“Azərbaycan hakimiyyəti pandemiyadan istifadəyə görə tənqid olunacaq”

S.Evarsdottir deyib ki, Azərbaycanda tənqidi səslərə qarşı repressiyalar davam edir.

Source: google.az


AŞPA məruzəçisi: “Karantin bitəndən sonra qiymətləndirmə aparılacaq”

“Azərbaycan başqa ölkələr kimi, karantindədir və ölkədə baş verənlərlə bağlı informasiya əldə etmək və xəbərləri təsdiqlətmək çətindir. Amma bu şərtlər daimi deyil. Sərhədlər açılanda və Avropa Şurası yenidən tam gücü ilə fəaliyyətə başlayanda qiymətləndirmə aparacaq və bu qiymət də tənqidi olacaq”.

Bunu “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir deyib.

O deyib ki, pandemiyadan hansı hallarda öz avtoritar oyunlarına meydan vermək və siyasi maraqlarını həyata keçirmək üçün sui-istifadə olunması müəyyən ediləcək. Onun sözlərinə görə, karantin bitəndə bunların hamısı öz əksini tapacaq və tənqid olunacaq.

S.Evarsdottir deyib ki, Azərbaycanda tənqidi səslərə qarşı repressiyalar davam edir. O bildirib ki, karantin dövründə Azərbaycanda 15 -ə qədər müxalifət fəalı və jurnalist həbs olunub:

“Narahatam ki, Əli Kərimli de-fakto ev həbsindədir. Biz həmçinin narahatıq ki, onun telefonları və interneti blok olunub. Biz bu durumu yaxından izləyirik. Azərbaycan üzrə həmməruzəçilər bu durumla tanışdırlar. Avropa Şurasının durumdan xəbəri var və bundan narahatdır”.

S.Evarsdottir həmçinin bildirib ki, bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır.

Ana səhifəSiyasət“Azərbaycan hakimiyyəti pandemiyadan istifadəyə görə tənqid olunacaq”