Azərbaycan korrupsiyaya həssaslıq reytinqində

Məmurların və onların övladlarının biznesi ilə bağlı araşdırmalar vəziyyətin necə olmasından xəbər verir

Source:


Məmurların və onların övladlarının biznesi ilə bağlı araşdırmalar vəziyyətin necə olmasından xəbər verir

“Transparency International”-ın qiymətləndirməsinə görə, korrupsiyaya həssaslıq reytinqində Azərbaycan 180 ölkə arasında 152-ci yeri tutub. Üstəlik, bu, ötən illə müqayisədə ölkənin vəziyyətinin daha da pisləşməsi deməkdir.

Bu il korrupsiya ilə bağlı jurnalist araşdırmaları bəzi faktlara işıq salıb. Onlardan bir neçəsini təqdim edirik.


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH)

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzdində olan “Yaşıl Teatr Bakı Konsert Kompleksi”nin Tender Komissiyası Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirməyə 299 595 manat 53 qəpik vəsait ayırıb. Ancaq həmin gün “Yaşıl Teatr”ın səhnəsində belə bir tədbir

olmayıb

.

BŞİH dövlət büdcəsi hesabına maliyyələşdirilən tədbirlərin təşkilini hüquqi şəxs olan “Yaşıl Teatr Bakı Konsert Kompleksi” (VÖEN: 1700779931) vasitəsilə həyata keçirir.

Sentyabr və oktyabrda da qurumun Tender Komissiyası Bilik Günü və Beynəlxalq Müəllimlər Günü münasibətilə dörd şirkətlə 4 müqavilə bağlayıb. Həmin şirkətlərin hesabına 556498 manat pul köçürüb. Həmin vəsaitlərin nəyə xərcləndiyi bəlli deyil.

Meydan TV-nin araşdırmasına görə, bu şirkətlər vergi öhdəliklərinə də əməl etmirlər.


100 milyona başa gələn eksperiment

Prezident İlham Əliyev yanvarın 14-də imzaladığı fərmanla bir neçə qurumu ləğv etdi. Halbuki əvvəllər bu qurumlara dövlət büdcəsindən milyonlar ayrılmışdı (https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/100-milyona-basa-gelen-eksperiment/?ref=list-investigations).

Tarif Şurası Katibliyinə 2007-2019-cu illərdə 5 milyon 187 min 598 manat, 2015-2019-cu illərdə Bilik Fonduna 4 milyon 544 min 591 manat, 2010-2019-cu illərdə Elmin İnkişafı Fonduna 59 milyon 786 min 559 min manat, 2008-2019-cu illərdə Strateji Araşdırmalar Mərkəzinə 21 milyon 902 min 830 manat vəsait ayırıb.


Keçmiş AZTV sədri Şamaxının 2 kəndinin pay torpaqlarına necə yiyələnib?

58 yaşlı Arif Alışanov Şamaxının 2 böyük kəndi olan Nağaraxana və Qızmeydanın demək olar ki, bütün pay torpaqlarını

alıb

. Bunun üçün o, təxminən 5 milyona yaxın pul xərcləyib. Bu gün həmin torpaqların qiyməti 20 milyonlarla ölçülür. Aylıq əmək haqqısı 1000-1500 manat civarı olan AZTV sədrindən bu torpaqları necə aldığı soruşulmayıb.


Bakı Metropoliteni sədrinin milyonçu oğlu

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovun oğlu Həbib Hüseynzadə Azəri-Çıraq-Günəşli yatağında qazma qurğusunda mühəndis kimi

çalışır

. Mühəndis maaşı ona Birləşmiş Krallıqda 4,8 milyon funt sterlinq dəyərindəki aktivləri idarə edən şirkət qurmaq üçün yəqin ki, yetərli olmaz.

Ona məxsus “Pinnacle West Limited” şirkətinin iyunda açıqladığı maliyyə hesabatına əsasən, onun daşınmaz əmlaka yatırımları bu ilin fevral ayının sonuna 3 milyon 255 min funtolub. Şirkətin 1,5 milyon funtdan çox digər aktivləridə var.


Abid Şərifovun 21 illik əməkhaqq

Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsi, Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu Nicat Mahmudov 20 yaşından

Londondadır

. Burada biznesi var. Hazırda onun təkcə bir şirkətə yatırımı 262 min funt sterlinq və ya 540 min manatdır. Bu isə babası Abid Şərifovun çalışdığı vaxtlarda 21 illik rəsmi əmək haqqına bərabərdir. Abid Şərifov 23 il işləyib və ötən növbədənkənar prezident seçkilərində postunu tərk edib.


Baş dəmiryolçunun Şərq-Qərb dəhlizi boyunca uzanan biznesi

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər gələndən sonra burada çalışanların sayı iki dəfə azalıb. 6 min nəfərə

düşüb

. Əvəzində təkcə 2015-2017-ci illərdə ADY-nin bank kreditləri üzrə borcu 2 milyard 549 milyon manata çatıb (2,6 dəfə artıb).

Cavid Qurbanovun nizamnamə kapitalı milyonlarla manat olan “Azercon” şirkətlər qrupu, “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi, “American Hospital Tbilisi”, “Baltech Group” MMC, “Sigmatech” MMC, “Spartak1980” MMC, “Alazan İnşaat” MMC, “ASCL” MMC və s. şirkətləri var.


Azərbaycan prezidentinin ailəsi Moskva ətrafında necə məskunlaşdı

Azərbaycan prezidentinin oğlu Heydər Əliyev 9 yaşında Rublyovo-Uspenski şosesində Dmitri Medvedyevin iqamətgahının qonşuluğunda yerləşən dəbdəbəli evin sahibi

olub

.

Moskva həlqəvi avtomobil yolundan 16 km aralıda olan “Mayendorf bağları“nda Leyla Əliyevanın da evi var. Əliyevanın mülkünün sahəsi 7,7 min kv.m-dir. Qardaşı kimi Əliyeva da bu bahalı daşınmaz əmlaka gənc yaşlarında – 20 yaşında sahib olub.

Həmin qəsəbədə bu qədər sahəsi olan evin qiyməti 2,3 milyard rubldur (təxminən 35 milyon dollar).

OCCRP-nin müəyyənləşdirdiyinə görə, Əliyevlər Londonda da 25 milyon dollarlıq malikanə də daxil olmaqla bir neçə daşınmaz əmlak obyektinə sahibdir.

2009-cu ildə 11 yaşındakı balaca Heydər Dubayda doqquz mülk sahibi olub. Həmin vaxt onların dəyəri 44 milyon dollar həcmində qiymətləndirilib. Dubayda həmçinin Leyla və Arzu Əliyevaların da villaları var.


Hacıbala Abutalıbovun oğlanlarının biznesi

Baş nazirin keçmiş müavini, BŞİH-in əvvəlki meri Hacıbala Abutalıbovun oğlanları İsrafil Abutalıb və Orxan Abutalıbov qardaşlarının Türkiyə, İngiltərə və Azərbaycanın turizm, daşınmaz əmlak və restoran biznesinə, təhsil sektoruna yatırımları on milyonlarla dollarla

ölçülür

.

İsrafil Abutalıb Londonda biznes aləminə 2007-ci ildə gəlib. O, 29 yaşında burada “Androush Shtriker Limited” və “Hamilton Consultancy & Advisory Limited” şirkətlərinin direktoru olub.

2016-cı ildə isə o, “Sidmouth İnvestment Limited” şirkətini qurub. Növbəti il burada təsis etdiyi “Kenwood AM Ltd” şirkəti vasitəsilə “Rock Gate Mews Limited” şirkətinə sahib olub. Sonuncu şirkətin ingilis sahibləri onu banka ipoteka borcuna görə İ.Abutalıba satmalı olmuşdular. Londonda 17 Spaniards End ünvanındakı həmin əmlakı yerli rieltorlar 6,6 milyon funt dəyərində qiymətləndirir.

Londonda yaşayan Azərbaycan əsilli Anar Paşa adlı şəxsin rəhbərlik etdiyi hər üç şirkət Böyük Britaniyada daşınmaz əmlakın alğı-satqısı ilə məşğuldur. İsrafil Abutalıbın ofisləri fərqli məkanlarda yerləşən şirkətlərinin toplam aktivləri maliyyə hesabatlarına görə 9 milyon 671 min funt və ya 21,3 milyon manat təşkil edir.

Abutalıbovların İstanbulun tarixi ərazilərində də xeyli mülkləri var. Dəyəri milyonlarla ölçülür.


SOCAR prezidentinin oğlu

SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin biznesdə ilk addımlarını Türkiyədə ali təhsil alarkən

atıb

.

19 yaşlı Rəşad 50 min lirə kapitalla “Alpha Roger Group Holding A.Ş.“ni 2013-cü ildə təsis edəndə bir çox azərbaycanlı həmyaşıdı kimi tələbə yataqxanasında məskunlaşmamışdı. İstanbuldakı “Metrocity” Alış-Veriş Kompleksinin yaşayış blokunda (Levent, Beşiktaş) yerləşən mənzillərdən birində (C blok, 13-cü mərtəbə, mənzil 46) yaşayırdı. “Oliqarx oğlu” statusu ilə İstanbulda (Beşiktaş, Eski Büyükdere küçəsi, Emniyet evlər məhəlləsi) dəbdəbəli məkanda – “Sapphire” kompleksində daha iki mənzilə (№1/1, mənzil 46 və №1-5, mənzil 29) sahib idi.

O, 2013-cü ildən daşınmaz əmlak inşaatı və onun alğı-satqısı sektoruna daxil olub. Həmin il “Alpha Roger Proje İnşaat ve Gayrimankul Danışmanlık Sanayi ve Ticaret A.Ş.“-ni yaradıb. Nizamnamə kapitalını bir il sonra 50 min lirədən 2 milyon 550 min lirəyə qaldırıb.

2015-ci ilin oktyabrında R.Abdullayev türk işadamı Yusuf Şimşekçaktı ilə İstanbulda (Şişli, Ahmet Fetgari küç., ev 33A) bərabər paylarla “Orogiada Mücevherat ve Kuyumculuk Ticaret A.Ş.” şirkətini qurub. 2017-ci ilin mayında şirkətin Bodrumda şöbəsi və zərgərlik mağazası açılıb. 2018-ci ilin noyabrında ortaqlığa son qoyulub və Rəşad şirkətin tək sahibinə çevrilib. Hazırda Kargin İş Mərkəzində yerləşən şirkət 2019-cu ilin yanvarında adını və fəaliyyət sahəsini dəyişib. İndi “Yuksel Trend Uluslararası Ticaret A.Ş.” adını daşıyan şirkət əlvan metallar, boru, müxtəlif maşın və avadanlığın ticarəti ilə məşğul olur. 2019-cu ilin yanvar ayından etibarən Rəşad Abdullayev şirkətin tək sahibi deyil. Lakin hələlik, onun iş ortağının adı açıqlanmayıb.

2017-ci ilin sentyabrında o, “RA Yapım ve Prodüksiyon A.Ş.” şirkətini yaradıb. Əlli min lirə kapitalla qurulan bu şirkət Türkiyə və onun xaricində xəbər agentliyi, reklam və film çəkilişi, televiziya və musiqi proqramlarının hazırlanması ilə məşğuldur. “Tekfen Tower”-də yerləşən bu şirkətin İdarə Heyətinin sədri Fırat Bakardır.

Ana səhifəXəbərlərAzərbaycan korrupsiyaya həssaslıq reytinqində