AZAL 1.9 milyard dollara təyyarə alır

Natiq Cəfərli: “AZAL kimi pis idarəçiliyi olan şirkətə bu qədər xərc qoymağın anlamı yoxdur”

Source:


Natiq Cəfərli: “AZAL kimi pis idarəçiliyi olan şirkətə bu qədər xərc qoymağın anlamı yoxdur”

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin “Boeing” Korporasiyasından 7 yeni təyyarə alması xəbəri gözlənilən idi. Çünki AZAL-ın sərnişin sayının artması ilə bağlı təyyarə parkını genişləndirməyə ehtiyacı var”. AZAL-ın mətbuat xidmətinin verdiyi açıqlamada belə deyilir.

Şirkət beş “B787-8 Dreamliner” və iki “B747-8F” (və ya B777F) təyyarəsinə görə 1.9 mlrd dollar ödəməlidir. AZAL-ın mətbuat xidməti yeni təyyarələrin Azərbaycana 2019-2020-ci illərdə çatdırılacağını bildirir.

AZAL təyyarələri almaq üçün xərcləyəcəyi maliyyənin mənbəyi haqda “Turan” İnformasiya Agentliyinin sorğusuna cavab

verməyib.

“Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Dubaydadır, onun müavini ilə “əlaqə yaratmaq olmur”. Şirkətdə jurnalistlərə başqa heç kəs cavab verə bilməz”, – deyə bildirilib.

AZAL-ın xərclərinin dövlət tərəfindən ödənildiyini prezident İlham Əliyev deyib. O, 2015-ci il iyulun 13-də keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda şirkətdən biletləri ucuzlaşdırmasını və rentabelliliyi artırmasını tələb

edib

:

“Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da, bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?”

Prezident AZAL-ın dövlətdən böyük subsidiyalar aldığını da söyləmişdi:

“Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.

Prezident qısa olaraq AZAL-ın Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında dayanmağa və xidmətə görə haqq ödəmədiyini, xaricdə aviasiya yanacağı almadığını, təyyarələrini dövlət aldığını söyləmişdi. Bütün bunlara baxmayaraq, AZAL-ın zərərlə işləməsinin səbəbini anlamadığını demişdi.

İqtisadçı, ReAL Hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli deyir ki, AZAL dünyada ən zay idarəçiliyə malik aviaşirkətlərdən biridir. Üstəlik, 1,9 mlrd. dollara 7 ədəd “Boeing” uçağı alır:

“Bir təyyarənin ortalama qiyməti 272 mln. dollardır. Müqavilənin Qərbə növbəti “mədəni rüşvət” olduğunu bir kənara qoysaq, AZAL kimi pis idarəçiliyi olan şirkətə bu qədər xərc qoymağın anlamı yoxdur. Dövlət şirkətə təyyarə alır, kredit verir, vergini borcunu silir, şirkəti bazarda inhisarçı edib – amma şirkət yenə ziyanla işləyir, nə vətəndaşa, nə dövlətə xeyir verir”.

“Turan” yazır ki, 2017-ci ilin on ayında Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında sərnişin axını ötən ilin müvafiq dövrünə nisbətən 20 faiz artıb. Hava Limanı 3 mln 460 min sərnişinə xidmət edib:

“Onların çoxu AZAL-ın təyyarələri ilə uçub. Yerli aviadaşımaların isə hamısı AZAL-la həyata keçirilir. Şirkətin sərnişin daşımalarının 15 faizi onların payına düşür. Beynəlxalq daşımalarda AZAL-ın payı 48,3 faizdir. Qalan daşımaları xarici şirkətlər həyata keçirir. 26 oktyabr 2017-ci il üçün AZAL-ın təyyarə parkında 27 layner olub”.

AZAL aviaşirkətinin maliyyə hesabatları Azərbaycanda açıqlanmır.

Azadlıq Radiosunun bu barədəki

araşdırmasında

deyilir ki, AZAL-ın Böyük Britaniyada nümayəndəliyi olan şirkət bunu həmin ölkədə etməyə məcburdur. Britaniyanın şirkətlər reyestrində açıqlanmış son maliyyə hesabatına görə, dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aktivləri 2015-ci il ərzində 2 milyard dollar “əriyib” və 1,5 milyard dollara düşüb.

Müstəqil auditorun müsbət rəy verdiyi maliyyə hesabatında suallar doğuran təkcə bu məqam deyil.

AZAL-ın 2009-cu ildə Britaniyada açılan nümayəndəliyinin ortaya qoyduğu

hesabatdan

 görünür ki, 2015-ci ildə aviaşirkətin əsas vəsaitləri 2 milyard 328,7 milyon dollardan 1 milyard 191,9 milyon dollara düşüb. 2009-2014-cü illərdə şirkət maliyyə hesabatını Azərbaycan manatı ilə tərtib etdiyi halda, 2015-ci ilin hesabatındakı göstəricilər ABŞ dolları ilə ifadə olunur. Bir çox ekspert hesab edir ki, əsas vəsaitlərin dəyərindəki titrəyiş heç də maliyyə göstəricilərinin valyutasının dəyişməsi ilə bağlı deyil.

Öncəki maliyyə hesabatında 2014-cü ilin sonuna AZAL-ın əsas vəsaitlərinin dəyərinin 41 faiz artaraq, 1 milyard 826,6 milyon manata çatdığı göstərilirdi. Pul vəsaitlərinin hərəkəti hesabatında həmin il sərmayə qoyuluşunun 569 milyon manat olduğu bildirilirdi. Dörd səhifəlik hesabatda yazılmasa da, söhbət çox güman ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin istifadəyə verilməsindən, “Boeing 787”, “Dreamliner”, “Embraer-190” və “Embraer-170” təyyarələrinin alınmasından gedir.

Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, AZAL-a böyük yatırımlar qoymadan öncə mütləq şirkətin idarəçilik fəlsəfəsi və yanaşması dəyişməlidir:

“Yoxsa bu şirkət yenə yatırımları zay edəcək, ölkənin imicini, cəlbediciliyini, “Boeingini” yerə soxmağa davam edəcək”.

Gələcək illərdə mülki aviasiyanın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçiriləcək.

Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini

tapıb

.

Sənəddə “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətinin və gəlirliliyinin artımı üçün yaradılmış “Buta Airways”-in MDB ölkələrinə, Türkiyə və İrana reyslərinin açılmasının nəzərdə tutulduğu deyilir.

“Bunun üçün “Embraer” təyyarələri alınacaq. Mövcud hava gəmiləri təmir ediləcək”.

Sənəddə o da bildirilir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində hava məkanından səmərəli istifadə, strategiya və inkişaf üzrə yeni aeronaviqasiya mərkəzinin tikintisi, Yevlax Hava Limanında radar sisteminin inşası, Zaqatala Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının uzadılması, perronun yenidən qurulması və Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının genişləndirilməsi layihələri həyata keçiriləcək.

Ana səhifəXəbərlərAZAL 1.9 milyard dollara təyyarə alır