Azərbaycan 2019: Mətbuat icmalı

Aprelin 6-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Source: Foto: arxiv


Yanvar

Yanvarın 14-də Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının ləğvi ilə bağlı fərman imzalayıb. Həmin qurumlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzidir.

Yanvarın 14-də Prezident fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirib. Mitinqin keçirilmə məqsədi bloger Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.

Yanvarın 20-də Demokratik Qüvvələrin Milli Şurası üzvlərinin Şәhidlәr Xiyabanını ziyarәtinə maneә yaradıblar. Milli Şuranın xiyabana öz tәrәfdarları ilә birlikdә, tam heyәtlә getmәsinә imkan vermәyiblәr.

Yanvarın 30-da Prezident İlham Əliyev Şəhid ailələri üçün nəzərdə tutulan prezident təqaüdünün artırılması ilə bağlı fərman imzalayıb.

Yanvarın 31-də prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının qərarı ilə "Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe” qəzetlərinə maliyyə yardımı dayandırılıb.


Fevral

Fevralın 5-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri Bakıda keçirilən “Formula 1” yarışlarının daha üç il müddətinə uzadılması barədə müqavilə imzalayıb. Beləliklə, yarış 2023-cü ilə qədər Bakıda keçiriləcək.

Fevralın 13-də AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə təyin olunmuş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzası azaldılaraq, faktiki həbsdə yatdığı günlə əvəz olunub və o, həbsdən azad edilib.

Fevralın 14-də Azərbaycanda yeni ''ONA'' adlı informasiya agentliyi yaradılıb.

Fevralın 14-də Prezident İlham Əliyev imzaladığı fərmanla tələbələr üçün prezident təqaüdünün məbləğini artırıb.

Fevralın 19-da Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manata qaldırılması ilə bağlı qanun layihəsi parlamentdə təsdiqlənib.

Fevralın 23-də Lənkəran Dövlət Universitetinin tələbələri aksiya keçiriblər.

Fevralın 28-də Prezident İlham Əliyev problemli kreditlərlə bağlı fərman verib. Fərmana əsasən, dövlət fiziki şəxslər tərəfindən 10 min dollara qədər götürülən kreditlərin devalvasiya nəticəsində artmış hissəsini üç aydan gec olmayaraq ödəyəcək.


Mart

Martın 1-də Gəncə hadisələrinə görə həbs edilən 14 nəfərə hökm oxunub. Məhkəmə Elman Rüstəmov və Nemət Heydərlini 8, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xudiyevi 7, Renat Məmmədovu 6 il azadlıqdan məhrum edib.

Martın 2-də cəza müddəti bitən bloger Mehman Hüseynov azad olunub.

Martın 6-da Nazirlər Kabineti açıqlama yayaraq, Azərbaycanda yoxsulluq səviyyəsinin 5,1 faiz olduğunu bildirib.

Martın 15-də Sabunçu Rayon Məhkəməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun vaxtından əvvəl azadlığa buraxılması barədə qərar çıxarıb.

Prezident İlham Əliyev martın 16-da Əfv sərəncamı imzalayıb. Əfv sərəncamı siyasi məhbus kimi tanınan 51 şəxsə şamil olunub.

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonundakı "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib.


Aprel

Aprelin 1-də gecə saatlarında Bakıda 10 nəfərədək LGBTQ fərdini polis saxlayıb. Saxlanma səbəbi kimi tibbi müayinədən keçirilmə göstərilib.

Aprelin 6-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Aprelin 8-dən etibarən müstəqil media orqanı olan “arqument.az” saytına giriş məhdudlaşdırılıb.

Aprelin 28-də Meydan TV-nin rəhbəri Emin Milli vəzifəsindən istefa verib.


May

Ölkədən çıxışına qadağa qoyulmuş bir qrup jurnalist mayın 3-də Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin qarşısında etiraz aksiyası keçirib.


İyun

“APA” İnformasiya Agentliyi iyunun 4-də fəaliyyətini bərpa edib. “APA” fəaliyyətini ötən ilin avqustun 1-də dayandırmışdı.

Amerikanın “MMS Holdings Group LLC” şirkəti məhkəmədə SOCAR-a qalib gəlib. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) təsis etdiyi “SOCAR AQŞ” MMC 94 min 160 dollar cərimələnib.

İyunda həmçinin İspaniyanın İbitsa adasında istirahət edən 22 yaşlı azərbaycanlı turistin qiyməti 1 milyon funt-sterlinq (1 milyon 200 min avro) olan qol saatının oğurlanması xəbəri yayılıb.

İyunun 18-də Prezident İlham Əliyev büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqının 40 faiz artırılması ilə bağlı 17 sərəncam imzalayıb. Minimum aylıq əməkhaqqının məbləği isə 250 manat müəyyən edilib.

Azərbaycanlı tarixçisi Şirməmməd Hüseynov 95 yaşında vəfat edib. Bakı Dövlət Universitetindən verilən məlumata görə, tarixçi iyunun 24-də həyatla vidalaşıb.


İyul

Gəncə hadisələrinə görə həbs olunanlardan biri, 53 yaşlı Aydın Qurbanov iyulun 9-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.

İyulun 10-da Nardaran məhbusu Əbülfəz Bünyadov azadlığa buraxılıb.

İyulun 14-də Şəki rayonunda Xan Sarayının yanındakı Şərq çinarı ağacının bir qolu qırılaraq aşıb. 19 nəfər yaralanıb. Sonradan yaralananlardan biri ölüb.

İyulun 15-də Gürcüstan-Azərbaycan sərhədinin Keçikçidağ Məbəd-Kompleksində insident yaşanıb. Milliyyətcə gürcü olan şəxslər Azərbaycan sərhədçiləri ilə qarşıdurmaya gediblər və silahlarını alıblar.

İyulun 18-də Vəkillər Kollegiyası Aqil Layıcın fərdi vəkil fəaliyyətinə xitam verib.


Avqust

“Sədərək” Ticarət Mərkəzində avqustun 4-də yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, mərkəzin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb.

Avqustun 9-da Gəncə hadisələrinə görə həbs edilən Kamal Məmmədtağıyev, Rauf Qurbanzadə, Mireşqin Seyidov və Qadir Hüseynov azadlığa buraxılıb.

Avqustun 23-də Gəncə hadisələrinə görə həbs olunan Elvin Əliyev azadlığa buraxılıb.

Avqustun 29-da jurnalist Seymur Həzi həbs müddəti bitdiyi üçün azadlığa çıxıb.

Avqustun 30-da Gəncə hadisələrinə görə həbs olunanlardan Nemət Heydərli azadlığa buraxılıb.


Sentyabr

Sentyabrın 1-dən etibarən Azərbaycana gələn Türkiyə vətəndaşları viza almayacaqlar. Türkiyə vətəndaşlarının Azərbaycanda vizasız qalma müddətləri 30 gün müəyyənləşdirilib.

Sentyabrın 10-da Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin Meydan TV ilə bağlı qərarını ləğv edib.

Bakıda sayca 10-cu Avropa Film Festivalı keçirilib. Festivalda Avropa Birliyinin 14 ölkəsinin filmi təqdim edilib. Eyni zamanda, bir azərbaycanlı rejissorun kinosu da göstərilib.

Sentyabrın 24-də ali məktəb imtahanlarında Azərbaycanda ilk test üsulunu tətbiq edən şəxs Vurğun Əyyub vəfat edib.

Sentyabrın 27-dən 29-dək Bakıda VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan sərgi-yarmarkada Azərbaycanla yanaşı, 22 ölkənin qırxa yaxın xarici nəşriyyat və kitab evləri iştirak edib.

Sentyabrın 27-dən oktyabrın 25-dək Bakıda MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya) Film Festivalı keçirilib.

Sentyabrın 30-da Gəncə hadisələrinə görə həbs olunan 4 nəfər (Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov və Emil Məmmədov) azadlığa buraxılıb.


Oktyabr

Oktyabrdan etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Nyu-Yorka birbaşa uçuşları dayandırıb.

1-10 oktyabrda Azərbaycan Respublikası ərazisində əhalinin sınaq siyahıyaalınması keçirilib. Sosial şəbəkələrdə xeyli siyasətçi, iqtisadçı və çoxsaylı izləyicisi olan səhifələr sorğu keçiriblər. Sorğu nəticələrindən məlum olur ki, siyahıya alanlar çoxunun qapısını döyməyib.

Oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun sahibi olub.

Oktyabrın 4-də Soçidə təşkil edilən “Valday” forumunda çıxışı zamanı İlham Əliyev “Qarabağ Azərbaycanındır və nida işarəsi”, – bəyanatını verib.

Oktyabrda hökumətyönümlü media olan “Real TV” ABŞ diplomatlarının gizli yazılmış danışıqlarını yayıb.

Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Bakının mərkəzində mitinq keçirib.

Oktyabrın 20-də Bakıda ictimai fəallar son günlər artan qadın cinayətlərinə etiraz yürüşü keçirib. Mərkəzi küçədə onlar "şiddətə susma" deyiblər.

Oktyabrın 24-də Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasova 2 il 2 ay 14 gün ev dustaqlığı ilə cəzalandırılıb.


Noyabr

Noyabrın 8-də Azərbaycanın Yanacaqdoldurma məntəqələrində maye qazın qiyməti 0,45 manatdan 0,65 manata qalxıb.

“spiegel.de” saytının məlumatına görə, noyabrın 13-də alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb.

Dövlət Miqrasiya Xidmətinin (DMX) məlumatına görə, noyabrın 14-də Almaniyadan 61 azərbaycanlı geri qaytarılıb.

Prezident İlham Əliyev noyabrın 28-də Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala bölgəsində Trans-Anadolu Təbii qaz Boru Kəməri Layihəsinin (TANAP) Avropa ilə birləşəcək hissəsinin açılışı olub.


Dekabr

Dekabrın 2-də Azərbaycan Nazirlər Kabinetinin Aparatının yeni strukturu təsdiqlənib.

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumu Prezident İlham Əliyevin sorğusu əsasında parlamentin buraxılması barədə Milli Məclisin müraciətinin Konstitusiyaya uyğunluğu məsələsini müzakirə edib.

Prezident İlham Əliyev dekabrın 5-də V çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Dekabrın 6-da Azərbaycan vətəndaşı Əminət Əhmədova Prezident Administrasiyasını və şəxsən prezident İlham Əliyevi məhkəməyə verib. O, məmurların hərəkətinə görə prezidentin məsuliyyət daşıdığını düşünür.

Dekabrın 10-da isə Bakıda “EuroHome” tikinti materialları bazarında (Xırdalan dairəsinə yaxın) yanğın olub. Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, bazarın 5 hektar ərazisinin 2 hektarı yanıb. Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilib.

Dekabrın 14-də də də Bakıda bazar yanıb. Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olub. Rəsmi məlumata görə, yanğın təxminən 300 kv. metr sahəni əhatə edib.

Dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar. Saxlanılma səbəbləri rüşvət alma və qanunsuzluqlar göstərilir.

Dekabrın 19-da Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Ana səhifəSosialAzərbaycan 2019: Mətbuat icmalı