsədli, www.xeber44.com saytının redaktoru Araz Quliyev uzun müddətdir ki, həbsdədir. 2019-cu ildə realliq.info xəbər portalının rəhbəri İkram Rafiqoğlu “hədə qorxu ilə tələb etmə” cinayətinə görə həbs edilib. 2018-ci ildə saxlanılmış jurnalisti Bakı Ağır Cinayətlər Məhkəməsi 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Adı çəkilən jurnalist həbs edildiyi zamanlarda Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov barəsində sərt tənqidi yazıları ilə gündəmə gəlmişdi. İ.Rafiqoğlu Əli Həsənova açıq məktub yazıb, öz saytında yaydıqdan bir neçə saat sonra həbs edilmişdi. Daha sonra yuxarı məhkəmələr onun cəzasını 3 ilə qədər azaldıblar. Qeyd edilənlərdən başqa daha 2 jurnalist cinayət cəzası alıb, həbsdədir. Hər iki jurnalist “hədə qorxu ilə tələb etmə” cinayətinə görə məhkum ediliblər. “Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyev Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə günahkar bilinib və 12 il müddətinə azadlıqdan məhrum edilib. regionxeberleri.com saytının əməkdaşı Qənimət Məmmədov da “hədə qorxu ilə tələb etmə” cinayətində suçlu bilinib. 2019-cu ildə www.xeberman.com saytının baş redaktoru Polad Aslanov dövlətə xəyanət ittihamı ilə həbs edilib, haqqında cinayət işi açılıb.

həbsxana

həbsxana

Mənbə: Foto: arxiv

Teleradio mediamız

Azərbaycanda bütün ölkəni əhatə edən 12 milli telekanal yayımlanır. Onlardan 3-ü - AZTV, İdman Azərbaycan və Mədəniyyət telekanalları dövlətə məxsusdur. Tamamilə hökumətin nəzarəti altında olan bu yayımçılar hökumətin təbliğatını aparırlar. 2019-cu ildə AZTV-nin idarəçiliyi dəyişib, ancaq bu dəyişiklik proqramların məzmununa – plüralizmə, çoxsəsliliyin təmin edilməsinə təsirli olmayıb. AZTV, İdman Azərbaycan və Mədəniyyət telekanallarından başqa, İctimai Televiziya da dövlət büdcəsindən maliyyələşir. İctimai Televiziya rəhbərliyi də bir ildən artıqdır ki, dəyişib. Bu dəyişiklik məzmuna da təsir edib. Bununla belə, İTV ictimai yayımın müstəqilliyinə dair beynəlxalq ölçülərdən uzaqdır. Digər 8 ümumrespublika yayımçısı özəl yayımçı olsalar da onların əksəriyyətinin real sahibləri bəlli deyil. Həmin telekanallar da dolayısı ilə hökumətə bağlı insanların əlindədir. Özəl yayımçıların proqram siyasəti, məzmunu dövlət büdcəsindən maliyyələşən, hökumətin tam kontrolunda olan yayımçılardan o qədər də fərqlənmir.

Yayım sektorunda rəngarənglik var, həm dövlət yayımçıları, ictimai yayımçı, həm də özəl yayımçılar fəaliyyət göstərir. Ancaq demək olar ki, bütün yayımçılar hökumətin təsiri altındadır. Yayımçılar obyektivlik, qərəzsizlik, tərəfsizlik prinsiplərinə sayğı sərgiləmir, plüralizmi təmin etmirlər.

Bu yazıdakı bilgilər Media Hüququ Qrupu-nun “Azərbaycan mediası – hüquqi mühit” adlı illik hesabatına əsaslanır. Media Hüququ Qrupu ötən il Xalid Ağaliyev və bir neçə başqa hüquqşunas tərəfindən formalaşdırılıb. Qrup bildirir ki, bu il ictimai birlik kimi dövlət qeydiyyatına alınmaq üçün rəsmi prosedurlar həyata keçiriləcək.

Televiziyalar

Televiziyalar

Mənbə: Foto: arxiv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8sfxhd

Ən çox baxılan