Mənbə: https://www.svaboda.org/

Azadlıq Radiosunun Minsk ofisində reydlər; saxlanılanlar var

Məqalə yeniləndi:  16 İyul 2021

Ölkəboyu bir neçə jurnalistin evində axtarış aparılıb

Belarus təhlükəsizlik xidməti əməkdaşları iyulun 16-da Azadlıq Radiosunun Minsk ofisində reyd keçirib.

Azadlıq Radiosunun Belarus bölümü yazır ki, həmçinin, radionun müxbiri Aleh Hruzdzilovich və ötən ilin oktyabrında akkreditasiyası ləğv edilən radionun keçmiş əməkdaşı İna Studzinskaya saxlanılıb.

Eyni zamanda, Aleh Hruzdzilovich və radionun digər müxbiri Valyantsin Zhdankonun evində axtarış da aparılıb.

Aleh Hruzdzilovichin həyat yoldaşı ərinin əlləri qandallanmış formada aparıldığını söyləyib:

“Mənim və həyat yoldaşımın telefonlarımızı, kompüterlərimizi apardılar. Hətta cibimdəki sonuncu 300 dollarımı və belarus rubllarını da götürdülər”.

Məlumatda bildirilir ki, təhlükəsizlik xidməti əməkdaşları ölkəboyu daha bir neçə müstəqil jurnalistin evində və ofisində axtarış aparıblar.

Azadlıq Radiosunun rəhbəri Jamie Fly Minsk ofisində keçirilən reyd və əməkdaşların saxlanması barədə açıqlama verib. Bildirib ki, bu axtarışlar və həbslər Lukaşenko rejiminin nəyin bahasına olursa olsun hakimiyyətdə qalmaq istəyinin nəticəsidir:

“Onilliklər boyu Azadlıq Radiosu Belarus xalqı üçün xəbər və ilham mənbəyi olub. Lukaşenkonın müstəqil jurnalistikanı cinayət məsuliyyətinə cəlb etməsi, Belarus xalqının gördükləri və eşitdikləri üzərində mütləq nəzarəti həyata keçirmək cəhdidir”.

Jemie Fly Belarus hakimiyyətini jurnalistləri dərhal səbəst buraxmağa çağırıb:

“Qorxutma taktikası jurnalistikanı boğa bilməyəcək”, – deyə Jemie Fly bildirib.

Belarus hakimiyyəti bundan əvvəl, iyulun 14-də isə ölkədəki onlarla hüquq-müdafiə təşkilatının ofisində reydlər keçirib.

Eyni zamanda, həftənin əvvəlində Belarus polisi “Vesna” hüquq-müdafiə təşkilatı və Belarus Helsinki Komitəsi də daxil olmaqla insan haqları qrupları və kütləvi informasiya vasitələrinə qarşı (KİV) genişmiqyaslı əməliyyat keçirib.

Həftə ərzində Minsk və ölkənin digər şəhərlərində azı 19 Qeyri Hökumət Təşkilatına qarşı əməliyyatlar olub və azı 10-dək adam saxlanıb.

BMT-nin insan haqları məsələləri üzrə idarəsi Belarus hakimiyyətinin bu addımını “qəbuledilməz” sayıb.

Ötən ilin avqustunda Belarusda Prezident seçkiləri keçirilib. Belarus müxalifəti seçkilərin saxtalaşdırıldığını hesab edib. Seçkidən sonra Minskdə kütləvi etirazlar olub və bu aksiyalar qısa zamanda ölkənin digər şəhərlərinə də yayılıb.

Həmin vaxtdan bəri Belarus hakimiyyəti müxalif, müstəqil və beynəlxalq medianı, habelə hüquq-müdafiə təşkilatlarını qapatmağa başlayıb.

Müxalifət lideri və həmin vaxt Prezidentliyə namizədliyini vermiş Svetlana Tixanovskaya da hakimiyyətin təqiblərinə məruz qalıb. O, ölkədən getməli olub.

Müxalifət seçkidə indiki Prezident Aleksandr Lukaşenkonun yox, onların namizədi Tixanovskayanın qalib gəldiyini deyərək nəticələri tanımayıb.

Bundan sonra Avropa Birliyi və bir sıra qərb ölkələri də Belarusda keçirilən son prezident seçkisinin nəticələrini tanımadıqlarını bəyan edib.

Uzun etirazlar və kütləvi həbslərdən sonra Lukaşenko qəfil andicmə mərasimi keçirib və 6-cı dəfə yenidən hakimiyyətdə qalıb.

Ötən ilin avqustundan bu yana Belarusda kütləvi həbslər başlayıb. Həbs olunmayan müxalifət liderlərinin əksəriyyəti isə ölkədən qaçmağa məcbur edilib.

Avropa Birliyi, ABŞ Lukaşenkonun seçki nəticələrini qanuni hesab etmir və Belarus rejiminə qarşı sanksiyalar tətbiq edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  16 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3y9x7u

Ən çox baxılan