“Azadlıq” qəzetinin əməkdaşına qarşı cinayət işi açılıb

Ata Abdullayev jurnalistdən şikayət verib

Source: Meydan TV

“Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli haqqında cinayət işi başlanıb. Səbəb isə sosial şəbəkələrdə hökuməti müdafiə edən paylaşımlar, aksiyalarda çıxışlar edən Ata Abdullayevin ondan şikayətçi olmasıdır. A.Abdullayev iddia edib ki, jurnalist fevralın 26-da Xocalı faciəsinin ildönümündə Milli Şuranın ziyarəti zamanı onu vurub.

A.Abdullayev “Facebook” səhifəsində cinayət işinin başlanması barədə qərarı paylaşıb. Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Samir Ağayevin imzaladığı qərardan Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlandığı görünsə də, kimdən söhbət getdiyi görünmür. Çünki sənədi paylaşan A.Abdullayev ad-soyad olan hissəni qapadıb. Qərarın mətnində yazılıb ki, barəsində cinayət işi başlanan şəxs fevralın 26-da Xocalı prospektində “Ana harayı” abidəsinin qarşısında Ata Abdullayevin sifətinə vurub, onun çənəsi sıyrılıb, qançır olub. Ata Abdullayevə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə, xuliqanlıq edildiyi iddia olunur.


Qərar martın 11-də çıxarılıb.

Təzəxan Mirələmli Meydan TV-yə bildirib ki, ona barəsində cinayət işi başlanması haqda heç bir məlumat verilməyib: “Ata Abdullayevin paylaşımı haqda mənə xəbər veriləndən sonra Xətai rayonu, 37-ci polis bölməsinin təhqiqatçısı ilə əlaqə saxladım. Bir dəfə orada həmin təhqiqatçıya izahat vermişdim. Təhqiqatçı bildirdi ki, sənədlər aidiyyəti üzrə istintaqa göndərilib. Soruşdum ki, bəs niyə mənə bu barədə heç bir məlumat verilməyib? Dedi ki, özü məzuniyyətdədir, başqa təhqiqatçı göndərib. Amma mənim özümə bu haqda nə məlumat verilib, nə də qərar çatdırılıb”.

T.Mirələmli özünü təqsirli bilmir: “Ata Abdullayev həmişəki kimi, ora da təxribat məqsədilə gəlmişdi…”

Xətai Rayon Polis İdarəsindəki mənbə də T.Mirələmli barəsində cinayət işi başlandığını Meydan TV-yə təsdiqləyib: “Cinayət Məcəlləsinin 221.1 maddəsilə cinayət işi başlanıb”.

Bu maddədə 1000 manatdan 3000 manata qədər cərimə, 1 ilə qədər islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasət“Azadlıq” qəzetinin əməkdaşına qarşı cinayət işi açılıb