“Uçuşlar artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir”, – aviaşirkətin məlumatda deyilir
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Moskva reysi üzrə uçuşları bərpa edib.
Bu haqda APA İnformasiya Agentliyi AZAL-ın mətbuat xidmətinə istinadən məlumat verir.
“Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir”, – məlumatda deyilir.
Rusiyanın hava məkanında məhdudiyyətlər Ukrayna PUA-larının hücumu nəticəsində qoyulub.
Mayın 7-də Ukrayna sutka ərzində Rusiyaya ən irimiqyaslı dron hücumunu həyata keçirdi.
Elə həmin gün səhər saatlarından Rusiyanın bir sıra hava limanları fəaliyyətini dayandırdı.
Bundan əlavə, BBC-nin Rus Xidməti xəbər verir ki, mayın 9-u ərəfəsində Moskvada mobil rabitə və hava nəqliyyatında problemlər davam edir.
Mayın 8-nə keçən gecə Ukrayna pilotsuz təyyarələrinin Rusiya paytaxtına hücumu demək olar ki, dayandırılsa da, 100-dən çox reys təxirə salınıb və ya gecikib, bəzi sərnişinlər isə ikinci gündür ki, paytaxt aeroportlarında qalmalı olublar.
Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun məlumatına görə, mayın 8-də səhər saat 9-a kimi şəhərin hava limanlarında yüzdən çox reys təxirə salınıb.