Azərbaycan 122 min avroya yaxın cərimə ödəyəcək

Bu işdə Azərbaycanı təmsil edən hakim Lətif Hüseynov qərara müxalif qalıb

Source: Foto: arxiv


Avropa Məhkəməsi yeni qərarlarını açıqlayıb

Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələyib.

Qərar yanvarın 30-da

Azərbaycanla bağlı 8 şikayət

üzrə elan edilib. Qərarlar üzrə iddia olunan pozuntuların əksəriyyəti tanınıb. Hökumət bu işlərdəki ərizəçilərə cəmi 121 min 849 avro təzminat ödəməlidir.


Vəkillikdən uzaqlaşdırma ilə bağlı iş

Qalib gələn işlərdən biri Elçin Namazovun vəkillikdən uzaqlaşdırılması ilə bağlıdır.

“Elçin Namazov Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi Konvensiyanın 8-ci maddəsinin (şəxsi həyatın toxunulmazlığı) pozuntusunu tanıyıb. Hökumət vəkillikdən uzalqaşdırılmış hüquqçuya 7850 avro təzminat ödəyəcək.

Elçin Namazov müdafiə etdiyi müxalif fəalların məhkəməsində hakim ilə sözlü mübahisədən sonra vəkillikdən uzaqlaşdırılmışdı. Onun vəkillik fəaliyyətinə 2011-ci ildə xitam verilib. Vəkillər Kollegiyası o zaman hesab etmişdi ki, Elçin Namazov hakimlə sərt mübahisə etməklə vəkillik qanunvericiliyinin pozuntusuna yol verib.


Cəbhəçi ilə müsavatçının şikayəti

Məhkəmə “Tofiq Yaqublu və Əhədov Azərbaycana qarşı” işdə işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, birləşmək hüquqlarının pozuntusunu tanıyıb.

Azərbaycan hökuməti bu pozuntulara görə, Yaqubluya 16900, Əhədova isə 13300 avro təzminat ödəyəcək.

Müsavatçı Tofiq Yaqublu və AXCP üzvü Əhədov iddia edirdilər ki, 2011-ci ilin aprelində müxalifətin aksiyasında saxlanılıb, polisdə pis rəftara məruz qalıblar. Tofiq Yaqublu həmin aksiyadan sonra polisə tabe olmamaq əsası ilə 8 sutka inzibati həbs cəzası almışdı. Üstəlik, iddiada deyilir ki, o, saxlanıldığı gün vəkillə müdafiəsinə imkan yaradılmayıb.


Şəxsiyyət vəsiqəsi verilməsindən imtina, məhkəmələrin iki azyaşlı uşağı ataya verməsi

“Eldar Əhmədov Azərbaycana qarşı” işdə də AİHM 8-ci maddənin pozulduğu ilə bağlı qərar verib. Qərara görə, hökumət ərizəçiyə 7500 avro təzminat ödəməlidir.

Əhmədov Gürcüstanda anadan olub. Onun şikayəti Azərbaycanın səlahiyyətli qurumlarının ərizəçiyə şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi ilə əlaqəli olub.

AİHM “Babayeva Azərbaycan qarşı” işdə də 8-ci maddənin pozuntusunu tanıyıb. Hökumət ərizəçiyə 4500 avro təzminat ödəməlidir. Ləman Babayeva işi valideynlik hüququ ilə bağlı idi. Bu işdə yerli məhkəmələr iki azyaşlı uşağı ondan alıb ataya vermişdilər.


Ukrayna, Norveç və Ermənistan vətəndaşlarının şikayətləri

“Babin və digərləri Azərbaycan qarşı” işdə AİHM ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna qərar verib. Hökumət bu iş üzrə ərizəçilərə ümumilikdə 6199 avro təzminat ödəməlidir.

Ukrayna vətəndaşı olan hərbi mühəndis Sergey Bibin Azərbaycanda həbsdədir. İşin materiallarına görə, ərizəçi 2010-cu ilin sonunda qardaşı və bir tanışı ilə birlikdə Kiyevdən Tehrana uçarkən Bakıda tutulub. Onun üzərindən hərbi təyinatlı elektrik relesi və kontaktor sistemi tapılıb. Əvvəlcə dələduzluqda, daha sonra isə mütəşəkkil qaçaqmalçılıqda ittiham olunan Babin Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Babin istintaq və məhkəmə zamanı ittihamları rədd edib. İrana təmir işləri üçün getdiyini, hər hansı qanunsuz əmələ yol vermədiyini bildirib. Babin ədalətli məhkəmə araşdırması hüququna müdaxilə edildiyini iddia edirdi.

“Yahova şahidləri dini icması və Oddvar Hansen Azərbaycan qarşı” işində də ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb. Qərara görə, Azərbaycan bu iş üzrə ərizəçilərə 3400 avro ödəməlidir.

Bu işdə ərizəçilər 2006-cı ildə Bakıda “Yahova şahidləri” dini icmasının 200-ə qədər üzvünün iştirakı ilə dini mərasim keçirərkən saxlanılmış, onlara məxsus kompüter avadanlıqları, dini ədəbiyyat və digər əşyalar götürülmüşdü.

“Sarıbekyan və Balyan Azərbaycan qarşı” işdə də iddia olunan pozuntuların əksəriyyəti tanınıb. AİHM hesab edib ki, bu işdə yaşamaq, işgəncəyə məruz qalmamaq hüquqlarına müdaxilə olunub. Qərar Azərbaycan hökumətinin Ermənistan vətəndaşlarına 62 200 avro təzminat ödəməsini nəzərdə tutur.

Bu işdə Azərbaycanı təmsil edən hakim Lətif Hüseynov qərara müxalif qalıb. Öz müxalif rəyini təqdim edib.

Ermənistan vətəndaşları olan Saribekyan və Balyanın Azərbaycana qarşı şikayəti onların oğullarının Azərbaycanda ölümü ilə bağlıdır. Şikayətdə bildirilir ki, oğulları Qarabağda azıb, Azərbaycana gəlib çıxıb. Hərbçilər erməninin kənd məktəbini partlatmaq planının iştirakçısı olmaqda şübhəli kimi saxlayıblar. O, Bakıya gətirilib. Bakıda hərbi polis nəzarətində saxlanılarkən özünü asıb, cəsədi Ermənistana verilib. Şikayətdə iddia edilir ki, erməni işgəncə ilə öldürülüb. Məhkəmədən Konvensiyanın 2-ci, 3-cü, 13-cü və 14-cü maddələrinin pozuntusunun tanınması istənilib.

Ana səhifəSiyasətAzərbaycan 122 min avroya yaxın cərimə ödəyəcək