Azərbaycan “Gestapo”su

“Xalqa qarşı davamlı cinayət törədən şəxslər düşünmürdülər ki, bir gün əməllərinə görə cavab verəcəklər”

Source:


Bir gün işgəncə yuvaları muzeyə çevriləcək…

Son vaxtlar dünyagörüşünün zamana, coğrafiyaya, dini və mental, siyasi qavrama və siyasi rejimə görə dəyişməsi barədə çox düşünürəm. Örnəyi: Mənim alman dostum suveren bir ölkədə doğulub, suveren bir ölkədə yaşayır, mən isə dünyaya dağılmaqda olan avtoritar Sovet imperiyasının tərkibindəki Azərbaycanda göz açmışam. Sonra müstəqil, amma yenə də avtoritar Azərbaycanda yaşamışam. Reallıqlarımız çox fərqlidir. O, məni içində böyüdüyü azadlıq və demokratiya haqda söhbətləri ilə təəccübləndirir, mən də onu şahidi olduğum diktatura hekayələrimlə.

Ötən ay onunla yolumuz qədim Trir şəhərinə düşdü. Almaniyanın digər şəhərlərində olduğu kimi, bu şəhərdə də tarixi memarlığı ilə zövq oxşamayan bir tikili tapmaq çətindir. Tririn şimalında Qərbi Roma imperiyasının günümüzədək ən yaxşı şəraitdə qalmış ən böyük qala qapıları sayılan əzəmətli Porta Niqra, X-cu əsrdə imperator Konstantinin əmri ilə tikilmiş Trir və Libfrauenkirxe kilsələri, qərbində Mozel çayı üzərindən II-ci əsrdə salınmış Roma körpüsü, şərqində isə əsası 1473-cü ildə qoyulmuş qədim universitet yerləşir. Burada zavod və fabrik olmadığından, II-ci Dünya Müharibəsində şəhər bombalanmayıb. Buna görə də tarixi binalar ziyan görməyib. Karl Marksın doğulduğu ev də məhz bu şəhərdədir – 1933-cü ildə nasistlərin müsadirə edib, mətbəəyə çevirdikləri, müharibədən sonra isə muzey və qalereya kimi fəaliyyət göstərən binada. Buranı ildə 30 mindən çox turist ziyarət edir. Hər 3 turistdən biri Çin Xalq Respublikasındandır. Onların səyahət planında Kommunizm ideologiyasının banilərindən birinin dünyaya göz açdığı mənzili görmək önəmli yer tutur. Ümumiyyətlə, Trirdə Avropanın əksər şəhərlərində olduğu kimi küçələr, meydanlar, binalar, heykəllər hamısı tarix pıçıldayır. Küçə musiqiçilərinin qovulmadığı, hökumət başçısı keçərkən yolların bağlandığına görə camaatın saatlarla tıxacda qalmadığı, adamların küçədə öpüşməyə görə döyülmədiyi həmin o normal şəhərlərdən biri.

Bir az gəzəndən sonra diqqətimi pəncərələri dəmir barmaqlıqlı bir bina çəkir. Buranın həbsxana, yaxud bank olduğunu düşünürəm. Binanın önündəki xatirə lövhəsini oxuyanda, məni həyəcan bürüyür. Sən demə, vaxtilə bura bizə kinolardan və kitablardan tanış olan Üçüncü reyxin dövlət gizli polisinin – alman faşistlərinin məşhur zülm aparatı Gestaponun şəhər üzrə mərkəzi idarəsi imiş. Lövhənin üzərində belə yazılıb: “Nasional Sosializmin başçılığı ilə burada əzablara məruz qalmış qurbanların xatirəsinə…” Əvvəl mən yerimdə donub qalıram, sonra tələsik telefonumu çıxarıb, binanın və xatirə lövhəsinin şəkillərini çəkirəm. Elə bu vaxt bir qrup insan binadan çıxır.

Əksəriyyəti gəncdir. İrəlidəki yaşlı kişi nəsə danışır. Bəzi sözləri aydın eşidib anlayıram: “… və bu şəxslər düşünmürdülər ki, bir gün törətdikləri cinayətlərə görə cavab verəcəklər”. Qalanını eşidə bilmirəm. Onların birindən burada nə baş verdiyini soruşuram. Məlum olur ki, şəhərin tarix muzeyində tələbələr üçün vaxtaşırı müxtəlif mövzularda mühazirə və eksursiyalar təşkil olunur. Son mövzu Nasional Sosializmdir. Danışan şəxs də tarixçidir. Ona təşəkkür edirəm. Hamısı danışıb gülə-gülə uzaqlaşırlar. Fikirləşirəm ki, bu qorxulu tarix unudulmasa da, bu gənclərin bugünkü həyatından çox uzaqdır. Yerimdə dayansam da, artıq xəyalən orada deyiləm. Bu binaya saçından tutulub, sürüklənərək gətirilmiş, burada qol-qabırğası döyülərək sındırılmış, dişləri kəlbətinlə çıxarılmış, barmaqları çəkiclə əzilmiş, sinəsinə qaynar ütü qoyulmuş və s. dəhşətli işgəncələrə məruz qalmış adamları təsəvvürümə gətirirəm. Görəsən, neçə ata buraya gətirilərkən, bir daha evinə qayıdmayacağını təxmin edib?! Neçə ana burada öldürülərkən, özündən çox, körpəsini düşünüb?! Döyülməkdən gözləri kor olmuş neçə adama bu binada saxta etiraf ifadələri imzalatdırıblar?! Gestapoda xidmət etmiş neçə şəxs “Mən əmrə tabeyəm” – deyə etdiyi vəhşiliklərə görə özünə təsəlli verib?

image_from_ios (1).jpg
Trir şəhərindəki keçmiş Gestapo idarəsi

Dostumun səsi məni yenidən reallığa qaytarır. O, bu binaya göstərdiyim aşırı diqqətdən təəccüblənib. Deyir ki, ətrafda bundan da qədim yerlər var. Bu bina isə sadəcə, faşist Almaniyasının cəza aparatlarından birinin idarəsi olub. Dünyada cinayətkar bir təşkilat kimi tanınan Gestapo artıq tarixə qarışıb. Rejimin qanlı terrorunda əli olanların bir hissəsi müharibədə ölüb, qalanları isə müharibədən sonra ədalətli məhkəmə qarşısına çıxardılaraq cəzalandırılıblar. Təklif edir ki, sırf müharibəni xatırladan yerlər görmək istəyirəmsə, bir gün onunla, məsələn, Drezdenə gedim. Çünki orada müharibə vaxtı bombalanmış və uçuqları bu günə qədər qalmiş binalar çoxdur. Dostumun sözünü kəsib, neçə gündür reallıqlar barədə düşündüklərimi ona izah etməyə çalışıram. Deyirəm ki, haqlıdır. Amma onun reallığında vaxtilə ölkəsini az qala tamamilə məhv etmiş cinayətkar rejim də, cəza orqanları da keçmişdə qalıb. İnsanlara qarşı vəhşilik edənlər müharibədən sonra qaliblərin qurduğu məhkəmə qarşısında cavab veriblər. Hətta həmin kəslərin övladları da, nəvələri də bir gün onlardan hesab sormağa qalxıblar. Onlar ədalətdən gizlənə bilmiş atalarına, analarına, nənə-babalarına sual veriblər ki, niyə cinayətkar rejimə xidmət edib, bu vəhşilikləri törədiblər? Deyiblər ki, biz sizin əməllərizə görə utanırıq. Onlar başa düşüblər ki, ölkənin gələcəyi naminə bu cinayətləri törədənləri bağışlamaq olmaz. Ədalətli cəmiyyət qurmaq üçün onları qohumluq əlaqələrindən asılı olmayaraq, sərt şəkildə cəzalandırmaq vacibdir. O ağrılı tarixdən sonra cəmiyyət özünü islah edib və insanlar illər sonra qanunların ali olduğu bir ölkə qurublar. Ədalətdən qaçmağa müvəffəq olmuş müəyyən faiz adam istisna olmaqla, bir vaxtlar “Mən əmrə tabeyəm” – bəhanəsiylə insanlara zülm etmiş kəslər də, həmin o ali qanun qarşısında cavab veriblər. Nəhayət, bunların nəticəsi olaraq bu gün onun vətənində ədalətli cəmiyyət və demokratiya var. Məhz buna görə də reallıqlarımız fərqlidir. Çünki mənim ölkəmdə bu gün də Gestapo kimi cəza aparatı var. YAP hakimiyyəti adı hüquq-mühafizə orqanları olan cinayətkar təşkilat vasitəsilə insanları siyasi görüşlərinə görə təqib edir, qorxudur, işdən qovdurur. Saxta ittihamlarla həbs etdirdikdən sonra isə onlara eynilə Gestapo metodları ilə dəhşətli işgəncələr verir. Atanı oğlu ilə qonşu otaqlarda döyürlər ki, onlar bir-birilərinin səsini eşitsinlər, ataya deyirlər ki, biz deyənləri etməsən, oğlunu öldürərik, oğula deyirlər ki, atanı tutarıq. Saxta ifadələrə imza almaq üçün balanı anayla, ananı balayla şantaj, bir-birinin yanında təhqir edirlər, ölkənin xaricində rejimə qarşı çıxış edən jurnalist və bloqçuların yaşlılar və körpə uşaqlar daxil olmaqla qohumlarını polis şöbələrinə gətirib günlərlə ac-susuz saxlayırlar, şərləyərək həbs etdikləri vətəndaşları asaraq döyürlər, bədənlərini elektrik cərayanına verirlər, cəza kimi müxtəlif xəstəliklərə yoluxdururlar. Həbsxanalardakı bir çox müəmmalı ölümün səbəbləri də indiyədək araşdırılmayıb. Bütün bunları ona danışaraq təsəvvürümə qol-qıçı sındırılaraq saxta ifadələri imzalamağa məcbur edilmiş vətəndaşlarımız gəlir. Neçə gəncimizin illərini cibinə narkotik atıb saxta ittihamlarla həbs edərək alıblar?! Görəsən, onlardan neçəsi sonadək imza atmaqdan imtina edib və ağır işgəncələrlə öldürülüb?! Nəçəsini özləri asıb sonra deyiblər ki, intihar edib?! Neçə vətəndaşımızın dişləri ardı kəsilməyən yumruqlardan sonra sınıb döşəməyə səpələnib?! Bəs onlardan neçəsi şikəst qalıb?! Bu gün Azərbaycanın “Gestapo” əməkdaşları şəhər meydanlarında ölkədəki haqsızlıqlara etiraz edən vətəndaşları kameralar önündə çəkinmədən xüsusi qəddarlıqla döyürlərsə, görəsən bunlar heç kimin görmədiyi polis idarələrində adamların başına hansı oyunları açırlar? Bunlar xalqa niyə düşmən kəsiliblər? Biz hələ bunların hansı cinayətlərindən xəbərsizik? Bütün bunlardan sonra yeni bir sual da meydana çıxır: Bizim ölkəmizdə “Mən əmrə tabeyəm” – deyə vətəndaşlara qarşı vəhşilik edənlərin neçə faizi sadist, neçə faizi manyakdır?

image_from_ios (2).jpg
Polis və etirazçı şəkili

Axı biz dəfələrlə görmüşük ki, vətəndaşlara qarşı zorakılıq edən Azərbaycan polisi insanları döydüyü həmin anda tapşırıq və əmrlərdən çox uzaq bir yerdə, öz ekztazında yaşayır. Axı Azərbaycan polisi insanları elə-belə döymür, o, bundan həzz alır. Dostum üzündə dəhşət ifadəsi ilə başını yelləyir və danışdıqlarımdan məyus olur. Mən ona baxıram. Necə də xoşbəxtdir! Onun xalqı zülmkarın zülmündən qurtulub, ədalətli cəmiyyət, qanunların çalışdığı bir ölkə qurub. Xalqın qaranlıq günləri geridə qalıb. Mənimsə xalqım bu gün cinayətkar rejimin terroru altında yaşayır.

image_from_ios.jpg
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi

Biz dəmiryolu vağzalına tərəf gedirik. Səyahət çox uzun idi. Dostum çox yorğun görünür və güman ki, indi duş qəbul etmək barədə düşünür. Mənsə düşünürəm ki, mütləq bir gün Azərbaycan muzeylərinin birində də vaxtilə Azərbaycan xalqına zülmlər etmiş bir rejimin, bir partiyanın artıq tarixə qovuşmuş hüquq-mühafizə orqanları idarələrinə, Azərbaycanın “Gestapo” idarələrinə ekskursiyalar təşkil olunacaq. Tələbələr maraqla hansısa tarixçinin dediklərinə qulaq asacaqlar. O deyəcək ki, gördüyünüz bu binada bir vaxtlar cinayətkar rejimin repressiya aparatının hansısa idarəsi yerləşirdi. Sonra mən aydın şəkildə eşidəcəyəm:

“Xalqa qarşı davamlı cinayət törədən şəxslər düşünmürdülər ki, bir gün əməllərinə görə cavab verəcəklər. Lakin xalq onları bağışlamadı. “Mən əmrə tabeyəm” – deyə etdiyi cinayətlərə bəraət qazandıran şəxslər öz cəzalarına çatdılar”.

Ekskursiyanın sonunda bizim gənclər də dostumun ölkəsindəki gənclər kimi xoş əhvalla dağılışacaqlar. Mənə elə gəlir ki, onların gülüşlərini ətrafda hər kəs eşidəcək.

Ədalət mübarizəsində qətlə yetrilmiş bütün vətəndaşlarımızın ruhu da…

Ana səhifəXəbərlərAzərbaycan “Gestapo”su