Azad Rəhimov: İslam oyunlarının keçirilməsi üçün 100 milyon dollar nəzərdə tutulub

“Azər Əliyevin federasiyaya rəhbər təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”

Source:
Azad Rəhimov, İslam oyunları haqqında danışır
Azad Rəhimov, İslam oyunları haqqında danışır


“Azər Əliyevin federasiyaya rəhbər təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”

İslam oyunlarının keçirilməsi üçün təxminən 100 milyon dollar nəzərdə tutulub.

Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dekabrın 27-də keçirdiyi mətbuat konfransında deyib.

“Komanda.az”-ın məlumatına görə, 2017-ci ildə təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimindən danışan nazir deyib ki, heç bir sahədə gecikmə yoxdu:

“Oyunlarda 4 000-ə qədər idmançı, 2 000 nəfər isə texniki şəxs, nümayəndə heyəti olacaq. Ümumilikdə Atletlər Kəndində 6 000-ə yaxın adam olacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təxminən 100 milyon dollar nəzərdə tutulub. Bunun 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Vəsaitin böyük hissəsi əsasən açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub”.

Azad Rəhimov Azərbaycanda yaradılacaq Milli Antidopinq Agentliyi haqda da danışıb:

“Müxtəlif ölkələr bu cür yanaşmaların əleyhinədi. Çünki elm daim inkişafdadı. 10 ildən sonra dopinqlə mübarizəyə hansı cihazlar yaradılacaq, bu, məlum deyil. Bu gün dərman qəbul edib, 10 ildən sonra tapılsa, həmin idmançı öz medalını itirir. Dünya Antidopinq Agentliyinin öz xətti var. Biz də hazır olmalıyıq. Qanun qəbul olundu, Milli Antidopinq Agentliyi qeydiyyatdan keçirildi və yanvarın ilk günlərindən fəaliyyətə başlayacaq”.

“Apasport.az” saytı xəbər verir ki, nazir Azərbaycan Ağırlıqqaldırma Federasiyasında hansısa dəyişikliyin olmayacağını deyib. Onun sözlərinə görə, Azər Əliyevin federasiyaya rəhbər təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“O, orda vitse-prezidentdi. Həmçinin, Ağırlıqqaldırma Federasiyasında məşqlər edir. Bir qədər öncə isə Milli Olimpiya Komitəsində baş katibin müavini təyin edilib”.

Konfransda idmançıların arxada qalan 12 ay ərzində çıxışı da müzakirə olunub.

Bildirilib ki, bu il Azərbaycan idmançıları ümumilikdə 837 medal qazanıb. Bunlardan 297-si qızıl, 250-si gümüş və 290-ı bürünc mükafat olub. İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak edib. Həmçinin ölkədə 203 respublika yarışları keçirilib ki, onlardan 52-si beynəlxalq xarakterli olub. Ümumilikdə 198 beynəlxalq yarışda isə atletlər çıxışı təmin edilib.

Arxada qalan ili dəyərləndirən Azad Rəhimov 2017-ci ildə də ölkəni bir sıra yarışların gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları, “Formula-1” üzrə Qran-pri turniri və qadın voleybolçular arasında Avropa çempionatı yüksək səviyyədə təşkil olunacaq.

Ana səhifəXəbərlərAzad Rəhimov: İslam oyunlarının keçirilməsi üçün 100 milyon dollar nəzərdə tutulub